İmişli Qaz İstismar Sahəsində özbaşnalıq
4-09-2013, 11:25
Oxunub: 21 219
“Qazlaşdırma prosesi sürətlə gedir. Bu ilin sonuna qədər qarşıya vəzifə qoyulmuşdur ki, bütün yaşayış məntəqələrinin 90 faizi qazlaşdırılmalıdır. Xüsusilə, indi bölgələrdə bu iş geniş vüsət almışdır. Elə etməliyik ki, biz qazlaşdırmanı maksimum dərəcədə təmin edək.”
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söyləyib. Dövlət başçısı “qarşıya vəzifə qoyulmuşdur” deyərkən 4 il əvvəl qəbul edilən “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı nəzərdə tutub. Həmin sənədə görə (4.3.2.166-cı bənd) 2013-cü ilin sonunadək İmişi rayonun bütün yaşayış məntəqələri qazlaşdırılmalıydı.
Amma artıq demək olar ki, rayonun tam qazlaşdırılması, proqramda nəzərdə tutulan müddətdə mümkün olmayacaq.
“Hələ heç rayon mərkəzi də tam qazlaşdırılmayıb”
İmişli Rayon Qaz İstismarı İdarəsinin baş mühəndisi Yelmar Əliyev planda nəzərdə tutulan tədbirlərin təxminən 1/3 hissəsinin icra olunduğunu deyir: “Rayon üzrə 21118 təsərrüfat subyektindən 7125-i mavi yanacaqla təmin olunub. Rayon mərkəzində bu iş artıq başa çatmaq üzrədir. Eyni vaxtda kəndlərə də qaz xətlərinin çəkilişi davam edir və 2014-cü ilin əvvəlinə qədər rayonun bütünlüklə qazlaşdırılması nəzərdə tutulub”.
“Bu istiqamətdə işlər çox ləng aparılır”
İmişli rayonunda 1 şəhər, 1 qəsəbə və 47 kənd olduğunu, 8 il ərzində rayon mərkəzinin tam qazlaşdırılmadığını nəzərə alsaq, “mavi yanacağın” hətta növbəti ilin əvvəlinədək də ucqar kəndlərə gedib çıxacağı çox böyük sual altındadır. Bu narahatlıq fevralın 5-də İmişli Rayon İcra Hakimiyyəti başçısının ötən ilin yekunları ilə bağlı hesabat məruzəsində də dilə gətirilib: “… bu istiqamətdə görülən işlər çox ləng aparılır. Bu sahədə işlərin sürətləndirilməsi təmin edilməlidir” (http://www.imishli-ih.gov.az/news/42.html).
Dövlət Statistika Komitəsi İmişli rayon şöbəsinin müdiri Ərzulla Zeynalovun verdiyi məlumata görə, hazırda rayonun əhalisi 120 min nəfərə yaxındır. Əhalinin və abonentlərin sayını uzlaşdırdıqda məlum olur ki, rayon sakinlərinin təxminən 3/1 hissəsi təbii qazdan istifadə edə bilir. Deməli, 80 minə yaxın imişlili “mavi yanacaq” təminatından kənardadır.
Sürətləndirmə üçün də pul ayrılıb
İqtisadçı Natiq Əliyev fikincə, işin hazırkı tempi ilə təbii qazın hər kəs üçün əlçatan olması üçün illər tələb olunur: “Hansısa kəndə boru çəkilir və simvolik olaraq bir neçə mənzil qazlaşdırılır, sonra da elan edirlər ki, filan kənd qazlaşdırıldı. Halbuki həmin kənd daxilində infrastruktur yaradılmağı, mənzillərə xətlərin çəkilməyi də xeyli vaxt və əmək tələb edir. Qaz İstismar İdarəsinin belə geniş miqyasda sürətli iş aparmağa ixtisaslı kadrları və fəhlələri yoxdur”.
İqtisadçı gecikmənin daha bir səbəbini Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin vaxtında maliyyələşdirilməməsində görür: “Proqram qəbul ediləndən 2 il sonra- 2011-ci ilin mayın 11-də Prezident sərəncamı ilə “bu tədbirlərin həyata keçirilməsini tezləşdirmək məqsədi ilə” Sabirabad, Saatlı, İmişli, Ağcabədi və Zərdab rayonlarının hər birinə 2 milyon manat vəsait ayrıldı. Buradan başa düşmək olmur ki, həmin məbləğ işin sürətlə görülməsindən yaranan əlavə xərcdir, yoxsa, elə layihənin maliyyələşdirilməsi”.
Qaz olmayan kəndlərdə baltalar işə düşür
Kəndlərin qazlaşdırılmaması əsas yanacaq növü kimi odundan istifadəyə gətirib çıxarıb. Xatırladaq ki, sovetlər dönəmində rayon əhalisi əsasən Rusiyadan gətirilən daş kömürü yandırmaqla mənzillərini qızdırıb ki, son 20 ildə bu yanacaq materialı ölkəyə idxal olunmur. Rayon ərazisində meşə sahələrinin az və doluluğunun aşağı olması üzündən böyük həcmdə odun tədarükü, yaşıllıq sahələrinin get-gedə azalmasına, meşələrin yalınlaşmasına səbəb olub. Soyuq havada məktəblərin, xəstəxanaların, digər sosial obyektlərin qızdırılmasında da problem yaşanır. Elektrik enerjisindən istifadə isə istixanalarda yetişdirilən bəzi kənd təsərrüfatı məhsullarının maya dəyərini artırır. Kəndlərimizdə istehsal, emal müəssisələrinin azlığı da təbii qazın olmaması ilə əlaqələndirilə bilər.
Qaz çəkənlərin “qarışqa yerişi”
İmişlinin ən iri yaşayış məntəqələrindən olan Bəhrəmtəpə qəsəbəsində yaşayan Əbülfət Hüseynov işlərin ləng aparılmağından narazıdır: “Qəsəbəyə qaz borusunun çəkilişi “qarışqa yerişi” ilə aparılır. Bir də görürsən aylarla iş dayanır. Qəsəbənin 2 500 nəfərdən çox sakini var, ərazidə daha 3 min nəfər məcburi köçkün məskunlaşıb. Bu templə işi görüb qurtarmağa illərlə vaxt lazımdır”.
“Qaz xətti çəkilib, qazın özü yoxdur”
Rayon mərkəzindən cəmi 5 kilometr aralıda yerləşən Rəsullu kəndində isə vəziyyət fərqlidir. Kənd sakini Rasim Hüseynov deyir ki, 2 aydır qaz xətti çəkilib, hətta mənzillərə sayğaclar da quraşdırılıb, amma qazın verilişinə başlanılmayıb.
Azərbaycan qazı uzaq Yunanıstana belə daşınır, amma Aran kəndlərinə nə vaxt gəlib çıxacağı dəqiq məlum deyil. Necə deyərlər, imişlilərin gözü yolda, qulağı səsdədir…infom.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər