BolgeXeber.Com » Bölgə » Elmar Vəliyevin abadlıq işlərinin zibili yavaş-yavaş üzə çıxır

Elmar Vəliyevin abadlıq işlərinin zibili yavaş-yavaş üzə çıxır

8-06-2013, 09:20
Oxunub: 5 764 Ölkənin ikinci ən böyük şəhəri, ikinci paytaxt satutusu almış Gəncənin durumu ağırdır. Bir tərəfdən əhalinin maddi güzaranının bərbad vəziyyətdə olması, digər tərəfdən isə mövcud şəraitdən narazılığın daha da artması şəhər əhalisinin səbr kasasını daşırmağa başlayıb. , insanların qəzəblənməsi və narazı düşməsinin bir başqa səbəbi də icra başçısı Elmar Vəliyevin şəhərdə apardığı abadlıq və yenidənqurma işləridir. Elə camaat özü də deyir ki, bu işlər «üstü bəzək, altı təzək»dir. Yəni, görüntüdə hər şey əla olsa da, bu görüntünün arxasındakı mənzərə bərbaddan da bərbaddır.
Qeyd edək ki, Gəncənin ən məşhur və tanınmış yerlərindən biri İmamzadədir. Hələ 2010-cu ildə bu ziyarətgahın təmiri, bərpası və ora uzanan yolun çəkilməsi üçün 9 milyon manat pul ayrılmışdı. Lakin həmin vaxtdan 3 il keçməsinə baxmayaraq, görülən işlərin «təsir»ləri üzə çıxmağa başlayıb. İlk olaraq İmamzadəyə gedən yolun hansı vəziyyətdə olması təsdiq edir ki, bura heç də deyilən məbləğlərdə pullar xərclənməyib. Elə İmamzadənin təmirinin də hansı səviyyədə həyata keçirildiyi görünüşündən məlum olur ki, bu da 9 milyon manatın başına daş salınmasından xəbər verir.
Jam.az-a verilən məlumatlarda qeyd olunur ki, icra başçısı Elmar Vəliyevin həyata keçirdiyi bu tip «turp əkib, soğan biçmə» əməliyyatlarının sayı həddindən artıq çoxdur. Onlardan biri də şəhərdaxili yolların düzəldilməsi ilə bağlıdır. Məsələn, Vəliyevin göstərişinə əsasən Gəncədəki daxili yolların əksəriyyəti sökülərək, qıraqlarına beton plitələr qoyuldu. Ardından isə bu yollara asfalt döşənəcəyi bildirilmişdi. Lakin artıq 2 ilə yaxındır ki, daxili yolların böyük bir qismi hələ də asfaltlaşdırılmayıb. Üstəlik, asfalt vurulan yolları da o qədər keyfiyyətsiz hazırlayıblar ki, qısa müddətdən sıradan çıxmağa başlayıb.
Gəncənin baş bəlası isə Univermaq deyilən yerdir. Uzun illərdir ticarət mərkəzi kimi fəaliyyət göstərən həmin univermaq şəhərin mərkəzi sayılır. Gələn icra başçılarının da gözü elə ancaq bu obyekti görür. Elə bu səbəbdəndir ki, Elmar Vəliyev də icra başçısı təyin olunan kimi, il kişi həmin univermağı «bəzəmək» oldu. Bunun üçün xeyli miqdarda pul «xərcləyən» Vəliyev, camaatın könlü qalmasın deyə şəhərin mərkəzindəki bəzi yerləri də abadlaşdırdı. Amma bu abadlaşdırma o qədər gülməli vəziyyətdə həyata keçirilib ki, üzləri bəzədilmiş binaların arxasına keçməklə bunu açıq şəkildə görmək olar. Belə ki, yol kənarı binaların hamısının üzləri yenilənsə də, onların arxa tərəfindəki durum dəhşətlidir və elə ilk gündən necə olubsa, elə də saxlanılıb.
Təbii ki, belə hallar ölkənin hər yerində yaşanır. Və səbəbi də daha çox pul qazanmaq həvəsi və koruppsiya əlamətləridir. Elmar Vəliyev də digərləri kimi hərəkət edərək, büdcədən ayrılmış vəsaitləri bu şəkildə «sünnət» edir ki, qazanc əldə edə bilsin. Daha ona nə Gəncə, nə də gəncəlilər lazımdır.