Zərdabda icra başçısının dəhşətləri
20-07-2013, 09:55
Oxunub: 6 447
Nəqliyyat naziri Ziya Məmmədovun yaxın adamı, Zərdabın icra başçısı Lütfəli Babayev dövlət başçısı İlham Əliyevin qəzəbinə gəlib.
Bu barədə daxil olan məlumatlarda bildirilir ki, buna səbəb adıçəkilən icra başçısı barədə İlham Əliyevə saysız-hesabsız şikayətlərin üvanlanmasıdır. Ehtimal olunur ki, o, yaxın vaxtlarda tutduğu postdan uzaqlaşdırılacaq. Prezident Administrasiyasının dəhlizlərində düşünürlər ki, Lütfəli Babayev vəzifədə saxlanıldıqca və qanunsuz əməllərini davam etdirdikcə Zərdabda narazılıq artır və bu rayonda sosial partlayışla nəticələnə bilər. Bu baxımdan “yuxarılar”da icra başçısının işdən çıxarılması məsələsi ortaya atılıb.
Lütfəli Babayevin özbaşınalıqları və qanunsuz əməlləri
Məlumatlarda deyilir ki, dövlət başçısına ünvanlanan şikayətlərdə icra başçısının boru satmasından tutmuş, “hinduşka macərası”na qədər çoxsaylı faktlar yer alıb. Lakin şikayətlərin ardı-arası kəsilmir. Buna baxmayarq Lütfəli Babayev bu gün də bir sıra qanunsuz əməllərini davam etdirməkdədəir.
Zərdabdan 30gun.az-a daxil olan məlumatlara görə, icra başçısı rayonun su problemini şəxsi biznesinə çevirib. Söhbət ondan gedir ki, rayon mərkəzində su xətlərinin istismar müddəti başa çatıb və borular sıradan çıxıb. Nəticədə əhali içməli suya həsrət qalıb. İcra başçısı bundan istifadə edərək özü üçün biznes qurub. Zərdablılar bildirir ki, onlar Lütfəli Babayevə məxsus su maşınlarından içməli su almaq məcburiyyətində qalıblar.
Bundan başqa, Lütfəli Babayevin tapşırığı ilə rayonun abadlaşdırılması bəhanə edilərək büdcə təşkilatlarından, sahibkarlardan və sıravi vətəndaşlardan pul yığılır. Baxmayaraq ki, rayon mərkəzinin abadlaşdırılması ilə bağlı büdcədən Zərdabın icra nümayəndəliyinə 500 min manat vəsait ayrılmasına həmin vəsaitin xərclənməsi qaranlıq qalıb.
İcra başçısının ət biznesi
Maraqlı faktlardan biri isə icra başçısının Zərdabda ət biznesinə girişməsidir. Qeyd edək ki, ətin bahalaşması ilk dəfə Zərdabda müşahidə edilib. Bunun səbəbi rayonda ət satışının icra başçısının inhisarında olması ilə izah edilir. Lütfəli Babayevin Zərdabda 22 maldarlıq ferması var. Bir müddət əvvəl o, rayonda fəaliyyət göstərən ət dükanlarını yığışdırıb. Və özünə məxsus ət dükanlarını rayon ərazisinə ”səpələyib”. İndi Zərdabda yalnız icra başçısına məxsus ət dükanları fəaliyyət göstərir və onlar da ətə Lütfəli Babayevin istəyinə uyğun qiymətlər qoyurlar.
Lütfəli Babayev rayonda vəzifələri hərraca çıxarıb
Zərdab sakinləri deyirlər ki, rayonda ən böyük, ən yüksək vəzifədən tutmuş ən aşağı vəzifəyə, hətta xadiməliyə, qarovulçuluğa qədər hər şey icra başçısının nəzarəti altındadır: "Əgər son illərə kimi rayonda idarə müdirləri 5 min manatdan 15-20 min manata "təyinat" alırdılarsa, indi bu qiymət iki dəfə qaldırılıb".
Bundan başqa Zərdablılar İcra Hakimiyyətində şöbə müdirlərinin, onların müavinlərinin, adi təlimatçıların başlarına min bir oyun açıldığını deyirlər: “Bu adamlar, demək olar, son illər maaş nə olduğunu bilmirlər. Hər ay başçı müxtəlif bəhanələrlə və adlarla onların maaşlarını "könüllü" şəkildə əllərindən alır.
Bununla yanaşı, Zərdabdakı təhsil işçilərinin, müəllimlərin məzuniyyət pulları yarıbayarı alınır. 200-250 manat alanlardan 50-70, 100-200 manat alanlaran isə 30-50 manat pul tutulur.
