BolgeXeber.Com » Bölgə » Novruz Novruzov Şabranda vətəndaşları fikirləşmir

Novruz Novruzov Şabranda vətəndaşları fikirləşmir

29-08-2013, 09:25
Oxunub: 6 304 Novruz Novruzov Şabranı xarabalığa çevirməklə məşğuldur
Yerləşdiyi coğrafi mövqeyi baxımından Şabran (köhnə adı Dəvəçi-S.M) ölkənin ən əlverişli rayonlarından biri hesab edilir.
Böyük Qafqazın Şimal-Şərqində, paytaxt Bakıdan 123 km məsafədə yerləşməklə şərqdən 24 kilometr məsafədə Xəzər dənizi ilə əhatə olunan rayon Siyəzən, Xızı, Quba, Xaçmaz rayonları ilə qonşudur. İnsanların əsas məşğuliyyəti maldarlıq və kənd təsərrüfatı sahələri ilə bağlıdır.
2007-ci ilə qədər pis-yaxşı dolanışıq şəraitini təmin edə bilən rayon sakinləri bundan sonra ağır sosial problemlərin girdabına düşüblər. Həmin ildən etibarən Rayon İcra Hakimiyyətinin (RİH) başına Novruz Nəcəf oğlu Novruzovun keçməsi Şabran sakinlərinin gələcəyə ümidlərini azaldıb və günlərini qara edib. İcra başçısı vəzifəyə keçəndən sonra vətəndaşlarla heç bir halda arzuolunan səviyyədə münasibət qura bilməyib. Şikayətləri diqqətə çatdırmamışdan qabaq bildirək ki, icra hakimi 1954-cü ildə Lerik rayonunun Zövnə kəndində anadan olub. Bakı Sosial İdarəetmə Politologiya İnsititutunda politoloq ixtisası üzrə təhsil alıb. 1995-ci ildə Lerik Rayon İcra Hakimiyyətində şöbə müdiri, 2002-ci ildə isə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. 2007-ci ildən bu günə kimi isə adıçəkilən rayona rəhbərlik edir. Aldığımız ən son məlumatlara görə, icra başçısı rayonu göz görə-görə uçuruma sürükləyir: «Vaxt var idi, Şabran şimal bölgəsinin ən inkişaf etmiş rayonu sayılırdı. İndi isə rayonda işsizlik, qanunsuzluq, məmur özbaşınalığı hökm sürür. Rayonda inkişaf yönündə iş aparılmır. Bütün sahələrdə problemlər mövcuddur. Normal iş yerləri yoxdur ki, camaat gedib pul qazansın, ailəsini dolandırsın. Heç nədən qorxmadan deyirəm ki, başçı vətəndaşları fikirləşmir. Əgər mənə inanmırsınızsa, rayona gəlin və hər şeyi gözünüzlə görün. Rayonun mərkəzində və kəndlərdə boş yer tapmaq mümkün deyil. Bütün boş sahələri kimlərəsə satıb pul qazanıblar. İcra başçısı Rəhimli icra nümayəndəliyində Udulu adlanan ərazinin 400 hektarını zəbt edib. Burda özü üçün ferma tikdirib, mal-heyvan saxlatdırır. Camaat min bir zülmlə çörək pulu qazanır, amma başçı kefinə korluq çəkdirmir». Qeyd edilir ki, icra başçısı vəzifəyə təyin olunandan sonra Şabranın abadlaşdırılması üçün dövlət büdcəsindən təxminən 15 milyona yaxın vəsait ayrılıb: «Həmin vəsaitin heç 5 milyonu quruculuq işlərinə sərf edilməyib. Maraqlanan və araşdıran yoxdur ki, yerdə qalan 10 milyon hara gedib. Bu pul kimlərsə tərəfindən həzm edilib. Nəzərdə tutulan işləri isə başçı yerli sahibkarlara zorla gördürüb. Onları şərlətdirib həbs etdirəcəyi ilə hədələyib. Bundan qorxuya düşən sahibkarlar isə həbsə girməkdənsə, ciblərindən pul xərcləyib rayonun inkişafı üçün iş görməyi üstün tutublar. Şabranın turizm zonaları başçının birbaşa əli ilə hansısa iş adamlarına, imkanlı şəxslərə satılıb.
Onun özünün də istirahət bölgələrində obyektləri var. Ağalıq meşəsinin bir hissəsini məhv edən icra hakimi burda özünə şadlıq evi, hotel və restoranlar tikdirib. O, vəzifəsinə aid olmayan işlərə daha çox vaxt sərf etdiyi üçün rayonda fəaliyyət göstərən idarə və müəssisələrdə vətəndaşlar süründürməçiliklə üzləşirlər. Şabranın səhiyyə, təhsil, maliyyə və mədəniyyət sahələri böhran dövrünü yaşayırlar.
Vətəndaşlar əsassız olaraq incidilirlər. İcra hakiminin özbaşınalıqlarına etiraz olaraq rəsmi orqanlara, cənab prezidentə saysız müraciətlər ünvanlamışıq. Amma haqq səsimizin ölkə rəhbərinə çatmasına imkan vermirlər. Rayon rəhbərinin Prezident Administrasiyasında qohumu işləyir. Həmin adam kimdirsə qoymur ki, bizim məktublarımızı ölkə başçısı oxusun. Sizin vasitənizlə ölkə rəhbərindən xahiş edirik ki, Şabranı xarabalığa çevirən Novruz Novruzovu vəzifədən kənarlaşdırsın və onun yerinə öz rayonumuzdan olan bacarıqlı birini təyin etsin.
Qarşı tərəfin də münasibətini dərc etməyə hazırıq.xalqxeber