BolgeXeber.Com » Bölgə » Tərtərin icra başçısı rayonda sahibkarların qənimi kimi tanınır

Tərtərin icra başçısı rayonda sahibkarların qənimi kimi tanınır

27-08-2013, 16:30
Oxunub: 7 104 Ceyhun Cəfərov rayonda icra başçısından daha çox, torpaq alverçisi və sahibkarların qənimi kimi tanınır

Tərtər rayonunda vəziyyət acınacaqlı şəkil alıb. Əhali icra başçısı Ceyhun Cəfərovla ümumi dil tapmağa çalışsa da, bir nəticə hasil olmur. Səbəb isə icra başçısının pul qazanmaq həvəsi və bunun üçün bütün addımları atmasıdır. Elə buna görədir ki, yığılıb qalmış problemlər əhalinin canını boğazına yığıb. Və bu yaxınlarda rayonda keçirilən aksiya da həmin canadoymanın təzahürüdür.
İcra başçısının çıxdığı pul hoqqası
Qeyd edək ki, Tərtərdə sahibkarlara yerli icra hakimiyyəti tərəfindən inanılmaz təzyiqlər başlayıb. Bu barədə yerli sahibkarlar məlumat verib. Belə ki, Tərtərdə kiçik və orta sahibkarlıqla məşğul olan bir qrup sahibkar dünən ona müraciət edərək polis və məmurların təzyiqləri ilə üzləşdiklərini deyiblər.
Sahibkarlar deyir ki, iyulun 26-da günün ikinci yarısında polis əməkdaşları Tərtər şəhərindəki köhnə avtovağzala gedərək orada dükan, çayxana, kafe və bu kimi iaşə obyektləri işlədən sahibkarları oradan qovublar. Bununla da onların sahibkarlıq fəaliyyətinə mane olublar. Bundan əlavə, polislər orada dayanan taksi sürücülərini də oradan uzaqlaşdırıblar. Bu gün (dünən-red.) səhər də polislər yenidən həmin əraziyə gedərək sahibkarları və taksi sürücülərini ora buraxmayıblar. Bununla da onlar sahibkarların işinə mane olublar. Sahibkarların oradan qovulmasında Tərtər Rayon Polis Şöbəsinin rəisi Nəriman müəllim şəxsən iştirak edib.
Köhnə avtovağzaldan 20-dən çox sahibkarın və taksi sürücüsünün qovulduğunu deyən mənbənin sözlərinə görə, apardıqları araşdırma zamanı məlum olub ki, bu işin arxasında Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov durur. O əlavə etdi ki, bir neçə ay öncə həmin sahibkarlar öz vəsaitləri hesabına orada abadlaşdırma və təmir işləri aparıblar. Hüquq müdafiəçisi bu məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət edəcəyini söylədi.
Əldə etdiyimiz məlumata görə, Tərtərdə fəaliyyət göstərən yeni avtovağzalın rəhbəri icra başçısının yaxın adamıdır. Bu məqsədlə də icra başçısı köhnə avtovağzalda işləyən adamları oradan uzaqlaşdırır ki, yeni avtovağzalın fəaliyyəti daha da genişlənsin. Belə ki, köhnə avtovağzal rayonun əlverişli yerində yerləşdiyi üçün oradakı obyektlərə gələn müştərilərin sayı çox olur. Bu da yeni avtovağzalın rəhbərinə sərf etmir. Məlumatda o da bildirilir ki, rayon sakinlərinin köhnə avtovağzalda yerləşən çayxanalara getməsi də qadağan edilib. Gələn məlumatlarda o da bildirilir ki, icra başçısının bu addımı rayonda ciddi narazılıq yaradıb.
Heydər Əliyevə edilən hörmətsizlik
Bu yaxınlarda Qarabağətrafı rayonlara səfərləri gözlənilən prezident İlham Əliyev bir neçə rayonda olsa da, Tərtərə baş çəkmədi. Halbuki Tərtərdə yeni qurulmuş bir sıra obyektlər var idi ki, onların açılışları üçün ciddi hazırlıq görülmüşdü. Amma dövlət başçısının icra başçısı Ceyhun Cəfərovun başçılıq etdiyi rayondan geri dönməsi bir müddət sual olaraq qaldı.
Məlumatlara görə, əslində, bu səfərin reallaşmamasının səbəbi heç də bəsit deyilmiş. Daha doğrusu, bu barədə yayılmış məlumatlara əsasən Tərtər rayonunda Heydər Əliyevin heykəlini qoydurmaq istəyən icra başçısı Ceyhun Cəfərov münasib yer tapa bilməyib. Nəticədə, heykəlin ucaldılacağı ərazidəki ayaqoylunun yeri münasib bilinib. Bu barədə təklifi icra başçısının keçmiş müavini Vidadi Bəylərov versə də, icra başçısı qərara etiraz etməyib. Və tikinti işləri başlayıb. Amma məsələ sonradan prezidentə çatdırılıb ki, o da vəziyyəti bildiyindən Tərtərə baş çəkməyib.
