BolgeXeber.Com » Bölgə » Şamaxıda insanları şoka salan ayı hansı nazirin restoranından qaçıb?- SENSASİON İDDİA

Şamaxıda insanları şoka salan ayı hansı nazirin restoranından qaçıb?- SENSASİON İDDİA

26-06-2013, 09:55
Oxunub: 6 244 İyunun 23-də Şamaxıda baş verən dəhşətli olayı indi təkcə rayon camaatı deyil, bütün Azərbaycan danışır. Rayonun Qala Dərəsi və Keçmədin kəndlərinə qəfil hücum çəkən ayı əvvəlcə toy mağarına girərək 18 yaşlı Fəridə Nuriyevanı ölümcül yaralayıb. Daha sonra ayı yaxınlıqdakı Keçmədin kəndində heyvan otaran Sahib Allahverdiyevə hücum çəkib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən hər iki rayon sakini daha sonra Bakıya gətirilməli olublar.
Hadisədən üç gün keçməsinə baxmayaraq, Şamaxıda vəziyyət gərgin olaraq qalır. Çünki olaya səbəb olan ayının hələ də tutulmaması, yaxud da güllələnməməsi xüsusilə, meşələrlə əhatəli kəndlərdə yaşayan sakinləri səksəkədə saxlayıb. İnsanlar mal-qaralarını tövlədən bayıra çıxarmır, ehtiyac olmayınca evlərini tərk etmirlər.
İyunun 25-i Şamaxının hər iki kəndində olub, hadisənin təfərrüatları ilə bağlı məlumat toplamağa çalışdıq. Qala Dərəsi və Keçmədin kəndləri rayon mərkəzindən 15 kilometr uzaqlıqda olsa da, kənd yolunun həddindən artıq bərbad olması bizi bir saata yaxın yubadır. Kəndin girişində qarşılaşdığımız Qalaybuğurd kənd sakini Mərdan Hacıyev deyir ki, Qala Dərəsi kəndində ayı toya hücum çəkən zaman o da həmin toyda olub: “ İnsanlara hücum edən ayı restoranlarda saxlanılan ayılardan olub. Çünki o toyda bişən kababın iyinə gəlmişdi. Şamaxıda istirahət mərkəzləri çoxdur. Həmin restoranların əksəriyyətində də ayı kimi vəhşi heyvanlar saxlanılır. Yəqin ki, restoran sahibinin böyüyən ayıya baxmağa imkanı olmayıb, onu təbiətə buraxıb. Ələ, xüsusi qulluğa öyrəşdirilən heyvan necə olur olsun insanların yaşadığı ərazilərə baş çəkir. Bu ayı da o tiplərdən olub. İki nəfərə hücum edən ayı ac olub və onun toya hücum çəkməsinə səbəb toyda bişirilən kabab kimi yeməklərin qoxusu olub”. Mərdan Hacıyev konkret bir nazirin adını çəkir, iddia edir ki, ayı onun restoranından qaçıb...
“Bizə dedilər ayı Sahibi yeyib”
Keçmədində hər kəs bu olaydan danışır. Sahib Allahverdiyevin ayının hücumuna məruz qalması Keçmədin sakinlərini bir qədər qorxudub. Bir neçə gündür ki, kənd camaatı ayının qorxusu ilə mal-qaralarını otlaqlara buraxa bilmir. Hazırda Bakıdakı xəstəxanaların birində ağır vəziyyətdə olan Sahib Allahverdiyevin evini çətinliklə də olsa tapdıq. Qapıda bizi zərərçəkənin yoldaşı Gülər Allahverdiyeva qarşıladı. Qanlı olay barədə məlumat verən zərərçəkənin həyat yoldaşı aidiyyəti qurumlardan onlara heç bir yardım edilmədiyindən şikayətləndi: “Bütün qohumlarım yoldaşım Sahibin yanındadır. Uşaqlarımla təkcə mən qalmışam kənddə. Ayı bir dəfə hücum edibsə bu davamlı olacaq. Bundan əvvəl belə bir hadisə ilə rastlaşmamışdıq. Sahib səhər saatlarında heyvanları qabağına qataraq evdən çıxdı. Çayın yuxarısındakı təpəyə çatıb, dincini almaq istəyib. Birdən görüb ki, ayı qoyuna hücum edir. Tez yaxınlıqdakı ağac qırıntısını götürərək ayıya mane olmağa çalışıb. Elə bütün olanlar da bundan sonra baş verib. Ayı qəfil Sahibin üstünə hücum çəkib, onu kolun içinə sıxışdırıb. Çarəsiz Sahib bilməyib nə etsin. Ayı böyük pəncəsi ilə Sahibin üz-gözünü tanınmaz hala salıb. Bizə xəbəri verənlər dedilər ki, ayı Sahibi diri-diri yeyib”.
G. Allahverdiyeva deyir ki, ölümcül yaralanan yoldaşı 5 kilometrlik yolu piyada, qan içində gəlməli olub: “Evə çatanda halı yox idi. Tez təcili yardıma zəng vurduq. Dedilər gələcəyik. Bir saat keçdi gələn olmadı. Gördüm Sahibi qan yuyub aparır. Qonşular kömək edərək qucaqlarında onu kəndin başına kimi apardılar. Sonra maşına qoyub Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırdılar. İlkin yardım ediləndən sonra da yoldaşımı Bakıya apardılar”.
Gülər Allahverdiyevanın sözlərinə görə, yoldaşı Sahib Allahverdiyev ikinci qrup əlildir: “Bir-iki mal-qara saxlamaqla dolanırıq. Kəndin bütün ərazisini qoruq ediblər. Əkin sahələrimiz zəbt olunub. Dolana bilmirik. Yoldaşımın qanlı pencəyi və cırıq papağı evdədir. Qalmışıq yiyəsiz. İndi qorxumuzdan bayıra çıxa bilmirik. Rayon icra hakimiyyətindən, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bir nəfər də olsun gəlib bizlə maraqlanmayıb”.
Kənd sakinləri bizi hadisənin baş verdiyi yerə apardılar. Kənd mərkəzindən 5 kilometr uzaqda yerləşən əraziyə piyada getməli olduq. Ayının hücum etdiyi qoyunun cəsədi ilə rastlaşdıq. Hadisə barədə bizə məlumat verən kənd sakinləri dedilər ki, Sahib Allahverdiyev qoyuna hücum edən ayıya müdaxilə edərkən vəhşi heyvanın hücumuna məruz qalıb. Kənd sakinlərinin sözlərinə görə, Sahibi əlindəki ağac xilas edib, yoxsa ayı onu parçalayacaqmış. Vəziyyətlərinin həddindən çox pis olduğunu deyən sakinlər bildirdilər ki, son aylar kəndə vəhşi heyvanların hücumu artıb: “Ayı, çaqqal, canavar kimi vəhşi heyvanlar kənddəki evlərə asanca soxulur. Onları vura bilmirik. Səbəb isə kənd ərazisinin qoruq elan olunmasıdır. Canavar və yaxud ayı bizə hücum etsə, çarəsiz ölümümüzü gözləyəcəyik. Bu nə vaxta qədər davam edəcək?”.
Kənd sakinləri deyirlər ki, Pirqulu istirahət zonası onların kəndlərinin yaxınlığında yerləşir. Onlar israr edirlər ki, ayı Pirquludakı restoranların birindən qaçıb: “Oradakı restoranlar da nazirlərin və yüksək vəzifəlilərindir. Yerli camaat orada ancaq ofisiantlıq edə bilər”.
Sakinlər nazir konkret nazir adı çəksə də dəqiqləşdirmə apara bilmədiyimizə görə, həmin məmurun adını yazmırıq.
Toyun çağırılmamış qonağı...
Növbəti baş çəkdiyimiz kənd Qala Dərəsi kəndi olur. Toy olan evi tapıb hadisənin təfərrüatlarını öyrənirik. Heybət Məmmədov adlı kənd sakini deyir ki, qardaşının toyunda ayı qəfildən mağara hücum çəkib: “İyunun 23-ü qardaşımın toyu idi. Qonaqlar toy mağarında əyləşmişdilər. Birdən hay-küy qopdu. Hamı həyət qapısının qarşısına toplaşdı. Toyumuzun çağırılmamış qonağı olduqca yırtıcı görünən bir qonur ayı idi. O inəyin üstündə gəlmişdi. Böyük pəncəsi ilə inəyi öldürmək istəyirdi. Kənd camaatı onu daşa basaraq uzaqlaşdırmağa çalışırdı. Ayı qəfil qonşuluqda yaşayan Fəridə Nuriyevaya hücum etdi. Gənc qızın döş qəfəsini parçaladı. Daha sonra yolun kənarında dayanan bir maşına hücum çəkərək onun güzgülərini qırdı.”
Heybət Məmmədov deyir ki, kəndə vəhşi heyvanların hücumu tez-tez olur: “Amma onlara qarşı heç nə edə bilmirik. 3-4 kəndin ərazisini birləşdirib qoruq ediblər. Biz yırtıcılardan necə müdafiə olunaq? Kəndin yolundan isə danışmağa dəyməz. Rayon mərkəzindən kəndə olan məsafə 15 kilometrdir. Lakin biz bu yolu azı 4 saata qət edirik. Allah eləməsin, kiməsə nəsə olsa onu xəstəxanaya çatdırmaq bizim ən azı bir günümüzü gedəcək.”
Kənddən ayrılarkən bizə bələdçilik edən şəxs xəbər saytlarında gəzən şayiələrə də aydınlıq gətirdi. Bələdçimiz dedi ki, xəbər saytları ayının balasının kənd sakinləri tərəfindən götürülməsi və buna görə də ayının kəndə hücum çəkdiyini yayıblar: “Yalan xəbərdir. Belə bir şey ola bilməz. Bu dəqiqə bizim üzərində durduğumu versiya həmin ayının yaxınlıqdakı restoranlardan birindən qaçaraq kəndə sığınmasıdır. İndi guya deyirlər həmin ayını Şamaxının mərkəzində görüblər. Amma, heç kimdə bunu sübut edəcək video və ya foto çəkiliş yoxdur. ”./müsavat.com/