BolgeXeber.Com » Bölgə » Prokuror qapımıza dəfələrlə xəbər göndərdi ki, “harda istəyirsən, sənə iş tapım, bircə prokurorluqda işləmə””

Prokuror qapımıza dəfələrlə xəbər göndərdi ki, “harda istəyirsən, sənə iş tapım, bircə prokurorluqda işləmə””

3-08-2013, 12:10
Oxunub: 5 161 Ağcəbədi Rayon Prokurorluğunun müfəttişi Xumar Mirzəyeva işdən çıxarılıb, bu azmış kimi, ailəsinə məxsus evin bir hissəsi də əllərindən alınıb. Xumar Mirzəyevanın sözlərinə görə, özünün və ailəsinin başına gələnlərin kökündə mülk mübahisəsi dayanır. Deyir, xalası bu mübahisə ilə bağlı rayon prokuroru Salman Səmədovun yanına gələrək onu işdən çıxarmasını tələb edib.

Prokuror da özünə artıq problem açmamaq üçün, X.Mirzəyevanı əvvəlcə işə buraxmayıb: “Bir neçə il əvvəl xalamgilin qalmağa yerləri olmadığına görə, həyətimizdəki boş evi müvəqqəti yaşamaq üçün onlara verdik. Sonra gördük ki, xalamgil evi ələ keçirmək üçün canfəşanlıq edirlər. Anam tələb etdi ki, evi boşaltsınlar. Bundan sonra xalamgilin ailəsi ilə münasibətlərimiz gərginləşdi. Xalam həyətdə yersiz dava-dalaş salır, polisə zəng edir, aranı qarışdırırdı, bu yolla da o dərəcəyə çatdırmaq istəyirdi ki, bezib evdən könüllü imtina edək. Bir gün də işlədiyim prokurorluğa gəldi, prokurorun qəbuluna girib məndən şikayət etdi. Guya mən və ailə üzvlərim onları incidirik, döyürük, yaşamağa imkan vermirik. Prokuror məni çağırdı, dedi, bizə artıq başağrısı lazım deyil, anana de, evi versin xalana, söhbət bitsin. Mən bildirdim ki, mülk sahibi deyiləm, belə söhbətlərə qarışa bilmərəm. Ev bizimdir, xalam mənimsəmək istəyir. Prokurorluqda işləyirəm, o demək deyil ki, başımıza oyun açmalıdırlar, biz də susmalıyıq. Onda prokuror başqa bəhanə gətirdi, dedi, “ümumiyyətlə, xalan iddia edir ki, sən əxlaqsızsan, mən səni işdə saxlasam, o, yuxarı şikayət edəcək. Bir sözlə, ya gedin arvadla dil tapın, ya da ərizəni yaz. Mənə problemli işçi lazım deyil””.

Prokurorla bu söhbətindən sonra Xumar Mirzəyevanı prokurorluq binasına buraxmırlar. Ona açıq şəkildə bildirirlər ki, prokurorun göstərişidir: “Mühafizə polisləri xətrimi çox istəyirlər. Ona görə də onlarla çox dərinə gedə bilmirdim. Gedib qapıda dayanıb qayıdırdım. Deyirdilər, prokurorun tapşırığıdır, özü ilə dil tap, bizə göstəriş versin, səni içəri buraxaq. Beləcə, məni öz iş yerimə buraxmırdılar. Mən də Baş Prokurorluğa şikayət etdim. Orda məsələni araşdıracaqlarına, mənim işə bərpa olunacağıma söz verdilər. Ancaq mən onsuz da daha o prokurorla birlikdə işləyə bilməzdim. Bildirdim ki, mən işə qaytarılmağımı yox, məni təhqir etdiyinə görə prokurorun cəzalandırılmasını tələb edirəm. Bakıya şikayətə gedib-gələndən sonra Salman Səmədov evimizə gah icra hakimiyyətindən, gah polisdən, gah prokurorluqdan adamlar göndərməyə başladı. Onlar gah yaxşılıqla bu söhbətləri qurtarıb Salman Səmədovun təklif etdiyi yerlərdə işləməyimi xahiş edirdilər, gah da məni hədələyirdilər. Salman Səmədov xəbər göndərirdi ki, onu uşaq bağçasına, ya başqa bir yerə işə düzəldim, məndən əl çəksin. Mənsə bildirirdim ki, işə görə yox, məni təhqir etdiyimə görə əl çəkməyəcəm”.

Xumar Mirzəyevanın sözlərinə görə, ona qarşı inzibati maddə ilə iş açılıb və qarşısında şərt qoyulub ki, ya şikayətlərini geri götür, ya da cəzalandırılacaqsan: “Bu yolla ağzımı yummaq istəyirlər. Ancaq mən hüquqlarımı tapdalamış prokurorun cəzalandırılmasına nail olmayanadək əl çəkən deyiləm”.

Beləcə, Xumar Mirzəyeva prokurorluqdakı işini itirib. Üstəlik xalasıgilin iddia etdiyi ev də əllərindən alınaraq iddiaçılara verilib. Xumar Mirzəyeva bildirib ki, yaxın vaxtlarda hüquqları bərpa olunmasa, ailəlikcə aclığa başlayacaqlar. Buna qədərsə ailə üzvləri bir neçə dəfə rayondakı mərkəzi yolu kəsməyə cəhd ediblər.