BolgeXeber.Com » Bölgə » Təhsil şöbəsinin müdiri bələdiyyənin həyətini oğlunun adına rəsmiləşdirib

Təhsil şöbəsinin müdiri bələdiyyənin həyətini oğlunun adına rəsmiləşdirib

20-07-2013, 11:10
Oxunub: 5 343 Xaçmaz bələdiyyəsi ilə təhsil şöbəsi arasında qarşıdurma yaşanır

“Xaçmaz rayon təhsil şöbəsinin müdiri rayon bələdiyyəsinin həyətini, Xaçmaz şəhəri 3 saylı tam orta məktəbinin önündəki son torpaq sahəsi olan kiçik parkı oğlununun adına alqı-satqı edib”. Bu narahatlığı keçirən rayon bələdiyyəsinin mətbuat xidmətinin rəhbəri Turab Ələkbərovdur.

O, təhsil şöbəsinin müdiri Mədinə Məmmədovanı əlini parkdan çəkməyə çağırır: “Torpaq haqqında qanunda göstərilir ki, ümumi istifadədə olan torpaq sahələri - yəni park, səki və sair ərazilər fiziki şəxslərə satıla bilməz. Mədinə Məmmədova vaxtilə həmin məktəbin direktoru olub, mən isə məzunu. Bu o deməkdir ki, biz şagirdlərin rahatlığı üçün nəzərdə tutulmuş o kiçik parkın təəssübünü daha çox çəkməliyik. Mədinə Məmmədova isə bunu nəzərə almadan, qanunları tapdaq altına ataraq parkı zəbt edib, hasara aldırıb və ağacları kəsməyə hazırlaşır. Məktəb 50 ilə yaxındır fəaliyyət göstərir. Qarşısındakı bu kiçik park həm məktəblilərə, həm də ümumi istifadə torpaq sahələrinə aiddir. Kiçik bir park da olsa əhalinin istifadəsində idi. Təqribən 4-5 il əvvəl bu kiçik parkın ərazisini başqası almaq istəyəndə Mədinə xanım etiraz etdi ki, ordan şagirdlər, valideynlər istifadə edir, satıla bilməz. Ancaq bu yaxınlarda ortaya sənəd çıxdı ki, sən demə, parkın ərazisini bu yaxınlarda özü alıb. Ərazini indi alsa da, sənədləşmənin tarixini saxtalaşdıraraq, 2005-ci ilə qeyd etdirib. Park məktəbin giriş hissəsinin yaxınlığına düşür. Bu yaxınlarda hasara alınanda mən etiraz etdim, aramızda qarşıdurma oldu. “102”-yə zəng vurdum. Ancaq polis şöbəsindən bildirdilər ki, “bu iş mülki xarakterlidir, narazılığın varsa, parkı hasara alanları məhkəməyə verin”. İndi məhkəməyə müraciət etmək üçün sənəd toplayıram”.

Ancaq Turab Ələkbərovun təhsil şöbəsinin müdirindən narazılığı bununla da bitmir: “Elə müəllimlər var ki, heç bir imtahan vermədən hər il öz işlərində saxlanılırlar. Bu da qanuna ziddir. Yəni vakant yerlərin sayını Təhsil Nazirliyindən gizlətməklə Mədinə xanım sonradan həmin müəllimləri işlə təmin edir. Qızı Gülər xanım Xaçmaz şəhər 1 saylı tam orta məktəbdə ixtisas üzrə deyil, digər bir fənn üzrə, yəni psixoloq fənni üzrə dərslik saatları almaqla həmin məktəbdə adı işdə gedir. Çox xahiş edirəm, Gülər xanımın necə psixoloq olması ciddi şəkildə yoxlanılsın. Yenə də 1 saylı tam orta məktəbdə hərbi hazırlıq üzrə tədris müəlliminin, 3 saylı tam orta məktəbdə hərbi hazırlıq üzrə müəllimlik edənlərin də işləri yoxlanılsın. O zaman Mədinə xanımın Xaçmazda təhsilə vurduğu ağır zərbə üzə çıxacaq”.

Bələdiyyənin mətbuat xidmətinin rəhbəri Turab Ələkbərov Mədinə Məmmədovanın həyat yoldaşının - Xaçmaz rayon 92 saylı litseyin direktorunun da fəaliyyətinin yoxlanılmasını tələb edir. Onun sözlərinə görə, direktor litseydə çayxana açıb işlədir.

Rayon təhsil şöbəsinin müdiri Mədinə Məmmədova isə Turab Ələkbərovun dedikləri ilə razılaşmır. O bildirib ki, oğlunun aldığı və hasar çəkilmiş ərazidə park olmayıb: “Gələcəkdə hər hansı tikilinin şagirdlərin məktəbə giriş-çıxışına heç bir maneçiliyi olmayacaq”.