Zərdab şəhərinin girəcəyində tikilən hasarlar yerli iş adamları, sahibkarlar üçün bir fəlakət “mənbəyi”dir. İcra başçısının özünün birbaşa nəzarəti ilə həyata keçirilən hasarlama və hasar uçurtma əməliyyatı sanki onların başında çatlayır. Haqq ödəyənlərin obyektinin qabağını kəsən hasar dərhal uçurulur, yox əgər, kimsə imkanı çatmır və ya “haqq” ödəməkdən imtina edir, onun obyektinin qabağı ən yaxısı halda hasarla bağlanır. Bəzən dükan buldozerin ağzına verilir.
Bu gün rayonda Zərdaba yatırım qoymaq istəyən yerli iş adamı yoxdur. İş adamları ya ətraf rayonlara və Bakıya, ya da Rusiyaya üz tutur. Məhz bu səbəbdəndir ki, rayonda bir dənə də olsun gözəgəlimli obyekt yoxdur.
Zərdab "xanı"nın iməclik zülmü
Tikinti-abadlıq adı altında, şənbə və bazar günü iməcliklərə bütün idarə və müəssisə işçiləri zorla çıxardılır. İsti yay günlərində, xüsusilə də günün ən qızmar çağlarında işə cəlb olunurlar: “İqlimcə isti rayon olmasına baxmayaraq, iki tərəfdən çayla - Kür və Qarasuçay çayları əhatə olunan Zərbad rayonu yaşıllıqlarla zəngin yerdir. Belə getsə, cəmi bir neçə aya rayonda bu yaşıllıqlardan əsər-əlamət qalmayacaq. Çünki buna məsuliyyət daşıyan yoxdur. Görün vəziyyət nə yerə çatıb ki, Zərdabı dövrələyən Kürqırağı meşələr - Qarasuçay çayı sahilindəki meşə zolağı məhv edilib. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi gəlib akt tərtib etsə də, bunun günahkarlarının cəzalandırılması üçün Respublika Prokurorluğuna müraciət olunsa da, bu günədək heç bir xeyri olmayıb. Bir sözlə icra başçısı iməclik adı altında insanlara zülm edir".
Qalmaqallı məsələlərdə adı qırmızı xətlə keçən Lütfəli Babayev
Vaxtaşırı qalmqallı məsələlərdə adı qırmızı xətlə keçən icra başçısı Lütfəli Babayev ictimaiyyət arasında kifayyət qədər populyarlaşıb. Bir müddət əvvəl icra başçısı sahibkar Fəqan Nəsibovu aradan götürməs istəyi ilə gündəmə gəldi. O zaman sahibkar Fəqan Nəsibovun 65 min dollarını mənimsəyən Lütfəli Babayev onun susmadığını görüb bu məsələni kriminal qaydalarla həll etməyə çalışırdı. "Məndə olan məlumatlara görə, Lütfəli Babayev mənə qarşı sui-qəsd planı hazırlayıb. Bu planın icrası krminal çevrələrə tapşırılıb. Hələ ki, mən dəqiq bilmirəm sui-qəsd planı necə olunacaq və bunu konkret kim icra edəcək. Lakin mənə qarşı sui-qəsd planının olduğu faktdır. Mən hələ bir müddət sizin qəzet vasitəsilə hüquq-mühafizə orqanlarına müraciət etmişdim ki, özümün və ailəmin həyatı təhlükədədir. Həmçinin bu barədə hüquq-mühafizə orqanlarına ayrıca müraciət də göndərmişdim. Artıq bu təhlükə reallaşma mərhələsindədir” - Fəqan Nəsibovun mətbuat konfransında dediklərindən.
Xatırladaq ki, Lütfəli Babayev Mingəçevirin icra başçısı olarkən Fəqan Nəsibovu aldadaraq onun 65 min dollar pulunu mənimsəyib. Həmin vaxt Mingəçevirdə trolleybus ləğv edilib. Lütfəli Babayev isə trolleybus xətlərini satışa çıxarıb. Fəqan Nəsibov müştəri kimi icra başçısı ilə onun kabinetində görüşüb. İcra başçısı ümumilikdə 80-85 ton olan xətlərin bir tonunu 2000 dollara satmağa razılıq verib. Lütfəli Babayev bildirib ki, 3 günə qədər bütün sənədlər hazır olacaq və Fəqan Nəsibov yalnız bundan sonra malı götürə bilər. Sahibkar etiraz etməyib. Daha sonra icra başçısı Fəqan Nəsibovdan beh istəyib. Sahibkar da Lütfəli Babayevə 30 min dollar beh verib. Lakin bununla kifayətlənməyən icra başçısı müxtəlif bəhanələrlə sahibkardan daha 35 min dollar pul qoparıb. Bir neçə ay keçməsinə baxmayaraq Fəqan Nəsibov Lütlfəli Babayevdən səs-soraq gəlmədiyini görüb, icra başçısının qəbuluna gedib. Lakin icra başçısı müxtəlif bəhanələrlə onu qəbul etməyib. Aldadıldığını başa düşən sahibkar artıq bir neçə ildir bu məsələ ilə bağlı ölkə başçısına, hüquq-mühafizə orqanlarına şikayətlər etməsinə baxmayaraq hələ bir nəticə əldə edə bilməyib.
