BolgeXeber.Com » Bölgə » Ziya Məmmədovun işçisi Elmar Vəliyevin arxasınca nə danışıb?

Ziya Məmmədovun işçisi Elmar Vəliyevin arxasınca nə danışıb?

19-08-2013, 16:50
Oxunub: 5 922 Hansısa idarələrdən «təmizlik arayışı» aldığını deyən zavod direktoru cəzalana bilər
Göygöl rayonunda fəaliyyət göstərən Qızılca Qırmadaş Zavodunun direktoru Arif Məmmədovun qanunsuz işləri bitmək bilmir. Qeyd edək ki, ötən saylarımızdan bir neçəsində direktorun keçmiş həyat yoldaşı, Gəncə sakini Sevinc Allahverdiyeva şikayətlərini dilə gətirərək, Arif Məmmədovun büdcə yeyintiləri ilə məşğul olduğunu bildirib. Onun sözlərinə görə, direktor dəmir yolu reyslərini, vaqonları kəsib doğrayaraq metal kimi satıb və pulunu mənimsəyib.
Həmçinin o söyləyib ki, nəqliyyat naziri Ziya Məmmədov 2004-cü ildə vəzifəyə gələndə direktoru işində yol verdiyi nöqsanlara görə cəzalandırıb. Belə ki, nazirin əmri ilə direktor tutduğu vəzifədən azad edilib. Lakin daha sonra məsələyə Ziya Məmmədovun qardaşı İldırım Məmmədov qarışıb və ondan xahiş edib ki, Arif Məmmədovu vəzifəsinə bərpa etsin. Yalnız qardaşının xahişindən sonra nazir direktoru 2006-cı ildə işə qaytarıb. Elə həmin vaxtdan başlayaraq zavod rəhbəri dövlət büdcəsindən ayrılan vəsaitləri silməklə məşğuldur. Bu barədə keçən yazılarda ətraflı məlumat verdiyimizdən söhbəti uzatmaq istəmirik. Dünən yenidən redaksiyamıza müraciət edən Sevinc Allahverdiyeva keçmiş əri haqqında yeni məlumatlar verdi.

Onun sözlərinə görə, direktor Gəncə Şəhər İcra Hakimiyyətinin (RİH) başçısı Elmar Vəliyevin arxasınca danışaraq, fürsət tapdıqca onu tənqid edir: «Arif icra başçısının arxasınca çox ağır sözlər işlədir. O deyir ki, icra hakiminə hər ay 18 min manat dəyərində qum, şebel verirəm. İcra başçısı şəhərə ayrılan pulları mənimsəyir, bəzi işlərin pulunu isə məndən çıxarır. Açıq-aşkar söyləyib ki, icra hakimi mənim 400 min manatımı mənimsəyib. Arifin Gəncədə «Qızılgül» şadlıq sarayı var. Şəhərin sabiq icra hakimi Eldar Əzizovun dövründə Arif şadlıq evinin yanındakı 20 sot torpağı alıb. Elmar müəllim Arifdən həmin torpağın sənədlərini istəyib. Direktor icra başçısına torpağın sənədinin surətini verib.

Bundan sonra başçının arxasından xoşagəlməz sözlər deməyə başlayıb. Bildirib ki, elə bil mənlə bərabər 80 min manat sayıb bu torpağı alıb, heç sənədin əslini ona verərəm. Direktor başçını bir növ aldadıb. Harda oturur deyir ki, icra başçısı məni bezdirib, yanacaq, qum, şebel verməkdən bezmişəm». Şikayətçi deyir ki, keçmiş əri icra hakimi ilə yanaşı, Gəncə şəhər prokuroru Adil Vəliyevin də arxasınca xoşagəlməz fikirlər səsləndirir: «Hamıya bəyan edir ki, prokurora pul verirəm, hörmət edirəm.

Elə sözlər var ki, onu qəzetdə demək olmur. Etik qaydalara ziddir. İcra başçısından xahiş edirəm ki, məni qəbul etsin. Ona deyəcəyim hələ çox sözlər var». Bizə çatan məlumatlara görə, Arif Məmmədov deyib ki, heç kim onu həbs edə və cəzalandıra bilməz, çünki lazımi yerlərdən «təmizlik arayışı» almışam.

Ona xatırlatmaq istəyirik ki, hazırda həbsdə yatan bəzi məmurlar da vaxtilə belə fikirləşirdilər. Onlar da heç vaxt həbs olunmayacaqlarını düşünürdülər. Amma bu gün aqibətləri hamıya məlumdur. «Təmizlik arayışı» almaq vəzifədə təmiz olmaq anlamına gəlmir, yoldaş direktor! Arif Məmmədov bir qədər səbrli olsa, aidiyyəti dövlət qurumları ona hər şeyi göstərəcəklər. Hesab edirik ki, tezliklə müvafiq instansiyalar tərəfindən zavod rəhbərinin fəaliyyəti dərindən yoxlanacaq.

Qarşı tərəfin də münasibətini işıqlandıra bilərik.