Şəmkirin icra başçısı büdcə pullarını göyə sovurur
7-08-2013, 11:20
Oxunub: 5 623
Nazim Veysov prezidentin qadağalarına niyə məhəl qoymur?
Rayon rəhbəri avqustun 10-na xüsusi hazırlıq görür; özünə təmtəraqlı ad günü keçirməyi planlaşdırır
Nazim Veys oğlu Veysov. Yəqin ki, bu ad şəmkirlilərə, eləcə də ətraf rayonlarda yaşayan insanlara çox tanışdır. Şəmkir rayonunda uşaqdan böyüyədək hər kəs bu insanın adını əzbər bilir. Ona görə yox ki, o, icra başçısı kimi müsbət işlərə imza atıb və buna görə hamı onu yadda saxlayıb, əksinə, Şəmkirə rəhbərlik etdiyi 8 il ərzində rayonu elə vəziyyətə salıb ki, hər kəs bundan ürəkağrısı ilə danışmaqdadır. Bir neçə gündən sonra, daha dəqiq desək, avqustun 10-da 63 yaşını tamam edəcək Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) başçısı 2005-ci ildən bu günə qədər rayonu inkişafdan saxlayıb. Respublikanın bəzi rayonlarında təmir-tikinti, abadlaşma işləri geniş vüsət alsa da, Şəmkir camaatı bunu seyr etməklə kifayətlənir.
Etiraf edək ki, ölkə rəhbərliyi tərəfindən rayonun sosial-iqtisadi inkişafı üçün mütəmadi olaraq yardımlar olunur. Lakin icra başçısının qanunsuz əməlləri nəticəsində həmin pulların çoxu təyinatdan kənar xərclənir. Xatırladaq ki, prezident İlham Əliyev Şəmkir rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair ötən il əlavə tədbirlər haqqında sərəncam imzalamış və bununla da rayona 3 milyon manat ayrılmışdı. Qeyd edək ki, bu vəsait 12 mindən çox əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Bakı-Qazax magistralı-Kür qəsəbəsi avtomobil yolunun tikintisi üçün nəzərdə tutulmuşdu. Bundan sonra da rayona müəyyən miqdarda vəsaitlər ayrılıb. Bizə çatan məlumatlara görə isə, icra hakiminin özbaşınalıqları sayəsində rayonun inkişafı üçün nəzərdə tutulan pullar başqa səmtlərə, daha doğrusu, onun şəxsi büdcəsinə yönəldilib. Rayon rəhbərinin neqativ əməlləri ilə bağlı mətbuatda dərc olunan yazılar da bunu sübut edir. Digər tərəfdən məlumatlarda vurğulanır ki, başçının özbaşına əməllərini bir qədər də artırması rayonda əhalinin, xüsusilə də sahibkarların durumunu olduqca ağırlaşdırıb. Məlumatlı şəxslərin dediyinə görə, rayonda xırda və orta sahibkarlıqla məşğul olan şəxslərin üzərində böyük basqı var: «Bir tərəfdən icra hakimi, digər tərəfdən də polis rəisi Şükür Mehdiyev sahibkarlıqla məşğul olan şəxslərə işləmək imkanı vermirlər. Başçının və rəisin adamları hər ay obyektlərdən nəysə alırlar. Qoymurlar ki, camaat 5-10 manat qazanıb ailəsini dolandırsın. Ay tamam olmamış müəyyən şəxslər obyekt sahiblərinin başının üstünü kəsdirib, onlara rəisin, icra hakiminin «salamlarını» çatdırırlar. Sahibkarlar çörəklərindən olmamaq üçün məcburiyyət qarşısında onların istədiyini verirlər». Mənbəmizin sözlərindən aydın olur ki, 8 illik fəaliyyəti ərzində Nazim Veysov rayonda saysız-hesabsız qanunsuzluqlar törədib. Onun laqeyd münasibəti nəticəsində yüzlərlə şəmkirli ailəsi aclıq-səfalət içində yaşayır: «O, rayondakı maliyyə əməliyyatları hesabına şəxsi imkanlarını ən yüksək səviyyəyə çatdırıb.
Şəmkirin ən bahalı yerlərində obyektləri, villaları var. Narzan İstirahət Mərkəzinin yaxınlığında tikdirdiyi imarətin qiyməti milyonlarla ölçülür. Deyilənə görə, həmin imarətin daşlarını və digər tikinti materiallarını İtaliya və Almaniyadan gətirdib. Bu gün Şəmkirdə inkişafa doğru nə iş görülübsə, bunların başçıya heç bir aidiyyəti yoxdur. Hamısını Rusiya və digər ölkələrdə yaşayan şəmkirlilər edib. Rayon rəhbəri bircə onu bilir ki, camaatı incidib haqqını tapdalasın. Bələdiyyə sədrlərinin bir çoxu onun razılığı əsasında qanunsuz torpaq satışı ilə məşğul olurlar. Mahmudlu, Mehrili və Keçili bələdiyyələrinin sədrləri daha çox torpaq satırlar. Onlar satdıqları hər sot torpağa görə icra hakiminə «görüm-baxım» edirlər. Rayondakı bəzi dövlət idarə və müəssisələrində rüşvət ayaq açıb yeriyir». Mənbənin sözlərinə görə, sakinlərin bir çoxu maddi sıxıntı içərisində yaşasalar da, rayonun birinci şəxsi avqustun 10-da ad gününü təmtəraqlı şəkildə qeyd etməyi düşünür.
Bu yerdə onu bildirək ki, prezident bu ilin fevral ayında məmurları sərt formada tənqid edərkən təmtəraqlı ad günü məsələsinə də toxunmuşdu: «Bəzi hallarda özləri üçün böyük məclislər düzəldirlər. Təmtəraqlı toylar, yubileylər düzəldirlər. Yaraşırmı bu dövlət məmuruna? Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirmişəm. Bu, mənim təbiətimdir. İkincisi bir yol göstərirəm. Belə olmaq lazımdır. Təmtəraqlı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr, bunu yığışdırın, bəsdirin». Ölkə rəhbərinin bu sözlərindən nəticə çıxarmayan icra hakimi avqustun 10-a xüsusi hazırlıq görür. Mənbə deyir ki, 63 yaşa qədəm qoyacaq rayon rəhbəri bu münasibətlə atəşfəşanlıq belə təşkil etdirmək niyyətindədir: «Mənim bildiyimə görə, böyük ad günü məclisi təşkil olunacaq. Tədbirə yalnız icra başçısının yaxınları, ailə üzvləri və məmur dostları qatılacaqlar. Məclisdə həmçinin məşhur türk müğənnilərindən bir neçəsinin də iştirakı gözlənilir». Fikrimizcə, icra hakiminin prezidentin qadağalarına məhəl qoymaması çox böyük hörmətsizlikdir. Yəqin ki, onun bu saymazlığına tutarlı cavab veriləcək.
Qarşı tərəfin də münasibətini dərc etməyə hazırıq.
gundelik-baku
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər