Masallıda əmlak davası
1-09-2013, 16:35
Oxunub: 6 329
5 illik əmlak davası
Son anda bu mübahisə Konstitusiya Məhkəməsinə qədər yüksəldi
Saxta sənədləri kimlər və hansı təşkilatlar verib?
Cəbrayılın və Masallının icra hakimiyyətləri qarşı tərəfi niyə və necə müdafiə ediblər?
Vahid Mirzəyev niyə vəzifəsindən çıxmağa məcbur edildi və niyə onun haqqında cinayət işi açmaq istəyirdilər?
Bu davadakı şəxslərin əmlakları haqqında hansı məlumatlar var?
Qəriblər kəndindəki Ərazi Nümayəndəliyinin binası niyə yandırıldı?
Qarşı tərəf və yazıda adı çəkilənlər deyilənlərə necə münasibət bildirdi?
İndi kiminsə haqsızlıqla üzləşməsi, əmlakının əlindən alınması, vəzifəsindən qanunsuz uzaqlaşdırılması elə də təəccüblü deyil. Əksəriyyət “onsuz da düzələn deyil”, - deyib əlini hər şeydən üzür, taleyi ilə barışır, ya küncdə-bucaqda deyinməklə özünü sakitləşdirir. Eləsi də var ki, pirlərə, ocaqlar nəzir qoyub, haqsızlığa meydan vermiş adamları Həzrət Abbasa tapşırır, hətta bəzi fırıldaqçı mollalar vasitəsi ilə ona ərizə də yazdırır. Lakin tam fərqli insanlar da var. Belələri bütün bürokratik əngəllərə, təzyiqlərə, təqiblərə, hədə-qorxulara baxmayaraq, qanunlar çərçivəsində öz hüquqları uğrunda mübarizə aparır, sözün əsl mənasında vaxtını, əsəblərini, pulunu qurban verərək döyüşür, təslim olmur. Həmin şəxslərdən biri də Qəriblər kənd sakini Vahid Mirzəyevdir. 5 il öncə ona məxsus torpaq və tikililər bu şəxsin əlindən alınıb. Lakin o, buna dözməyib və haqqı uğrunda mübarizəyə qalxıb. Bütün bu proseslərlə bağlı 20-dən artıq təşkilatın, o cümlədən “Qaçqınkom” sədrinin, Ombudsmanın, Ali Məhkəmə sədrinin, “Əmlak komitəsi” sədrinin, Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının, Prezident Aparatının, Milli Məclisin, Baş Prokurorluğun, FHN və digər əlaqədar təşkilatların rəsmilərinin, deputatların, qəzet redaktorlarının qəbulunda olub, bu işə aylarla, illərlə vaxt sərf edib. Dəfələrlə təzyiqlərə, təqiblərə, hədələrə, şantajlara məruz qalıb, lakin mübarizəsini dayandırmayıb və sonda qalib gəlib. Bütün bu olayları Vahid Mirzəyevin öz dilindən sizə təqdim edir və xatırladırıq ki, yazıda adları çəkilən şəxslərə də Vahid Mirzəyevin dediklərinə mövqeyini bildirmək üçün qəzetimizdə yer ayırmağa hazırıq.
İddiaçı Vahid Mirzəyevin dedikləri:
Hər şey Masallı rayonunun Qəriblər kəndindəki 1 hektar torpaq sahəsinin bu kənddən 15 kilometr aralıda, Şərəfə kəndində məskunlaşan məcburi köçkün Qurban Həşimov tərəfindən saxta yollarla özəlləşdirilməsindən başladı.
1989-cu ildə Masallı Rayon XDS İcraiyyə Komitəsinin qərarı ilə bu rayonun Qəriblər kəndində “Turan” adlı kooperativ fəaliyyətə başlayır. Kooperativin sahibləri, yəni mən və yaxın qohumlarım əvvəl öz ata-baba torpağımızda quşçuluqla məşğul olurduq. Daha sonra isə fəaliyyətimizi genişləndirmək üçün “Viləşçay”dəryaçasının tikintisi üçün müvəqqəti olaraq ayrılmış, lakin istifadəsiz qalmış, 26 saylı SMD-nin ehtiyat torpaq sahəsindən (Masallı-Yardımlı magistral yolunun “Viləşçay” dəryaçasına gedən yolun qərb tərəfində) 1,4 hektar torpaq sahəsini bu kooperativin istifadəsi üçün icarəyə götürdük (01 aprel 1990-cı il). Həmin vaxt bu torpağın üstündə daş çaylarından yardımçı tikililəri olan 29 saylı SMD ilə də (Rəhbəri Ağabəy Ağayev) müvafiq müqavilə bağladıq və bu tikililəri 10 il müddətinə icarəyə götürdük (01.04. 1990-cı il). Bütün bunlardan sonra “Turan” kooperativi bu ərazidə quşçuluğun və kənd təsərrüfatı məhsullarının istehsalı üçün fəaliyyətə başladı. Masallı AİB-nin o vaxtkı sədri Malik Abıyevin yaxından köməyi ilə bu kooperativə xeyli təzə və işlənmiş kənd təsərrüfatı maşınları verildi (Təkərli traktor, kombayn, zəncirli traktor və sair). Həmçinin icarəyə götürülmüş binalarda təmir işləri aparıldı. Bu binalardan birində, ayrı-ayrı otaqlarda kooperativin ofisi və tikiş sexi yerləşirdi. 2008-ci ilə qədər bu işlər davam etdi. Həmin müddətdə “Turan” kooperativi sərəncamında olan texnika ilə xeyli kənd təsərrüfatı məhsulları istehsal etdi və Rusiya bazarına çıxartdı, onlarla kənd sakini işlə təmin edildi.
