BolgeXeber.Com » Bölgə » Bərdə terrorunun anım günü Bərdə rayonunda geniş qeyd edildi

Bərdə terrorunun anım günü Bərdə rayonunda geniş qeyd edildi

29-10-2021, 16:25
Oxunub: 896 27-28 oktyabr 2020- ci il tarixdə Ermənistanın Bərdə rayonuna atdığı raket bombaları nəticəsində şəhid olmuş mülki insanların xatirəsinə, Bərdə terrorunun bir ilinin tamam olmasına həsr edilmiş anım mərasimi Bərdə rayonunda 28 oktyabr 2021-ci il tarixdə həmin terror ilə əlaqədar yaradılmış “Xatirə lövhəsi”nin önündə geniş qeyd edildi. Mərasimdə Vətən müharibəsi şəhidlərinin ailələri və yaxınları, qazilər, həmçinin iştirakçıları, rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Adil Əliyev, Millət vəkilləri Fatma Yıldırım və Zahid Oruc, Milli Məclis Aparatının əməkdaşları, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət, KİV nümayəndələri iştirak etmişlər. Tədbirdən öncə “Xatirə lövhəsi”nin qarşısına tər güllər düzülərək Bərdə terroru nəticəsində həlak olmuş mülki şəhidlərin xatirəsinə ehtiram bildirilmişdir.
Mərasimdə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək bildirdi ki, Bugün işğalçı Ermənistan Ordusu tərəfindən “Smerc” tipli raket bombaların Bərdəyə atılması nəticəsində mülki insanların şəhid olmasından bir il keçir. İcazə verin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edək.
Vətən müharibəsi başlanan ilk gündən bütün Azərbaycan oğulları silaha sarılıb Vətənin müdafiəsinə qalxdı, 30 il Ermənistanın işğalı altında inləyən torpaqlarımızı mənfur düşməndən azad etmək üçün ölkə Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında vahid komandanlıq altında bir yumruq kimi birləşərək düşmənə ağır zərbələr endirdi. Onlar düşmənin üstünə yürüdülər. Ölümdən qorxmadılar. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin illərlə ölkəmizi möhkəmləndirən, Ordumuzu qüdrətləndirən uğurlu daxili və xarici siyasəti müharibədə elə ilk gündən özünü göstərdi. Cənab Ali Baş Komandanın güclü “Dəmir yumruq” müharibə planı və əməliyyatı, qəhrəman oğullarımızın şücaətlikləri bütün dünyaya möcüzə Qələbəni göstərdi. 44 gündə düşmənin ordusu darmadağın edildi. Məhz buna görə də düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu. Vahid Komandanlıq ətrafında birləşən bütün xalqın gücü, qüdrəti, rəşadətli Ordumuzun qəhrəmanlığı, igidlərimizin qanı və canı hesabına Qələbə qazanıldı. Şəhidlərimiz qanları ilə, qazilərimiz canları ilə Qələbə qazanaraq tarix yazdılar. Bu qələbə bütün dünyaya Azərbaycan xalqının döyüş əzmini, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Milli Ordumuzun qəhrəmanlığını göstərdi. Bütün dünya Azərbaycanın müharibə səliqəsinə, dəqiqliyinə, və gücünə, sərrastlığına heyran qaldı. Biz burada qardaş Türkiyə dövlətinin də mənəvi dəstəyini xüsusi qeyd edərək bütün Azərbaycan xalqına və türk dünyasına Qələbə sevincini yaşadan müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev başda olmaqla qəhrəman Milli Ordumuzla fəxr etdiyimizi böyük qürur hissi ilə bir daha bildiririk! Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzulayırıq. Biz fəxr edirik ki, onların arasında igid Bərdə oğullarının da adı var. Silaha sarılıb Vətənin müdafiəsinə qalxan 1200 –dən çox Bərdə gənclərindən 57 nəfər döyüş meydanında qəhrəmancasına şəhid oldular. Öz tarixi torpaqlarımızı işğaldan azad edərək cəbhədə qazandığımız
qələbələri həzm edə bilməyən mənfur düşmən Bərdəyə atdığı bombalar nəticəsində 28 nəfər dinc mülki vətəndaş şəhid oldu. 108 nəfərdən çox dinc insan yaralandı. Onlarla ev, obyekt, maşın yanıb kül oldu. Ancaq bərdəlilər sınmadı, daha möhkəm əzmkarlıq göstərərək müzəffər Ali Baş Komandanın ətrafında daha sıx birləşdilər.
Bərdə rayonundan olan bütün şəhidlərimiz Vətən müharibəsində göstərdikləri şücaətliklərinə görə ölkə prezidenti cənab İlham Əliyevin sərəncamları ilə bir, iki, hətta üç medala layiq görülən igidlər olmuşlar. Vətən müharibəsinin Bərdə rayonundan olan şəhidləri ölümündən sonra 63 medala, 3 nəfəri-Xudayar Yusifzadə “Azərbaycan Bayrağı” ordeninə, Asəf Əsgərov “Qarabağ” ordeninə, polkovnik –leytenant Əlzamin Təhməzov “Rəşadət” ordeninə layiq görülmüşlər. Bir qazimiz –kəşfiyyatçı Dursun Manaflı “Qarabağ” ordeninə layiq görülmüş qəhrəmanlardır. Biz onlarla fəxr edirik. Bu müharibəyə atılanda, döyüşdə olanda onların bircə məqsədi var idi: torpaqlarımızı düşməndən geri almaq və onlar buna nail oldular. Əlbəttə, cənab Ali Baş Komandanın rəhbərliyi altında qazandıqları əbədi və qəti QƏLƏBƏ onların ən böyük mükafatıdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və ölkənin Birinci Vitse prezidenti tərəfindən Vətən müharibəsi şəhidləri və iştirakçıları daim diqqət mərkəzində saxlanılır və qayğı ilə əhatə olunur, orden və medallarla təltif olunurlar.
Mərasimdə Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini Adil Əliyev, Millət vəkili Fatma Yıldırım, Millət vəkili Zahid Oruc çıxış edərək bildirmişlər ki, Ermənistanın 2020-ci il sentyabrın 27-də ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə başladığı Vətən müharibəsi Şanlı Qələbə ilə başa çatdı. Otuz ilə yaxın işğal altında olan torpaqlarımız şəhidlərimizin - əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Tədbirdə çıxış edən Bərdə terroru nəticəsində həlak olmuş mülki şəhid Mustafayev Məhərrəm Ənvər oğlunun anası, Mustafayeva Sehran çıxış edərək onlara daim qayğı ilə yanaşan ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya bütün şəhid ailələri adından minnətdarlıqlarını bildirdilər. Sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərimizin xatirəsinə dualar oxundu. Mərasimin sonunda Sumqayıt 1 saylı və Bərdə UGİM –in şagirdləri müzəffər Ali Baş Komandana, vətənə, şəhidlərimizə, əsgərlərimizə həsr olunmuş şeirlər söylədilər.