Ölkədə ciddi səs-küyə səbəb olan Lütfəli Babayevin zorlama hadisəsi
Bir müddət əvvəl ölkədə ciddi səs-küyə səbəb olan Lütfəli Babayevin zorlama hadisəsə gündəmi zəbt etdi. Məlumat verildiyi kimi Zərdabın icra başçısı Lütfəli Babayevi onu zorlamağa cəhd göstərməkdə ittiham edən rayon sakini Şəfəq Səfərəliyeva artıq həbs olunub. Onun həbsinə Yasmal rayon məhkəməsində qərar verilib. Ş.Səfərəliyevanı məhkəməyə xüsusi ittiham qaydasında icra başçısı L.Babayev vermişdi. Məhkəmə Ş.Səfərəliyevanı 4 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Qeyd edək ki, 51 yaşlı Şəfəq Səfərəliyeva ötən ilin oktyabrın 5-də keçirdiyi mətbuat konfransında icra başçısı Lütfəli Babayevin onu şantaj edərək, cinsi əlaqəyə təhrik etməyə cəhd göstərdiyini bildirmişdi. Amma qadın müqavimət göstərib, daha sonra intihar etmək istəyib.
Hadisədən sonra Lütfəli Babayevin sifarişi ilə o, korrupsiyada, sənədləri saxtalaşdırmaqda və qanunsuz təqaüd almaqda ittiham edilib. İcra başçısı isə açıqlamasında qadının yalan danışdığını ona böhtan atdığını vurğulamışdı.
Şəfəq Səfərəliyevanın hüquqlarının Müdafiə Komitəsi sədri Namiq Kürçaylının yaydığı bəyanatda isə deyildi ki, Şəfəq Səfərəliyeva Lütfəli Babayevin qanunsuz əməlləri və qeyri-ciddi, etik normalara sığmayan hərəkətlərinin növbəti qurbanlarından biri olub.
Jurnalistin evinə basqı təşkil edən icra başçısı
Bir qədər öncə isə Lütfəli Babayev Zərdab rayonunun bir qrup sakini tərəfindən təşkil olunmuş AzNews.az saytının əməkdaşı Bahar Rüstəmlinin rayonun Alibəyli kəndində yaşayan ailəsinin yaşadığı evə hücum etməsi ilə gündəmə gəldi. Hücum edən şəxslər jurnalistin ailə üzvlərini təhqir edib, onun atasına fiziki xəsarətlər yetirdilər. Hücum planlı şəkildə həyata keçirilib və onlardan bir neçəsi vəzifəli şəxs olduğu deyilirdi. Onların arasında Alıcanlı kəndinin Bələdiyyə sədri Əsədov Habil, Kənd İcra Nümayəndəsi Əsədov Ətraf, kənd icra nimayəndəsinin baş mühasibi…., kəndin 9 illik məktəbinin direktoru Şirinov Maral, Gəncə Uşaq evinə göndərilən 15 yaşlı qızın analığı Rzayeva Nailə, məktəbin müəllim və texniki işçiləri, o cümlədən bu qanunu-zid hərəkəti Vüsal Rəhimov tərəfindən lentə alınıb. Vüsal Rəhimov rayonda Əli həkimin oğludur. O, Zərdab Rayon İcra Hakimiyətinin dövlət tədbirlərini lenə köcürən şəxsdir.
Basqın isə Zərdab Rayon İcra hakimiyətinin başçısı Lütfəli Babayev və onun müavini Allahverdi Səfərovun təşəbüsü ilə həyata keçirilib. Məqsəd isə Zərdabda baş verən hər hansı bir hadisənin mətbuatda işıqlanmamasının qarşısını almaq olub. Basqınçılar jurnalistin ailəsinin yaşadığı evin qapısına qırmağa cəhd edib, atasının üstünə bıçaq çəkib, ailəni təhqir ediblər. Onlar ev sahibini ölümlə hədələyiblər. Basqınçı qrupa rəhbərlik edən şəxs jurnalistin atasına onu tapança ilə öldürəcəyini deyib. Ürəyi soyumayan Lütfəli Babayev Jurnalist Bahar Rüstəmlinin atasını döydürüb.