Bəzi bilgilərə görə, Ceyhun Cəfərovun bu hərəkətindən sonra onun işdən çıxarılmasından tutmuş, həbsinə qədər tədbirlərin görülə biləcəyi ehtimalları var. Sadəcə, bunun üçün əlverişli məqam gözlənilir. Seçki ərəfəsində hansısa icra başçısının həbsi hakimiyyətə sərf etmədiyindən gözləmə mövqeyindədir.
İcra başçısı, yoxsa torpaq alverçisi?
Tərtər rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov rayon ərazisində olan münbit torpaqları satır. Mənbənin sözlərinə görə, icra başçısı torpağın hər sotuna görə 2 min manat rüşvət alır.
Qeyd edək ki, hazırda başçı tərəfindən necə gəldi satılan torpaqlar 1993-cü ildə erməni işğalçılarından azad edilən ərazilərdir. Həmin əraziləri Azərbaycan əsgəri öz canı-qanı bahasına azad edib. Belə ki, vaxtilə ermənilərin yaşadığı Marquşavan, Levonarx kəndlərinin münbit torpaqları indi Ceyhun Cəfərov üçün qazanc mənbəyinə çevrilib. Həmin torpaqları düşməndən azad edən əsgərlərin isə əksəriyyəti dünyasını dəyişib, sağ qalanlar isə bu gün böyük ehtiyac içərisində yaşayır.
Xatırlatma üçün bildirək ki, Ceyhun Cəfərov əvvəllər Xətai rayonunda mənzil işlərinə baxıb. Daha doğrusu, rayon ərazisində tikilənm ev və obyektlərə görə pul yığmaqla məşğul olub. Həmin vaxt Xətainin başçısı işləyən İbrahim Mehdiyevin qaynı olan Ceyhun Cəfərovun yığdığı sərvəti isə oğrular aparıb. Hətta bunu televizorda nümayiş etdirdilər. Sonra İbrahim Mehdiyev Yasamala icra başçısı gedəndə Ceyhunu özünə müavin gətirdi. Daha sonra isə Ceyhun Cəfərov Tərtərə başçı təyin olundu.
Cəfərov Prezidenti necə aldatdı?
Ötən ilin oktyabr ayının 7-də prezident İlham Əliyev Tərtər rayonuna səfər edir. Həmin səfər haqqında rəsmi və qeyri-rəsmi informasiya agentlikləri məlumatlar yayıblar. Dövlət başçısının Tərtər rayonuna səfəri haqqında rəsmi məlumat prezidentin rəsmi saytı olan www.president.gov.az da bu haqda rəsmi məlumat yerləşdirilib. president.az/articles/6372 -ünvanda yerləşdirilən həmin məlumatda Tərtər rayon icra hakimiyyətinin başçısı bildirir ki, Tərtər rayonunun Köçərli kəndində 3 min tonluq “soyuducu anbar” kompleksi inşa edilib. Bu obyektin Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına tikildiyini bildirən icra başçısı obyektin fəaliyyətini təmin etmək üçün rayonda 30 hektar ərazidə soğan əkildiyini də bildirib. İcra başçısının prezidentə verdiyi məlumatlar Tərtər rayonunda, özü də cəbhə xəttində yerləşən bir rayonda infrastruktur layihələrin inşaasının uğurla həyata keçirildiyindən xəbər verir. Necə deyərlər, Tərtər rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərovun avazı yaxşı gəlir, ancaq ....
Bu məsələnin qəliz tərəfi ondan ibarətdir ki, Tərtər rayon Köçərli kəndində heç bir infrastruktur layihə, o cümlədən də “soyuducu anbar” inşa edilməyib. İndi Tərtər rayon sakinləri icra başçısının bu addımına ad qoymağa çətinlik çəkirlər. Bilmək olmur bu icra başçısının Prezidentə 7 oktyabr zarafatı olub, yoxsa məmur dövlət başçısını həqiqətən də aldatmaq niyyəti ilə bunu edib. Məsələnin maraqlı məqamlarından biri də budur ki, bu haqda rəsmi mətbuatın məlumatları da var və həmin məlumatlara inanan insanlar da aldanıb. Necə ki, rəsmi məlumatlara inanan bir sahibkar 40 ton soğanı maşınalara yükləyərək Tərtər rayonunun Köçərli kəndinə gedib ki, məhsulunu anabara yığıb, sonra satsın. Tərtər rayon Köçərli kəndinə çatdıqda isə burada heç bir Soyuducu anbar olmadığını görüb, geri qayıtmaq məcburiyyətində qalıb. Həmin gündən isə rəsmi məlumatlara inanmır və hər bir məlumatı məmurların növbəti yalanı kimi qəbul edir. Ceyhun Cəfərov isə Tərtər rayon icra hakimiyyətinin başçısı vəzifəsini daşımaqda davam edir.