BolgeXeber.Com » Bölgə » Lənkəranda rəzalət -İSTİ-İSTİ

Lənkəranda rəzalət -İSTİ-İSTİ

30-08-2013, 21:00
Oxunub: 5 739 İcra Hakimiyyəti və məhkəmənin hakimi rayonda pulla uşaq satırlar

Lənkəranda rəzalət dolu hadisə baş verib. JAM.AZ-ın aldığı məlumata görə, bu gün rayon Məhkəməsində keçirilən proses zamanı iki körpə uşaq pul müqabilində anasından alınaraq, atasına verilib.

Məlumatda deyilir ki, proses hakim Fuadın rəhbərliyi altında həyata keçirilib. Məhkəməyə müraciət edən Abbasova familiyalı şəxs həyat yoldaşından boşanması və iki azyaşlı uşaqlarının ona verilməsi ilə bağlı məhkəmə qarşısında iddia qaldırıb. Amma şərti adları G və Ə Abbasovlar (adları bizə məlum olan bu uşaqların birinin 4, digərinin isə 1 yaşı var) olan bu körpələrin analarından alınaraq, atasına verilməsi prosesi yekunlaşıb. Və hakim Lənkəran rayon İcra Hakimiyyətinin Emin adlı əməkdaşları ilə birlikdə uşaqları zorla analarından alaraq, heç bir səbəb göstərmədən atasına veriblər.

Məlumatda vurğulanır ki, Lənkəran rayon İcra Hakimiyyətinin işçisi olan Emin ata Abbasova qəyyumluq haqqında arayış satıb. Bunun müqabilində 1000 manat pul alıb ki, onun da hamısının icra başçısı Taleh Qaraşova çatacağını deyib. Bundan əlavə ata Abbasov Lənkəran Məhkəməsinin hakimi Fuadla da danışıq apararaq, ona 5000 manat pul verib ki, uşaqların ona verilməsi barədə qərar çıxartsın. Hakim də həmin pulu alaraq, bunun yuxarılarla bölüşdürüləcəyini bildirib və qətnamənin onun xeyrinə çıxarıb.

JAM.AZ-a verilən məlumatda deyilir ki, Abbasovlar ailəsində boşanmanın səbəbi gəlinə edilən haqsızlıq olub. Belə ki, 4-5 ildir evli olan ər-arvad iki uşaqları olmasına rəğmən ciddi problemlər yaşayıblar. Xüsusən də gəlin qaynata və qaynananın zülmü ilə üzləşib. Baş verənlərə dözə bilməyən Abbasova sonuncu dəfə ərinin valideynləri tərəfindən döyüldükdən sonra dözməyərək evi tərk etməli olub. 10 gün Bakıda qaldıqdan sonra öz validyenləri ilə əlaqə saxlayıb. Həmin müddətə qədər isə gəlinin ata və anası Lənkəran rayon Polis Şöbəsinə müraciət edərək, qızlarının tapılmasını istəyiblər. Hətta onu da bildiriblər ki, övladlarının öldürülə biləcəyindən narahatdırlar. Təəssüf ki, həm rayon polisi, həm də prokurorluq orqanları işə qeyri-ciddi yanaşıblar.


İddialara görə, hadisə ilə bağlı araşdırma aparan Lənkəran polisi və prokurorluğu gəlinin ərini çağıraraq, ondan külli miqdarda pul alıblar. Bununla da işi ört-basdır ediblər.

Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.