BolgeXeber.Com » Bölgə » Polis rəisi qanunsuz şəkildə iş adamını və fəhlələri həbs etdi

Polis rəisi qanunsuz şəkildə iş adamını və fəhlələri həbs etdi

8-06-2011, 15:50
Oxunub: 25 793 Qaradağ polis rəisi İntiqam Mirsalayev məhkəmənin çıxardığı qərarı “tanımayaraq” karxanaları öz nəzarətinə keçirmək istəyir

Qaradağda karxanalarla bağlı polis özbaşınalığı davam edir. Daxili işlər naziri polisin özbaşınalığı ilə bağlı dəfələrlə tədirlər keçirməsinə baxmayaraq, Qaradağ polisində yazılmamış qanunlar hökm sürür. Polisin bizneslə məşğul olması qadağan olunduğu ölkəmizin Qaradağ rayonunda bəzi polislər nəinki bizneslə məşğul olur, reketlik edir, qanuni əsaslarla iş görən iş adamlarını döyür, mallarını əllərindən alıb, şəriklərinə verirlər.

Bu barədə “Gülbaxt” Daş Karxanası işçilərinin yaydıqları müraciətdə ətraflı yazılıb. Polisin “yardım”ı ilə dözülməz şəraitdə çalışdıqlarını, hər an döyülmək və öldürülmək qorxusu ilə yaşadıqlarını qeyd edən fəhlələr bildirirlər ki, polisin birindən şikayət edildikdə, o çəkilir, bir başqası həmin polisi əvəz edir.
Fəhlələrin sözlərinə görə, hazırda “Gülbaxt” daş karxanasında qanuni şəkildə çalışan iş adamı Akif Məmmədov Qaradağ rayon Polis İdarəsinin rəisi İntiqam Mirsalayev, Qaradağ rayon 38-ci Polis Bölməsinin rəisi Nəsib Məmmədov və həmin polis bölməsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşı Nizami tərəfindən təzyiq və təhdidlərə məruz qalır: “Bütün hüquqlara uyğun hərəkət etsək də, İntiqam Mirsalayev, Nəsib Məmmədov və Nizami bizim yük maşınlarımızı dayandıraraq, mallarımıza qanunsuz həbs qoyurlar. Nəsimi rayon Məhkəməsinin icarə ilə bağlı bizim haqqımızı təsdiq edən qərarı olsa da, İntiqam Mirsalayev və əlaltıları Azərbaycan Dövlətinin möhürünə hörmətsiz yanaşırlar. Bunun qanunsuz olduğunu dedikdə və sənədləri göstərdikdə isə polislər bunun Nəsib Məmmədovun tapşırığı olduğunu və onunla anlaşmağımızı təklif edirlər. Akif Məmmədov bunun qanundan kənar olduğunu bildirsə də, polislər hüquqi sənədlərə kağız parçası kimi yanaşaraq, “get prezidentə şikayət et” deyirlər. Bu gün də qanunsuz olaraq işçilərimiz həbsdə saxlanırlar. Biz hesab edirik ki, Qaradağ rayonunda baş verən polis özbaşınalığının arxasında yüksək çinli məmurlar dayanır. Nəsib Məmmədovun qardaşı Xaqani Məmmədov Bakı Apellyasiya Məhkəməsinin hakimidir və N.Məmmədovla bağlı şikayət etdiyimiz qurumlardan gələn reaksiyalardan bəlli olur ki, Xaqani Məmmədov qanunu deyil, qardaşını qoruyur. Biz də həyatımızı və işimizi qorumaq üçün media vasitəsi ilə bütün dövlət qurumlarına müraciət edirik ki, sabah həm Akif Məmmədovun, həm də bizim başımıza hansısa hadisə gələrsə, məsuliyyəti Qaradağ rayon Polis İdarəsinin rəisi İntiqam Mirsalayev, 38-ci Polis Bölməsinin rəisi Nəsib Məmmədov və həmin polis bölməsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşı Nizami adlı şəxsin üzərində olduğu bilinsin”.

Karxana işçiləri bildirirlər ki, üç ay öncə Akif Məmmədov polislərin şəriki Əlövsət Orucov tərəfindən vəhşicəsinə döyülsə də, bu günə qədər onun şikayətinə İntiqam Mirsalayevin qanunsuz təhdidi ilə baxılmır. İş müstəntiq İqbal Həsənovun masasında “yatır”. Ancaq qanuni sənədlə çalışmasına baxmayaraq Akif Məmmədov və işçiləri həbs olunub, Polis Bölməsində saxlanılırlar.
Karxana işçiləri Azərbaycan dövlətindən bir suala cavab verilməsini istəyirlər: “Qaradağ rayon 38-ci Polis Bölməsinin rəisi Nəsib Məmmədova Azərbaycan prezidentinin verdiyi sərəncamlara və Respublika qanunlarına hörmətsizlik etməyə kim haqq verib? Nəsib Məmmədov ölkə rəhbərliyindən güclüdürmü?”
Redaksiyadan: Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.