Müxalifətin vahid namizədi Londona çağırıldı
29-08-2013, 10:35
Oxunub: 4 959
Qərb Milli Şuranı “Rusiya proyekti”ndən çıxarır; Cəmil Həsənli Qərb ölkələrinin səfirləri ilə görüşdü və Londona dəvət edildi; Avropa Birliyinə daxil ölkələrin Bakıdakı səfirlikləri birgə bəyanat yaydı; Böyük Britaniyada seçki müzakirələri nəyə hesablanıb?
“İndi bir paytaxt (Moskva) oyundan çıxır, başqa bir paytaxt (London) dövriyyəyə girir və müxalifətə əl uzadır...” Mərkəzi Seçki Komissiyası Rüstəm İbrahimbəyovun namizədliyini qeydə almaqdan imtina etdikdən sonra Milli Şuranın şəriksiz vahid namizədi statusunu alan professor Cəmil Həsənlinin personasına Qərbin diqqəti nəzərəçarpacaq dərəcədə artıb. Dövlət başçısı İlham Əliyevin prezidentliyə üçüncü namizədlik məsələsinə, eləcə də R.İbrahimbəyovun Bakıya qayıtmasına yaradılan əngəllərə soyuq susqunluq nümayiş etdirən Qərb əlbəttə ki, sifətini qorumasının da qayğısına qalmalıdır.
Məhz bu səbəbdən avqustun 28-də Qərb sanki Azərbaycanda seçkiöncəsi proseslərə yön verəcək yeni bir həvəslə fəaliyyətə keçib. Əvvəl Avropa Birliyinin Bakıdakı nümayəndəliyi quruma üzv dövlətlərin Azərbaycandakı missiya rəhbərləri ilə birgə razılaşdıraraq, ABŞ və Norveç diplomatik missiyaları ilə birlikdə bəyanatla çıxış edib.
Bəyanatda qeyd olunur ki, seçkilərin yaxınlaşdığını nəzərə alaraq, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi seçki prosesinin hamı üçün açıq, şəffaf və etibarlı şəkildə keçməsini ürəkdən arzulayır və buna ümid edir: “Demokratik siyasi ifadə və sərbəst toplaşmaq azadlığının reallaşması məqsədilə azad və açıq məkanın fəaliyyət göstərməsi üçün biz hökuməti zəruri şəraiti təmin etməyə çağırırıq.
Biz hökuməti cəmiyyətin bütün dairələrini, o cümlədən müstəqil qeyri-hökumət vətəndaş cəmiyyəti təşkilatlarını konstruktiv dialoqa cəlb etməyə çağırırıq.
Seçkilərin hamı üçün şəffaf və açıq şəkildə keçməsini dəstəkləmək üçün hökumətin beynəlxalq tərəfdaşlarla, xüsusilə də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə yaxından işləməsini tövsiyə edirik".
Bu bəyanatın ardınca isə Cəmil Həsənli və Milli Şurada təmsil olunan müxalifət liderlərinin ölkəmizdə fəaliyyət göstərən səfirliklərin nümayəndələri ilə görüşü barədə xəbər yayılıb. Paytaxt restoranlarının birində keçirilən görüş yemək masası arxasında baş tutub.
Görüşdə Cəmil Həsənlidən başqa Müsavat başqanı İsa Qəmbər, EL hərəkatının lideri Eldar Namazov və AXCP sədri Əli Kərimli də iştirak edib.
Hansı məsələlərin müzakirə edildiyi açıqlanmasa da, aydındır ki, görüşün əsas məqsədi MŞ-nin vahid namizədi ilə tanışlıq xarakteri daşıyıb. Prezidentliyə namizədliyi belə hələ təsdiqlənməyən C.Həsənliyə diqqətdən belə görünür ki, Qərb diplomatları oktyabrın 9-da keçiriləcək seçkidə hakimiyyətin əsas rəqibinin MŞ-nin vahid namizədi olacağını qəbul edirlər və bu yarışmanın mümkün qədər obyektiv olmasını arzulayırlar. Bu, həm də hakimiyyətə ünvanlanmış mesajdır ki, heç olmasa bu dəfə müxalifətin dəstəklədiyi namizədin qeydiyyatında süni əngəllər yaratmasınlar.
