BolgeXeber.Com » Bölgə » İcra başçısının Azad Qaraqoyunlu kəndində səyyar qəbul görüşü olub

İcra başçısının Azad Qaraqoyunlu kəndində səyyar qəbul görüşü olub

15-04-2022, 19:05
Oxunub: 6 056 Vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması və qəbullarda qaldırılan məsələlərin araşdırılıb həllinə nail olunması, vətəndaş məmnunluğunu təmin etmək Tərtər Rayon İcra Hakimiyyətinin  fəaliyyətinin əsasını təşkil edir. Yaşayış məntəqələrində rayon icra hakimiyyəti başçısının keçirdiyi səyyar qəbul görüşlər də bu qəbildəndir.
İcra başçısı növbəti dəfə rayonun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib.
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, rayon ağsaqqallar şurasının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azad Qaraqoyunlu kənd İƏD üzrə nümayəndə   Nazim Xəlilov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb. Bildirib ki, Azad Qaraqoyunlu İnzibati Ərazi Dairəsi 3 kəndi əhatə edir: Azad Qaraqoyunlu, İlxıçılar və Aşağı Qapanlı kəndləri. 
Azad Qaraqoyunlu kənd İnzibati Ərazi dairəsinin 1127 hektar ərazisi, 720  təsərrüfatı, 2722 nəfər əhalisi, 790 hektar pay torpağı var. Kənddə 1 tam orta, 1 ibtidai məktəb, 2 tibb məntəqəsi, 1 kitabxana, 3 iaşə obyekti, 1 poçt, 1 ATS, 5 ticarət obyekti  fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 132 hektarda buğda, 145 hektarda arpa, 6 hektarda qarğıdalı, 320 hektarda yonca, 248 hektarda pambıq əkirlər.  Kənd sakinləri 1356 baş iribuynuzlu, 1056 baş xırdabuynuzlu, 10185 baş ev quşları saxlayırlar. Sakinlər daimi işıq, qaz  ilə təmin olunurlar.
Kənd ərazisində 8 km avtomobil yolu asfaltlanmış, kəndarası yollara çınqıl tökülərək hamarlanmışdır. Kənddaxili suötürücü borular yenilənmiş, 1 ədəd yeni subartezian quyusu qazılıb istifadəyə verilmiş, 4000 metr suvarma arxı təmizlənmiş, kəndarası elektrik dirəkləri yenisi ilə əvəz olunmuşdur.
İcra nümayəndəsinin məlumatından sonra vətəndaşların müraciətləri dinlənilib.
Kənd sakinləri Səbuhi Şükürov elektrik təsərrüfatının kabelləşdirilməsi, Pərvanə Məmmədova ibtiadi məktəbin istilik sistemi ilə təchizatı, Yusif Abbasov pay torpağı, Habil Məmmədov, Cabbar Rüstəmov işlə, Firuzə Bayramova ünvanlı sosial yardımla, Vəli Mehdiyev içməli su təminatı ilə, Rəsmiyyə Bayramova güclü külək nəticəsində evinə dəymiş ziyanla, Hamlet Mehdiyev və Həsən Dadaşov Vətən müharibəsində evlərinə dəymiş ziyanın aradan qaldırılması üçün aparılan təmir işlərinin ləngiməsi ilə bağlı müraciət ediblər. 
Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov kənd sakinlərini Müqəddəs Ramazan ayı münasibəti ilə təbrik etdi. Sonra o, Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında əhalinin sosial müdafiəsi və rifahının yüksəldilməsi istiqamətində aparılan islahatlardan, Vətən müharibəsindən sonra rayonda gedən tikinti abadlıq işlərindən, Vətən müharibəsi zamanı rayonun infrastrukturuna dəyən ziyanla bağlı, mövcud problemlərin aradan qaldırılması üçün həyata keçirilən tədbirlərdən, şəhid və qazi ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışdı.
Kənd ağsaqqalı Arif Hüseynov, Vəli Mehdiyev kənd sakinlərinə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığlarını bildirdi.