2000-ci ildə Qəriblər kəndi Qodman Ərazi Vahidliyinin tərkibindən çıxarılıb müstəqil nümayəndəlik kimi fəaliyyətə başlayan zaman o vaxtkı icra başçısı Teymur Yəhyayev “Turan” kooperativinin rəhbərini, yəni məni - Vahid Mirzəyevi yanına çağırıb dedi ki, biz səni Qəriblər ərazi nümayəndəsi təyin edirik. Həmçinin icra başçısı göstəriş verdi ki, yeni nümayəndəlik üçün sosial bina olmadığından sənin kooperativinin icarəsində olan ofisindən həm də nümayəndəlik binası kimi istifadə etməlisən. Belə də etdik.
2000-ci ildə “Turan” kooperativi ilə tikinti təşkilatları arasında bağlanmış müqavilənin müddəti bitdi. Lakin tərəflərdən heç biri müqaviləni uzatmaq barədə iddia qaldırmadı. Mövcud qanunlara görə, belə vəziyyətdə müqavilənin müddəti nə qədərdirsə, o qədər də artırılır. Lakin həmin müddətdə mən bu torpaq sahəsini və üstündə icarəyə götürdüyüm yarımçıq tikililəri özəlləşdirmək üçün müvafiq təşkilatlara (18 aprel 1995-ci ildə 29 saylı SMD-nin rəhbəri Daxıl İbayevə, 23 iyun 1995-ci ildə Lənkəran Su-Tikinti Trestinin rəisi Əlnazim Axundova) məktublar göndərdim ki, müqavilə şərtlərinə yenidən baxsınlar. Lakin cavab məktubları gəlmədi. 1995-ci ildə 29 saylı SMD-yə rəis gələn Daxıl İbayev trestin baş mühəndisi ilə kəndə gəlib məndən 4 min manat pul istədi. Tələbləri qanunsuz olduğu üçün onları ərazidən qovdum. Bu məsələ Lənkəran Su Trestinin rəhbərliyi səviyyəsinə qədər qalxdı. Sonra yenə fəaliyyətimə davam edir və icarə haqlarımı ödəyirdim. Lakin vaxtaşırı 26 saylı SMD-nin təzyiqlərinə məruz qalırdım.
2007-ci ildə, ərazi nümayəndəsi işlədiyim vaxt kənd stadionu üçün və ərazi nümayəndəliyinin binası üçün torpaq sahəsi də ayırdıq. Həmçinin nümayəndəlik üçün nəzərdə tutulmuş binanın özülünü qazdırıb öz vəsaitim hesabına beton da vurdurdum. 2003-cü ildə isə həmin yardımçı binaların satışa çıxarılması üçün Rayon Əmlak Komitəsinin Masallı rayon şöbəsinə müraciət etdim. Müvafiq eskizlər çəkildi. Balans sahibi kimi 26 SMD-nin rəhbəri Daxıl İbayev müvafiq sənədlərin bir qisminə möhür vurdu və buna görə məndən 2000 dollar pul istədi. Həmin pulu vermədiyim üçün bu iş əngələ düşdü. Daha sonra Əmlak Komitəsinin Cəlilabad Regional şöbəsinin rəhbəri Qalib Xudaverdiyev, Masallı şöbəsinin müdiri Cəfər Gözəlov, onun mütəxəssisləri Şöhrətdin Abbasov, 26 saylı SMD-nin müdiri Daxıl İbayev birləşərək bu əmlakın özəlləşdirməyə çıxarılmasına mane oldular. Daim mənə vədlər verirdilər. Lakin əmlakın özəlləşdirmə tarixini gizlətdilər. 2008-ci ildə isə mənə bəlli oldu ki, 1990-cı ildən mənim icarəmdə olan torpaq və tikililər Qurban Həşimov adlı şəxsə satılmışdır. Halbuki, Azərbaycanın müvafiq qanunlarına görə belə hallarda torpaq kimin icarəsində, yaxud istifadəsindədirsə, öncə ona təklif olunmalıdır.
Bəs Qurban Həşimov kimdir?
Qurban Həşimov Cəbrayıl rayonunun Veysəlli kəndində anadan olmuş, hazırda Masallı rayonunun Şərəfə kənd klubunda məskunlaşmış, əvvəllər mənim kooperativimə məxsus ofisdə yaşayan, sıravi polis işçisi olmuş, indi “Ulu dağ” istirahət mərkəzini çalışdıran şəxsdir. Bundan əlavə Masallıdakı “Turan” İstirahət Mərkəzinin də ona məxsus olduğu bildirilir. Digər məlumata görə Q. Həşimovun həmin ərazidə bir çayxanası da var.
