BolgeXeber.Com » Bölgə » Çingiz Qənizadə növbəti dəfə secicilərini dinlədi

Çingiz Qənizadə növbəti dəfə secicilərini dinlədi

6-06-2011, 14:50
Oxunub: 5 625
80 saylı İmişli-Beyləqan seçki dairəsindən millət vəkili Çingiz Qənizadə seciciləri ilə görüşdü

Millət vəkili Çingiz Qənizadə təmsil etdiyi 80 saylı İmişli-Beyləqan seçki dairəsində görüşlərini davam etdirib. Bu barədə deputatın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Ç.Qənizadə iyunun 2, 3 və 4-ü tarixlərində Beyləqan rayonunun Qəhrəmanlı, Bahar, Dünyamalılar, İkinci Şahsevən, Aşağı Çəmənli, Yuxarı Çəmənli, Qaradağlı, Qaralılar, İmamverdilər kəndlərində görüşlər keçirib. Görüş zamanı seçiciləri maraqlandıran məsələlərlə bağlı dinləmələr olub. Səsləndirilən problemlər araşdırılıb, onlardan bəziləri yerindəcə həll edilib, bir sıra problemlərin həllini isə deputat üzərinə götürüb. Bundan əlavə, görüşlərdə bəzi dövlətlərin Azərbaycanda ictima-siyasi prosesləri qızışdırmağa cəhd göstərməsi, ölkənin xarici və daxili siyasəti, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət rəhbərliyi tərəfindən atılan addımlar haqda şərhlər təqdim olunub.

Beyləqan kəndlərində seçiciləri ən çox narahat edən elektrik enerjisinin fasilələrlə verilməsi olub. Deputat təəssüflə qeyd edib ki, bugünkü Azərbaycanın kəndlərində elektrik enerjisinin fasilələrlə verilməsi heç də yaxşı hal deyil. Seçiciləri narahat edən daha bir məsələ kənd xəstəxanalarının ləğv edilərək bir nəfərdən ibarət tibb məntəqəsi şəklində saxlanmasıdır. Belə ki, vətəndaşlar kəndlərdə ixtisaslaşmış həkimin olmamasından əziyyət çəkdiklərini diqqətə çatdırıblar. Beyləqanda həmçinin qazlaşdırma ilə bağlı problemlərin olması görüşlər zamanı diqqət çəkib. İçməli suyun çatışmazlığı, bəzi kəndlərdə isə ümumiyyətlə olmaması da vurğulanan problemlər sırasındadır. Seçicilər problemdən çıxış yolu kimi kəndlərdə artezian quyularının qazılmasını məqsədəuyğun saydıqlarını qeyd ediblər. Görüşlərdəki müzakirələr zamanı aydın olub ki, vaxtlı-vaxtında meliorasiya işlərinin aparılmaması ucbatından həyətyanı əkin sahələrini, bəzi hallarda evləri belə qurunt suları basır.

Bütün bu şikayətlərlə bağlı millət vəkili qeydiyyat götürüb və yerli icra hakimiyyəti rəhbərliyi ilə də müzakirələr aparıb. Növbəti həftə deputat şikayətlər əsasında ümumiləşdirilmiş mövqe ilə həm yerli, həm mərkəzi strukturlarla danışıqlara başlayacaq.

İyunun 3-də isə Ç.Qənizadə deputat həmkarı Fazil Mustafa və bir qrup QHT nümayəndəsi ilə Beyləqan korpusunda görüş keçirib. Görüş iştirakçıları Milli Ordunun təlim-məşq yerlərində olub, hərbi təlimi izləmək imkanı qazanıblar. Daha sonra isə qrup Füzuli rayonuna gedərək təmas xəttində olub, burada əsgərlərlə görüşüblər. Daha bir görüş isə hərbi xəstəxanada yatan əsgərlərlə olub. Müdafiə Nazirliyi rəhbərliyindən nümayəndələrin də iştirak etdiyi bu monitorinqin aparılmasında məqsəd əhali arasında ordunun durumu ilə bağlı mövcud olan narahatlığı aradan qaldırmaq olub. Həmçinin görüşü zəruri edən amillərdən birini də əsgərlərimizə ruh yüksəkliyi vermək təşkil edib.