Lakin bu hadisənin üzərindən bir neçə vaxt keçməsinə və hücum edən şəxslərinin kimliyinin bilinməsinə baxmayaraq, həmin şəxslərin heç biri məsuliyyətə cəlb olunmayıb. Ölkədə prezident seçkilərinə hazırlığın başlandığı bir dövrdə jurnalistin yazdığı araşdırmaya görə bu şəkildə təqib olunması ilk növbədə Azərbaycan dövlətinin beynəlxalq nüfuzuna zərbə vurur, vətəndaşlar isə onların həyatının hər an təhlükədə olduğunu hiss edir.
İcra başçısının "avtoş" oğlu və qardaşı oğlu
Bir müddət əvvəl “Bizimyol” qəzeti belə bir məlumat yaydı ki, Zərdab rayon icra hakimiyyətinin başçısı Lütfəli Babayevin oğlu Baba Babayev Mingəçevir şəhərində yol hərəkəti qaydalarının tələblərini kobud şəkildə pozaraq, ölümlə nəticələnən qəza törədib. Belə ki, Mingəçevir Şəhər 7 saylı orta məktəbin qarşısında müəyyən edilən sürət həddinin tələblərini pozan Baba Babayev piyadanı vurub. Avtomobilin sürət həddi yüksək olduğundan piyada yerindəcə keçinib.
Lütfəli Babayev oğlunun törətdiyi əməli yaxın qohumlarından birinin adına yazdırmaq istəyib. Belə ki, icra başçısının qohumlarından biri avtomobili özünün idarə etdiyini və hadisənin özü tərəfindən törədildiyini istintaqa bildirib.
Qəzetin əlaqə saxladığı Mingəçevir Şəhər Polis Şöbəsindən hadisəni təsdiqləyiblər. Polis şöbəsindən piyadanı vuran avtomobilin Babayevlər ailəsinə məxsus olduğunu təsdiqləsələr də, avtomobili kimin idarə etdiyini açıqlamayıblar.
Qəzetin araşdırmaları zamanı məlum olub ki, vaxtilə Mingəçevirdə icra başçısı vəzifəsində işləyən Lütfəli Babayev oğlunun cinayət əməlini ört-basdır etmək üçün yerli hüquq-mühafizə orqanlarına da təsir edib. Həmin, yol qəzasında həyatını itirən yerli sakinin valideyinlərini də «ələ almağa» çalışsa da, onlar Babali Babayevin cəzalandırılmasında israr ediblər.
Bundan əlavə qəzetin məlumatlarına görə, Babali Babayev üçün Mingəçevirdə yol hərəkəti qaydalarını pozmaq, ayrı-ayrı vətəndaşları döymək adi hala çevrilibmiş.
Bir neçə gün öncə isə Mingəçevir polisi avtoxuliqanlıq etdiyinə görə Zərdab Rayon İcra hakimiyyətinin başçısı Lütfəli Babayevin qardaşı oğlunu həbs edib. Bununla bağlı xəbərdə bildirilirdi ki, vaxtilə adıçəkilən şəhərin icra başçısı işləyən Lütfəli Babayev və qardaşları bu şəhərdə yaşayırlar.
Mingəçevirin Səməd Vurğun küçəsi və meydanında avtoxuliqanlıqla məşğul olan, Migəçevir şəhər sakini Babayev Yadigar Şahvəli oğlu idarə etdiyi "99-BH-045" dövlət nömrə nişanlı "Nissan" markalı avtomobillə adıçəkilən küçədə şəhər sakinlərinin həyatına və asayişinə təhlükə yaradaraq, müxtəlif manevrlər edib və Dövlət Yol Polisi bölməsinin əməkdaşlarının əmrlərinə tabe olmayıb. Əməliyyat heyətinin apardığı xüsusi tədbirlərdən sonra Yadigar Babayev avtomobili saxlamalı olub. Yüksək səslə danışan, polisə qarşı müqavimət göstərən Yadigar Babayev Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilib.
Bunlar hələ son deyil. Lütfəli Babayevin qanunsuzluqları ilə bağlı məlumatların sayı hesabı yoxdur. Bəzi dəqiqləşdirmələr aprdıqdan sonra oxucularını diqqətinə çatdıracağıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər