BolgeXeber.Com » Bölgə » Hacıqabul səhiyyəsində bərbad vəziyyət hökm sürür

Hacıqabul səhiyyəsində bərbad vəziyyət hökm sürür

1-07-2013, 10:05
Oxunub: 8 447 Yaxud Mərkəzi Rayon xəstəxanasının baş həkimi Beydulla Qarayev nazirlikdə kimə arxayındır?
Nə üçün Səhiyyə Nazirliyi və digər rəsmi dairələr hələ də bununla maraqlanmır, heç bir zəruri tədbir görülmür?

Bu gün Beydulla Qarayev rəhbərlik etdiyi Hacıqabul Mərkəzi Rayon Xəstəxanasının saymaqla bitməyəcək qədər problemləri var. Ən qəribəsi də odur ki, hər ötən il problemlər azalmaq əvəzinə, əksinə birə beş artır və daha geniş miqyas alır. ki, bu da rayonun maddi cəhətdən sıxıntı içərisində yaşayan əhalisini ciddi şəkildə narahat edir. Məsələ ilə bağlı aparılmış araşdırmaların nəticəsi göstərir ki, hazırda Hacıqabul səhiyyəsinin iki əsas problemi var. Bunlar kəskin vəsait çatışmazlığı və maliyyələşdirmənin indiki sisteminin səmərəsiz olmasıdır. Həmçinin o məlum oldu ki, bu gün rayonda azyaşlılar, yeniyetmələr, gənclər və digər kateqoriyaya daxil olan insanlar arasında vərəm xəstəliyinin artması müşahidə olunur.
Xəzərİnfo-ya daxil olan məlumatlara görə, Hacıqabulda 2011-ci ildə ilkin aşkar edilən xəstələrin sayı 35, 2012-ci ildə 48, 2013-cü ilin birinci rübündə isə 59 nəfər olub. 2011-ci ildə 2 nəfər məktəbli uşaq bu xəstəliyə yoluxmuşdusa, 2012-ci ildə onların sayı 8 nəfərə çatmışdı. 2012-cu ildə "MANTU" sınaqlarının nəticəsində 90 vərəmə meyilli uşaq aşkar edilib ki, bunlardan 60 nəfəri azyaşlı, 30 nəfəri yeniyetmədir. Bütün bunları təkrar ictimaiyyətin nəzərinə çatdırmaqda məqsədimiz Hacıqabul rayonunda əhaliyə səhiyyə xidmətinin nə qədər aşağı səviyyədə olduğunu göstərməkdir. Əvvəllər rayon Səhiyyəsinin vəziyyəti demək olar ki , qənaətbəxş idi. Amma sonralar ged-gedə pisləşdiyinin şahidi olduq. Əsasən də Beydulla Qarayevin hər yerdə ağızdolusu haqqında danışdığı və arxalandığı, qohumu, Səhiyyə nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri Gülmirzə Poladovun vəzifəyə gəlməsindən sonra müşahidə edildi. Təcili Yardım avtomaşınlarının vəziyyəti bərbad gündədir, hətta onları saxlamağa avtoqarajları belə yoxdur.

Bu və səhiyyə sahəsində mövcud olan digər neqativ halları nəzərə alaraq, qəti şəkildə demək olar ki, bu gün Hacıqabul Mərkəzi Rayon Xəstəxanası problemlər məngənəsində boğulur. Elə buna görə də xəstəxananın tibb personalının böyük əksəriyyəti Beydulla Qarayevdən narazıdır. Lakin onlar obyektiv və subyektiv səbəblər üzündən haqq səslərini qaldıra bilmir, baş həkimin əməllərinə etiraz etməkdən çəkinir, bəlkə də qorxurlar.
Bu barədə Xəzərİnfo-a məlumat verən mənbənin sözlərinə görə, Hacıqabul Mərkəzi Rayon Xəstəxanasının doğum evi yoxdur, hamilə qadınlar üzərində cərrahi əmaliyyatlar qeyri-peşəkar qinekoloq-həkimlər tərəfindən aparılır.
Mənbənin sözlərinə görə, şöbədə dərmanları xəstələr özləri öz vəsaitləri hesabına əldə edirlər. Mərkəzi Rayon Xəstəxanasının stasionar şöbələrində də vəziyyət acınacaqlıdır. Belə ki, profilaktik-müalicə sisteminin keyfiyyəti sıfır dərəcəsində olmasa da, olduqca zəifdir. Rayonun kənd ambulator məntəqələrinə dərman və tibbi ləvazimatlar verilmir. Xəstəxananın baş həkimi Beydulla Qarayev isə bu kimi hallara biganə yanaşır.
Mənbə onu da qeyd etdi ki, Beydulla Qarayev Hacıqabul Mərkəzi Rayon Xəstəxanasına baş həkim təyin olunandan sonra xəstaxana estetik nöqteyi-nəzərdən yaxşılaşsa da, həkim və tibb bacılarının ümumiyyətlə, tibb personalının ümumi vəziyyəti çox aşağı səviyyədədir: "Hacıqabul səhiyyəsi məhz Beydulla Qarayevin fəaliyyəti nəticəsində bu gün tənəzzül dövrünü yaşayır. Mərkəzi Rayon Xəstəxanasında nəinki zəruri dərman preparatları, heç normal insani münasibət belə, yoxdur. Mətbuatda dəfələrlə Beydulla Qarayev və Hacıqabul Mərkəzi Rayon Xəstəxanası ilə bağlı rayon camaatının şikayətlərinə əsasən tənqidi yazılar getməsinə baxmayaraq, Səhiyyə Nazirliyi və digər rəsmi dairələr hələ də bununla maraqlanmır, heç bir zəruri tədbir görülmür. Maraqlıdır, görəsən niyə? Bu sual biz Hacıqabulluları çox düşündürür..."

Problemlə bağlı İnsan Haqları Müdafiə Təşkilatlarına monitorinqlərin aparılması üçün hərəkətə keçmələrini xahiş edirik.!

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Mövzunu diqqətdə saxlamağa çalışacağıq