BolgeXeber.Com » Bölgə » İmişli sakinindən prezidentə intihar məktubu...

İmişli sakinindən prezidentə intihar məktubu...

13-06-2011, 14:10
Oxunub: 6 718
“Yetimlərimə yiyə durun, ölmək istəyirəm”

Son günlər İmişli rayon sakinlərindən müxətlif təşkilatlara həyacan dolu məktublar ünvanlanmaqdadır. “Kür” Vətəndaş Cəmiyyəti Qərargahından Bolgexeber.com-a göndərilən həmin məktublardan birini - İmişli rayon Eldar İbrahimov küçəsi 39 ünvanda yaşayan Əliyeva Nahidə Qaçay qızının dövlət başçısına və bir sıra nazirliklərə ünvanladığı həyacan dolu, insan iztirabının ağrı və acılarını çılpaqlığl ilə özündə əks etdirən məktubunu qısa ixtisarla təqdim edirik;

“Əziz rəhbərlərim!

Bu gün ölkədə məndən köməksiz, arxasız, zəlil, 2 körpə əlində əsir qalan, evsiz- eşiksiz, qoltuqlara sığınan ikinci bir Azərbacyan qadını yoxdur və tapa bilməzsiniz. Keçən il təbii fəlakət və həyat yoldaşımın təbii fəlakətlə bağlı faciəli ölümü məni bu vəziyyətə salıb. Bu gün mənim səsimi, harayımı dinləyən tapılmır ki, tapılmır. Keçən ilki daşqınlar və qrunt sularının yer səhtinə çıxması nəticəsində çiy kərpicdən tikilmiş evimiz qəzalı vəziyyətə düşdü. Həyat yoldaşım keçən il təbii fəlakət zamanı yeni yüksək gərginlikli elektrik xəttinin çəkilişi zamanı texniki təhlükəsizliyi təmin edilməyən 11 metrlik beton dirəyin 11- ci metrindən yıxılaraq dünyasını dəyişdi, faciəli şəkildə həlak oldu. O, İmişlidə yerləşən beton dirəklər istehsal edən və xətt çəkilişi ilə məşğul olan özəl idarədə montiyor işləyirdi...

Əziz rəhbərlərim!

Bundan qabaq sizə dəfələrlə məktub yazaraq vəziyyətimi tam açıqlamış və Azərpoçt rabitə şöbəsi vasitəsi ilə yetimlərimin boğazından, atalarının cuzi qan pulundan kəsərək sizlərə sifarişli məktublar ünvanlamışam. Yalvarıcı məktublar yazıb sizdən Azərbaycan qadını, bir ana kimi kömək istəmişəm. Mən daha sizə məktub yazmamışdım ki, mənə boş vəd dolu, bir- birindən fərqli cavablar yazılsın, qapıma minnətə gəlsinlər, qorxutsunlar, danlasınlar məni...

Bundan əvvəlki məktublarımda sizə ərimin ölümü, onun ölümünə səbəb olan vaxtilə işlədiyi idarənin rəisi Ağayev Qəzənfərin və idarənin texniki təhlükəsizliyə baxan işçilərinin qeyri- peşəkarlığı barədə yazmışdım. Bundan əvvəlki məktublarımda mən həm də sizə qəzalı vəziyyətə düşmüş evimdə yaşamağın qeyri- mümkünlüyü barədə yazmışdım. Mən artıq bu şəraitsizliyə, laqeydliyə, baxımsızlığa, ümidsizliyə dözə bilmirəm, Nə gecəm var, nə gündüzüm. Övladlarımın sabahına zəmanətim yoxdur. Qəzalı, nəmişli və rütubətli vəziyyətdə olan evdə yaşaya bilmirəm. Yetimlərimə yiyə durun, ölmək istəyirəm. Heç olmasa o kimsəsizlərə hökümət diqqət göstərsin. Övladımın biri əlil və xəstədir. Onlar olmasaydı çoxdan intihar edərdim.

Hörmətli prezident,
Hörmətli Mehriban xanım,

Sizin və digər aidiyyatı dövlət rəhbərlərinin köməyinə ehtiyacım var. Mənim ərizəmi diqqətlə oxuyun, mənə kömək edin. Xahiş edirəm, yalvarıram mənə kömək edin!!!”

P. S. İmişli sakini Əliyeva Nahidə Qaçay qızı dövlət başçısı və digət aidiyyatı qurumlara yazdığı məktubun surətini “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına göndərərək məktubunun ünvanları çatmasına köməklik göstərilməsini xahiş edir, vətəndaş cəmiyyəti institutlarını onun səsinə, harayına səs verməyə çağırır.