BolgeXeber.Com » Bölgə » Salyan sakini ədalətsizliyin qurbanı olub

Salyan sakini ədalətsizliyin qurbanı olub

8-06-2011, 15:40
Oxunub: 11 037
Qarət olunduğunu, üstəlik də şərlənərək həbs edildiyini bildirən rayon sakini Atababa Dadaşov ölkə başçısından kömək istəyir

Yerlərdə vətəndaşların bəzən səbəbsiz incidilməsi, aidiyyəti qurumların isə belə qanunsuzluqlara göz yumması halları ilə tez-tez rastlaşırıq. Tapdanmış hüquqlarının bərpası məqsədilə aidiyyəti qurumlarla yazışmalardan təngə gələn vətəndaşlar isə sonda mətbuata üz tutmaq məcburiyyətində qalırlar.

Salyan rayonu Qaracala qəsəbəsinin Arxarası Kolanı kənd sakini, YAP üzvü Atababa Ağadadaş oğlu Dadaşov da hüquqlarının pozulmasından, əsassız olaraq iki il həbsdə yatmasından şikayətçıdir.

A.Dadaşovun prezident İ.Əliyevə, Prezident Administrasiyasının şöbə müdiri F.Ələsgərova, ədliyyə naziri F.Məmmədova, Ali Məhkəmənin sədri R.Rzayevə ünvanladığı müraciətdə başına gələnlərdən bəhs olunur.

Bolgexeber.com-a daxil olan müraciətdə bildirilir ki, A.Dadaşov 2008-ci ildə Salyan rayon Məhkəməsinə on üç nəfər tərəfindən şərəf və ləyaqətinin tapdanması ilə bağlı iddia ərizəsi təqdim edib. “O vaxtdan indiyədək iddiam təmin olunmayıb. Belə ki, 2008-ci il mayın 5-də həmkəndlilərim Abuzərov Əliş Qaçay oğlu, Əhmədov Yavər Ramazan oğlu, Əhmədov Rahib Yavər oğlu, Nəzərov Maşallah Əliağa oğlu, Məmmədov Hüseyn Cəlilağa oğlu, Əhmədov Nazim Şaban oğlu, Əhmədov Ramazan Yavər oğlu, Nəzərov Əliağa Hüseynağa oğlu, Nəzərov Cəlilağa Hüseynağa oğlu, Məmmədov Şahin Cəlilağa oğlu, Burcaliyev Vaqif Əsgər oğlu, Quliyev İmaməli Həsənağa oğlu və doğma qardaşım Dadaşov Balababa Ağadadaş oğlu ilə Mərkəzi Su Kanalının üzərində yerləşən Əhmədov Yavər Ramazan oğluna məxsus çayxanada yeyib-içdikdən sonra qarət olundum. Əvvəlcə spirtli içkiyə qatdıqları dərmanla məni yuxuya vermişdilər. Sonra isə cibimdə olan 1246 manatı, protez qızıl dişimi və cib kitabçamı oğurlamışdılar”.

Şikayətçi deyir ki, həmin pulu avtomobil almaq üçün həmkəndlisi Kamil adlı şəxsdən borc alıbçış. “Bunu qardaşım Balababa Dadaşov bilirdi. Ona görə də məndən pul istəmişdi. Lakin ona əvvəllər borc pul verdiyimdən və geri ala bilmədiyimdən yenidən pul vermədim. Ona pul vermədiyimə görə qardaşım məni hədələmişdi də".

Şikayətçinin yazdığına görə, yeyib-içəndən sonra yuxuya gedib və gecə yarısı Nəzərov Əliağa, Şaban, Əhmədov Nazim, Dadaşov Balababa və başqaları gəlib onu oyadaraq hansısa həmkəndlisinin telefon nömrəsini istəyiblər. Bu zaman həmin adamlar onun cibinə girərək pulunu götürüblər: "Səhərisi həmin adamlardan pulumun və protez dişimin geri qaytarılmasını tələb etdim. Lakin onlar pulumu geri qaytarmaqdan imtina etdilər. Belə olan halda, başıma gətirilənlər barədə polisə məlumat verdim. Sahə müvəkkili Ceyhun mənə dedi ki, şikayət etməyim, pulları alıb verəcək. Ona inanıb on gün gözlədim. Ancaq müddət bitsə də, pulum geri qaytarılmadı. Məcbur olub Salyan rayon polisinə şikayət ərizəsi verdim. Amma..."

Hüquqlarının pozulduğunu və yerli hüquq-mühafizə orqanları tərəfindən şikayətinin təmin olunmadığını görən Atababa Dadaşov məhkəməyə müraciət edib. Lakin Salyan rayon Məhkəməsinin sədri Həmid Əzizov əvvəllər Sabirabad və Şirvan rayon məhkəmələrində işləyərkən onun fəaliyyəti ilə bağlı Atababa Dadaşov müxtəlif qurumlara şikayətlər etdiyindən onun işinə qərəzli yanaşılıb: "Məhkəmə sədri mənə qarşı qərəzli olduğundan şikayətçi olduğum adamları öyrədərək özümə qarşı qoydu. Barəmdə Salyan rayon Polis Şöbəsinə şikayət etdilər ki, guya onlara xəsarət yetirmişəm. Halbuki bu şəxslər məni qarət etmişdilər. Öyrədilmiş şəxslərə guya mərkəzi yolun üstündə yerləşən 5 ticarət obyekti olan yerdə xəsarət yetirmişəm. Əslində isə, heç bir davadan söhbət gedə bilməz. Çünki hansısa dava-dalaş olsaydı, ticarət obyektlərini işlədən şəxslər, o cümlədən sərnişinlər görməli idi. Ticarət obyektlərinin sahiblərinin hadisə olub-olmaması ilə bağlı ərizələri alınmadığı, şahid qismində dindirilmədikləri halda, mənə qarşı iddia irəli sürdülər ki, guya ictimai yerdə dələduzluq etmişəm. Buna görə də polis idarəsinin müstəntiqi Murad Quliyev və istintaqın rəisi Mirzağa Qafarov əsassız olaraq Cinayət Məcəlləsininin 221.2.1 maddəsi ilə mənə qarşı cinayət işi açdılar. Vaxtilə məni qarət etmiş şəxslər üzümə duraraq şantaj etdilər və 17 fevral 2009-cu il tarixdə iki il müddətinə həbs olundum".

2010-cı il iyunun 25-də həbsdən azad olunan Atababa Dadaşov bəraət almaq üçün məhkəməyə müraciət edib: "2008-ci ildə məlum şəxslər tərəfindən qarət olunmağımla bağlı Salyan rayon Məhkəməsinə verdiyim iddia ərizəsi həbs olunduğum üçün təmin olunmamışdır. Ona görə də həbsdən azad olunandan sonra işə yenidən baxılması üçün məhkəməyə müraciət etdim. İşin növbəti dəfə də obyektiv araşdırılmadığını gördükdə, məhkəməyə etiraz ərizəsi yazıb prosesin başqa rayonda aparılmasını xahiş etdim. İş Şirvan Apellyasiya Məhkəməsinə göndərildi. Ancaq 14 mart 2011-ci ildə Şirvan Apellyasiya Məhkəməsi qərar çıxararaq işi yenidən Salyan rayon Məhkəməsinə qaytardı. İndi Salyan rayon Məhkəməsinin sədri mənim məhkəməyə getməyim üçün məktublar göndərir. Məqsədi mənim məhkəmə cağırışına getmədiyim üçün haqqımda qəti tədbir görməkdir. Mən isə Salyan rayon Məhkəməsinə etiraz məktubu gondərirəm. Lakin məhkəmə sədri Həmid Əzizov mənim gondərdiyim etiraz məktublarımı əsassız sayır. Yəni məni gunahlandırmaq istəyir”.
.