BolgeXeber.Com » Bölgə » Sabirabadda icra başçısı ilə keçmiş şöbə müdiri dalaşıb

Sabirabadda icra başçısı ilə keçmiş şöbə müdiri dalaşıb

15-07-2013, 17:05
Oxunub: 5 224 Sabirabadda rayonun icra başçısı Nazim İsmayılovla icra hakimiyyətinin keçmiş şöbə müdiri İlham Əsgərov dalaşıb. Rayon icra hakimiyyətinədki mənbədən daxil olan məlumata görə, hadisə şəhərin mərkəzində, Heydər Əliyevin heykəlinin qarşısında baş verib.

Mənbənin dediyinə görə, hazırda icra hakimiyyətinin humanitar şöbəsində referent vəzifəsində çalışan İlham Əsgərov kəskin tənqidi qələmi ilə tanınır. Rayondakı məmurlar, həmçinin başçının özü də ondan çəkinir. Əsgərov hələ hərəkat dövründə Sabirabad AXC-nin orqanı olan “Demokrat” qəzetinin redaktoru da olub.

Mənbənin dediyinə görə, Əsgərov başçıdan onu humanitar şöbəyə rəhbər təyin etməsini istəyirmiş. Və başçı da bu vəzifəni ona vəd edibmiş. Əsgərov sonuncu dəfə başçıya bunu xatırladanda sərt cavab alıb. Başçı Əsgərova bildirib ki, həmin postu tutan Şahnaz Babayeva (əslində o, İlhamın qohumudur) yuxarılardan tapşırılıb və onu tərpədə bilməz. Bundan sonra İlham Əsgərov başçının üstünə qışqırıb. Ona bildirib ki, hər il rayona abadlıq işlərinə görə milyonlarla pul ayrılır.

“O, elə - beləcə də qışqırırdı ki, bəsdir idarə müdirlərini soydun, bu pullar rayona ayrılan pullar hara gedir? Hay-küydən təlaşa düşən başçı İlham Əsgərovu birtəhər sakitləşdirib. Və bir neçə gündən sonra daha məsul vəzifəyə - təşkilat şöbəsinə müdir təyin edib”.

Amma əvəzində başqa məqam ortaya çıxıb. Söhbət ondan gedir ki, artıq idarə müdirləri, büdcə təşkilatlarının rəhbərləri tikilməkdə olan Heydər Əliyev Mərkəzinə və Sabir adına 1 saylı məktəbin tikintisinə “yardımlarını” kəsiblər. Pullarını verə bilmədikləri üçün fəhlələr də dağılışıb gedirlər. Başqa rayonlardan gələn fəhlələr də əməkhaqlarını tələb edirlər.