Onu da bildirim ki, Qurban Həşimov 2000-2008-ci illərdə Masallı-Yardımlı yolunda polis patrul xidmətində nəzarətçilərdən biri idi. Və mən də həmin ərazidə icra hakimiyyətinin nümayəndəsi olduğum üçün normal münasibətlərimiz var idi. Heç inanmazdım ki, o, mənim icarəmdə olan torpağa, çalışdığım ərazi nümayəndəliyinin binasına göz dikər.
Amma o, bunu etdi. Məlum oldu ki, 29 iyul 2008-ci ildə o, mənim icarəmdə olan 1,4 hektar torpaq sahəsinin 1 hektarına və onun üstündəki tikililərə güya hərrac yolu ilə sahib olaraq Şəhadətnamələr əldə etmişdir.
Bu işdə qanunsuzluqlar nədən ibarət olub?
1990-ci ildən mənim rəhbərlik etdiyim “Turan” kooperativinin icarəsində olan torpaq sahəsi və onun üzərindəki yarımçıq tikililər müvafiq qanunlara zidd olaraq (bizim ailənin icarədar kimi üstünlük hüquqları ola-ola), bizim orada iştirakımız təmin edilmədən satılmış, Qurban Həşimova da həmin torpağa və tikililərə dair Şəhadətnamələr verilmişdir. Bundan xəbər tutan Qəriblər kənd sakinlərinin bir qrupu həmin qanunsuzluğa qəti etiraz etmiş və Qurban Həşimovu həmin əraziyə buraxmamışlar. Narazılıqlar isə Masallı Rayon Polis Şöbəsinə qədər gedib çıxmışdı.
Hadisə prosesində məlum oldu ki, Qurban Həşimovun burada möhkəm müdafiəçiləri və havadarları olan həmyerliləri var imiş. Bunlar əslən Cəbrayıl rayonundan olan Masallı RPŞ-nın o vaxtkı istintaq bölməsinin rəisi Azər Bünyətov, Masallı prokurorunun müavini Vaqif Bayramov idi. Onlar həqiqəti araşdırmaq əvəzinə, işi elə yönəldirdilər ki, mən - ziyançəkən günahkar olum. Güya kənddə hökumət əleyhinə aksiya keçirilib. Buna görə də mənim haqqımda cinayət işi açmağa çalışırdılar.
Mən elə bilirdim ki, o vaxtı icra başçısı Qəzənfər Ağayev kənd icra nümayəndəliyi binasının qanunsuz şəkildə satılmasına qarşı çıxaraq, daha obyektiv mövqe tutacaq və bu özbaşınalığın qarşısını alacaq. Lakin belə olmadı. Yeri gəlmişkən onu da xatırladım ki, bu olaydan öncə mən Qəzənfər Ağayevin tapşırığı ilə özümün və yerli sahibkarların köməyi ilə 15 min manatdan artıq xərc çəkərək Qəriblər ərazisindən keçən 5 kilometrlik yolun kənarlarını işıqlandırma sistemi ilə təmin etmişdik. Lakin bütün bunlar Q. Ağayevin nəzərində olmadı və kənd ağsaqqalları ilə məni qəbul edərkən haqqın yox, nahaqqın yanında duraraq bu işdən əl çəkməyimi tələb etdi. Etiraz etdiyimi görəndə isə şöbə müdiri Adəm Məhərrəmov vasitəsi ilə xəbər çatdırdı ki, ərizə yazıb, işdən çıxım. Mən etiraz edəndə yoxlama komissiyası göndərdi ki, fəaliyyətimi yoxlatdırıb məni şura iclasının qərarı ilə çıxartsınlar. Başladılar öncə rəhbərlik etdiyim ərazidəki büdcə təşkilatlarının fəaliyyətini yoxlamağa. Onu da xatırladım ki, həmin dövrdə rayon maliyyə şöbəsinin rəhbərliyi obyektiv mövqe tutaraq Q. Ağayevin qərəzli tapşırıqlarını icra etmədi. Yoxlama dövründə isə icra aparatının məsul işçiləri Adəm Məhərrəmov və Vəli Muxtarov təklif edirdilər ki, ərizə verib işdən çıxsan, daha yaxşı olar.
Mən bu təzyiqlərdən narahat olaraq şərlənəcəyimi bildim və ailəmi də götürüb Bakıya getdim. Bu həmin vaxtlar idi ki, Qurban Həşimov havadarlarının və “sapı özümüzdən olan bəzi baltaların” - həmyerlilərimin, saxta hacıların köməyi ilə Qəriblər ərazi nümayəndəliyinin yerləşdiyi, sənədlə “Turan” kooperativi ofisinin bir hissəsi olan otağı zəbt edib, artıq orada əyləşmişdi. (Bu işdə xüsusi fəallıq göstərən adlarını növbəti saylarımızda açıqlayacağıq).
Zahir ƏMƏNOV
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər