BolgeXeber.Com » Bölgə » Cəbrayıl, Xocalı və Xocavənd rayonlarının rəhbərləri sakinlərdən daha çox özlərini düşünürlər

Cəbrayıl, Xocalı və Xocavənd rayonlarının rəhbərləri sakinlərdən daha çox özlərini düşünürlər

7-08-2013, 11:30
Oxunub: 7 584 Mahmud Quliyev, Şahmar Usubov və Eyvaz Hüseynovun fəaliyyəti qənaətbəxş hesab edilmir

Ermənistan Silahlı Qüvvələrinin yürütdüyü işğal siyasəti nəticəsində Azərbaycanın 1 milyondan çox vətəndaşı qaçqın və məcburi köçkün düşüb. Doğma yurd-yuvalarını itirən insanlar bu gün ölkənin demək olar ki, hər yerinə səpələnərək müvəqqəti sığınacaq tapıblar. Söz yox ki, ölkə rəhbərliyi tərəfindən məcburi köçkünlərin mənzil və sosial problemlərinin həlli istiqamətində zəruri işlər görülür. Son bir neçə ildə yüzlərlə məcburi köçkün ailəsi şəhərdə, eləcə də rayonlarda tikilən binalarda evlə təmin ediliblər.
Bu proses növbəti illərdə də davam etdiriləcək. Ölkə başçısının məcburi köçkünlərə göstərdiyi böyük diqqət və qayğıya baxmayaraq, bəzi məmurlar bu işlərə kölgə salan hərəkətlərə yol verirlər. Təəssüf ki, bəzi köçkün rayonlarının icra hakimləri qanundan kənar əməllər həyata keçirməklə erməni zülmü görən insanlara ikinci zərbəni vururlar. Mətbuatda adı tez-tez hallanan Cəbrayıl Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Mahmud Quliyev də məcburi köçkünlərə zülm edən məmurlardan biridir. Onun səbəb olduğu qanunsuzluqlar barədə əvvəlki saylarımızda ətraflı söhbət açmışdıq. Bir daha vurğulayaq ki, icra hakimi cəbrayıllıların sosial qayğıları ilə maraqlanmaq yerinə, özünə paytaxtda iri obyektlər açıb, biznesə girişib. İcra hakiminin Binəqədi rayonu ərazisindəki «Elmed» Tibb Mərkəzi, şadlıq sarayları və digər ticarət obyektləri onu göstərir ki, bu adam məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək məqsədilə Cəbrayıl RİH-ə ayrılan vəsaitləri mənimsəyib. Bunu redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən və başçının əməllərinə dözməyən vətəndaşlar da bildiriblər. Qeyd edək ki, o, 2000-ci ildən etibarən bu vəzifəni daşıyır. Amma geridə qalan 13 il ərzində Cəbrayıl camaatı onun gördüyü işlərdən ağızdolusu danışmayıblar. Əksinə hər dəfə əllərinə fürsət düşdükcə media vasitəsilə onu tənqid ediblər. Rayon sakinləri hesab edirlər ki, uzun müddət vəzifədə oturaraq RİH-in büdcəsini dağıdan icra başçısı işdən çıxarılmalıdır. Onların fikrincə, vətəndaşların etirazının səngiməsi üçün mütləq başçı dəyişdirilməlidir. Fəaliyyəti qənaətbəxş hesab olunmayan məmurlardan biri də Xocalı RİH-in başçısı Şahmar Şahhüseyn oğlu Usubovdur. O da Mahmud Quliyev kimi 13 ildir icra başçısı işləyir. Bura qədər isə qaz sistemində və biznes sahəsində fəaliyyət göstərib. Sonuncu iş yeri isə «Seyhun» şirkətində icraçı direktor vəzifəsi olub. Rayon erməni işğalı altında olduğundan Xocalı RİH-in binası müvəqqəti olaraq Goranboy rayonunun Ağcakənd kəndində yerləşdirilib. Bizə gələn xəbərlərə görə isə, erməni müsibəti ilə üzləşən Xocalı sakinləri başçının qəbuluna düşüb şikayətlərini ona çatdıra bilmirlər. Səbəb kimi isə rayon rəhbərinin vətəndaşları qəbul etmək istəməməsi göstərilir. Məlumata görə, kresloda oturduğu müddət ərzində icra başçısı rayon sakinlərinin mənafeyi naminə heç bir addım atmayıb. Humanitar təşkilatlar və maliyyə qurumlarından rayon camaatının ağır şəraitini yaxşılaşdırmaq üçün dəfələrlə verilən yardımların çoxu başçı və adamları tərəfindən mənimsənilib. İcra hakimi bunun müqabilində fermer təsərrüfatını günü-gündən genişləndirir. Onun Goranboy və Bərdə rayonlarında mal-qara sürüləri var. Digər tərəfdən, paytaxtda da bir neçə ticarət obyektinə sahib çıxmağı bacarıb. Başçının qanunlara sığmayan əməlləri barədə müvafiq strukturlara müraciət edən Xocalı sakinlərinin istəyinə hələ ki, bu günə qədər müsbət cavab verilməyib. Onların istəyi isə budur ki, vəzifəsini lazımi səviyyədə icra edə bilməyən başçı daha bacarıqlı və korrupsiyaya şərait yaratmayacaq biri ilə əvəzlənsin. Köçkün rayonları içərisində şikayətlərin daha çox eşidildiyi rayonlardan biri də Xocavənddir. Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Mövsüm oğlu Hüseynovun qeyri-qanuni işləri haqqında mətbuatda dəfələrlə məlumat gedib. Ancaq hər dəfə icra hakimi özü haqqında yazılanları təkzib edib. Məlumat üçün bildirək ki, o nə az-nə çox düz 21 ildir ki, Xocavəndin rəhbəri postunu tutur. Ölkənin vəzifədə ən uzun ömürlü icra başçısı olan Eyvaz Hüseynov Qarabağda yaşanan dəhşətləri canlı şəkildə izləsə də, bu gün rayonun sakinlərinə qarşı biganə münasibət göstərməkdədir. Əlbəttə, heç bir Xocavənd sakini bu münasibətlə barışıb başçının məmura yaraşmayan hərəkətlərinə göz yuma bilməz və bilmirlər də. Onlar prezidentdən xahiş edirlər ki, şikayətlərinə zamanında reaksiya verəcək, camaata yuxarıdan aşağı baxmayacaq şəxsi onun yerinə təyin etsin. Hesab edirik ki, ölkə rəhbərliyi hər üç rayonun sakinlərinin istəyini nəzərə alıb, uzun müddətdir vəzifə tutan icra hakimlərini işdən kənarlaşdıracaq.
Qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq. gundelik-baku