BolgeXeber.Com » Bölgə » Xaçmazlı sahibkarın həyatı təhlükədədir.

Xaçmazlı sahibkarın həyatı təhlükədədir.

2-05-2011, 16:05
Oxunub: 5 788
Əhəd Abbasov ona və mülkiyyətinə olacaq qəsdlərdən dövlətə sığındı.

Ötən yazılarımızda qeyd etmişdik ki, Xaçmaz rayonu, Qaraçı kənd sakini Abbasov Əhəd Abbasəli oğlu rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevə qarşı qeyri-qanuni sərəncam səbəbindən özünə vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı iddia ilə məhkəməyə müraciət edib. Məlumat üçün deyək ki, Əhəd Abbasov icra başçısı Şəmsəddin Xanbabayevin qanunsuz sərəncamına görə, 1 milyon manat pul itirib.Sahibkar Xaçmaz Rayon İcra Hakimiyyətini məhkəməyə verərək, onların verdikləri qeyri-qanuni sərəncam ucbatından özünə dəyən maddi zərərin tam olaraq ödənilməsini tələb edir.

Aldığımız məlumata görə, bu iddianın qaldırılması səbəbindən müxtəlif psixoloji təzyiqlərə məruz qaldığını görən Əhəd Abbasov çarəsiz qalaraq Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova, Daxili İşlər naziri cənab Ramil Usubova, Ədliyyə naziri cənab Fikrət Məmmədova, Milli Təhlükəsizlik naziri cənab Eldar Mahmudova müraciət etmişdir.

Müraciətdə deyilir: “Sizə müraciət edərək bildirmək istəyirəm ki,mən uzun illərdir sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 19 ünvanında qanuni sənədlər əsasında tikdirdiyim Ticarət Mərkəzi haqsızlıqla əlimdən alınmaqdadır. Beləki, Xaçmaz şəhər sakinləri Əhmədova Gülnarə və atası Paşayev Aslan rüşvət və saxta sənədlər əsasında obyektin guya onların torpaq sahəsində tikildiyi, buna görə də sökülməli olduğu haqqında məhkəmə qətnaməsi əldə etməyə nail olmuşlar. Məsələ burasındadır ki, məhkəmə qətnaməsində göstərilir ki, adıçəkilən ticarət mərkəzi şəxsən mənim tərəfimdən sökülməlidir. Buna baxmayaraq Paşayev Aslan və oğlu Zaur həmin obyekti qeyri-qanuni olaraq müxtəlif şəxslərə icarəyə verdikləri, həmçinin obyektlə bağlı məhkəmə prosesləri hələ də tam qurtarmadığı üçün mən məhkəmənin qətnaməsini yerinə yetirə bilmirəm.
Paşayev Aslan və oğlu Zaur mənə hədə-qorxu gəlir və qeyri-qanuni olaraq obyektin arxa hissəsini sökürlər. Onların bu əməli qanunsuz olsada və mən bu barədə dəfələrlə aidiyatı orqanlara müraciət etsəm də, şikayətlərim nəticəsiz qalmışdır.

Adını çəkdiyim şəxslərin tüfeyli həyat tərzi keçirdiklərini, Paşayev Zaurun dəfələrlə məhkum olunduğunu nəzərə alaraq sizə mənin və ailəmin həyatının təhlükədə olduğunu bildirirəm. Xahiş edirəm, mənim, ailəmin və mülkiyyətimin həyati təhlükəsini nəzərə alaraq şəxsən sizin nəzarətiniz altında lazımi tədbirlərin görülməsinə sərəncam verəsiniz”

Qeyd edək ki, Əhəd Abbasovun İcra hakimiyyətinə qarşı Xaçmaz rayon məhkəməsində iddia qaldırmasından sonra, sahibkarın tikdirdiyi “Alim” ticarət mərkəzi adıçəkilən şəxslər tərəfindən sökülməkdədir. Bu barədə dəfələrlə müvafiq orqanlara müraciətlər edən sahibkara isə məhəl qoyan yoxdur.