BolgeXeber.Com » Bölgə » Rayon rəhbəri Köçərli kəndində şəhid ailələri ilə görüşüb

Rayon rəhbəri Köçərli kəndində şəhid ailələri ilə görüşüb

9-02-2023, 14:34
Oxunub: 2 952

Bolgexeber.com xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri və YAP rayon təşkilatının sədri ilə birlikdə  Köçərli kəndində şəhid Abbaslı Elnur Yaşar oğlunun və Ələkbərli Ələkbər Ramiz oğlunun ailələrini ilə görüşüb,   onların problemləri və qayğıları ilə maraqlanıb.


Görüşdə rayon rəhbəri 44 günlük Vətən müharibəsində tərtərli oğulların göstərdiyi döyüş sücaətlərindən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib. Qarabağı görməyən gənclərin qəhrəmanlığı, peşəkar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideynləri qarşısında baş əydiyini bildirib.


İcra başçısı qazanılan Qələbə zəfərindən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını vurğulayıb.


Qeyd edək ki, Azərbaycan ordusunun kiçik  cavuşu Abbaslı Elnur Yaşar oğlu 1992-ci il iyun  ayının 17-də Tərtər rayonunun Köçərli kəndində anadan olub. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib. O, 2020-ci ilin oktyabr ayının 7-də Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub, özündən sonra 2 övladı yadigar qalıb. 


Abbaslı Elnur ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. 


Şəhid Ələkbərli Ələkbər isə 1991-ci ilin iyul ayının 28-də Tərtər rayonunun Köçərli kəndində dünyaya göz açmışdır.


Azərbaycan Ordusunun əsgəri olan Ələkbər Ələkbərli 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. 29 sentyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşmüşdür. Uzun müddət axtarılan Ələkbərin nəşi tapıldıqdan sonra 7 fevral 2021-ci ildə Tərtər rayonunun Köçərli kənd qəbirstanlığında dəfn edilmişdir.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Ələkbər Ələkbərli ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” və "Vətən uğrunda" medalları ilə təltif edilib.


Hər iki şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.