BolgeXeber.Com » Bölgə » Neftçala sakini rayon rəhbərliyindən etdiyi şikayətin güdazına gedib

Neftçala sakini rayon rəhbərliyindən etdiyi şikayətin güdazına gedib

27-07-2013, 11:45
Oxunub: 4 967 “Məni şərləyib həbs etmək istəyirlər”

“2008-ci ildə rayonun icra başçısından, bələdiyyədən şikayət edirdim. Şikayət etdiyimə görə, o zaman məni narkotik ittihamı ilə şərləyib həbs ediblər. 3 il 6 ay cəza verdilər. İndi azadlıqdayam. Özümə olan haqqsızlığı qəbul edə bilmirəm. İcra hakimiyyətindən, bələdiyyədən şikayətim var. Ona görə də yenə polisin əli ilə məni şərləmək istəyirlər. Bu səbəbdən 4 gündür aclıq aksiyası keçirirəm”. Bu sözləri “Bizim Yol” qəzetinə Neftaçala rayonu Heydər Əliyev prospekti ev 61 ünvanında yaşayan Abıyev Elçin Mirzəli oğlu bildirdi.

Şərlənib həbs olunacağından narahat olan rayon sakini polisin əlindən imdad edir: “Belə yaşamaq olar? Heç kimin şərəf və ləyaqətini təhqir etməmişəm. Evdən bayıram çıxa bilmirəm. Polis məni 24 saat izləyir. Çörək alamağa gedə bilmirəm. Şərlənib həbs ediləcəyimdən narahatam. 2008-ci ildə “Narkobiznesin” rəisi Aydın Veysəlov məni şərlədi. Müstəntiq Xanlar Əliyev ağzına gələni yazdı. Təzyiq altında mənə protokola imza atdırdılar. Başıma gələnləri sözlə təsvir etmək mənim üçün çətindir. Mən o vəziyyəti yenə yaşamaq istəmirəm”.

Elçin Abıyev deyir ki, azadlığı məhdudlaşdırma cəzası ilə azadlığa çıxıdığı üçün, şikayət edə bilmir: “Birinci qrup əlil, yəni görmə qabliyyətini itirən anamın adından Baş Prokurorluğa müarciət göndərdim. Ancaq heç bir cavab olmadı. Polsilər məni izləməkdə davam etdilər. Bazara getmişdim, məni axtarırdılar. Polisin məni şərləyəcəyindən şübhələndiyim üçün Daxili İşlər Nazirliyinin “102” xidmətinə şikayət etdim. Onlar da şikayətimi Baş Prokurorluğa göndərdilər. O da rayon prokurorluğuna göndərdi. İzahatımı aldılar. Ancaq bilmədim qarşı tərəfin də izahatı alındı, ya yox. Fakt budur ki, yenə izlənilirəm. Şikayət etdiyimə görə, imkan vermirlər yaşayam. Yenə məni şərləyib həbs etmək istəyirlər”.

P.S. Şikayəti günün sonunda aldığımız üçün Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamaq mümkün olmadı. Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin münasibətini öyrənəcəyik.