Elə həmin gün daha bir maraqlı xəbər də yayılıb. Məlum olub ki, Cəmil Həsənli Böyük Britaniyaya səfərə dəvət olunub. Səfər sentyabrın əvvəllərində reallaşacaq və MŞ-nin vahid namizədini müxalifət liderləri müşayiət edəcək. Kral İnstitutunun dəvəti ilə gerçəkləşəcək səfər 5 gün davam edəcək. İngiltərə parlamentində, Xarici İşlər Nazirliyində, “BBC” TV-də, “Artikl 19" təşkilatında keçiriləcək görüşlərdə seçkiqabağı vəziyyətlə bağlı müzakirələr aparılacaq. Müsavat başqanı İsa Qəmbərin, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının və MŞ Aparatının rəhbəri Eldar Namazovun da Londona gedəcəyi gözlənilir. Eyni zamanda Milli Şura sədri Rüstəm İbrahimbəyovun orada olacağı bildirilir.
Londonun dünya siyasətinin müəyyənləşməsində önəmini qeyd etməyə ehtiyac yoxdur. Əgər Vaşinqtonda hansısa bir mühüm qərar verilirsə, uzaq Amerikaya getməyə lüzum qalmır. Dərhal ABŞ-ın müttəfiqləri dövriyyəyə girir və bu missiyanı Amerikanın Avropadakı ən sadiq müttəfiqi Böyük Britaniya öz üzərinə götürür. ABŞ-ın oktyabr seçkisi ilə bağlı hansısa ciddi qərar verdiyini iddia etmək tezdir, amma Qərbin bir sutkadakı hərəkətliliyinin ardınca müxalifətin önəmli fiqurlarının Londona dəvətinin daha ciddi səbəbləri ola bilər.
Sirr deyil ki, London həm də Qərbin dünyadakı bir sıra gərgin bölgələrdə dəstək verdiyi müxalifətlə görüş nöqtəsidir. Qərb yaxşı anlayır ki, 9 oktyabr seçkilərindən sonra Azərbaycandakı stabilliyi qoruyub saxlamaq üçün ənənəvi müxalifətlə təmaslar indindən başlamalıdır və bu, çox önəmlidir. Daxildən xeyli sıxışdırılan və repressiyaya məruz qoyulan Azərbaycan müxalifətinə Qərbin “sahiblənməsi” həm də Milli Şuranın “Rusiya proyektindən” birdəfəlik çıxarılmasına hesablanmış proses və ya göstəri də ola bilər. MŞ-nin Tiflis görüşündən sonra Saakaşvili də dilə gələrək İbrahimbəyovun Moskvaya qayıtmasına işarə edib qurumu Rusiya ilə işbirliyində günahlandırması hakimiyyətə ittihamlar üçün əsas yaratmışdı. Qərb isə iki jesti ilə MŞ-nin yeni vahid namizədinin Qərb dəyərlərinə bağlılığına açıq işarə vermiş oldu. Yəni İbrahimbəyov məsələsində nə qədər ehtiyatlı davranırdısa, C.Həsənli ilə təmaslarda ciddi şəkildə maraqlı olduğunu ortaya qoyur. Rusiya prezidentinin Bakı səfəri ərəfəsi verilən “STOP” işarəsi neçə vaxtdır dəyişiklik arzulayan cəmiyyətdə kifayət qədər ruh düşkünlüyü yaradıb. İndi bir paytaxt (Moskva) oyundan çıxır, başqa bir paytaxt (London) dövriyyəyə girir və müxalifətə əl uzadır. Qorxmadan və çəkinmədən həm də.
Bu təmaslar neçə vaxtdır “Rusiya kimliyi” (pasportu) səbəbindən seytnotda olan müxalifətə yarışdan geri qalmamaq üçün ciddi dəstək və ayaqlanmaq üçün nəfəsdir. Müxalifətin kifayət qədər dəyərli zaman itirdiyini nəzərə alsaq, bu dəstəyin nə qədər önəmli olduğu aydın görünür.
MSK imza vərəqlərini verdikdən sonra C.Həsənli üçün ən qısa müddətdə imzaları toplanıb, təhvil verilməlidir. Partiyalar C.Həsənlinin harada açıq, harada qapalı görüşlər keçirə biləcəyinin mümkünlüyünü araşdırır. Milli Şuranın növbəti mitinqinin isə sentyabrın 15-də olacağı planlaşdırılır. AB-nin bəyanatından da hakimiyyətə mitinqləri keçirmək üçün açıq cağırış var. Görüləsi işlər çoxdur və xeyli zaman itirmiş və bir az aldadılmış, bir az məyus olmuş müxalifətə mütləq əlavə impuls lazım idi. Zənnimizcə, bu dəstək gəldi və davamlı da olacaq.
musavat.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər