BolgeXeber.Com » Bölgə » Sumqayit sahibkarlari elan olunmamiş müharibə şəraitində

Sumqayit sahibkarlari elan olunmamiş müharibə şəraitində

13-06-2011, 14:35
Oxunub: 6 888
Elçin Quliyevin qardaşı "Şərq Bazarı"nı lazım gəlsə özü traktor minərək sökəcəyini bəyan edir, Eldar Əzizov isə Rəşid Babayevi müdafiə etməyin yollarını axtarır

Azərbaycan həqiqətən analoqu olmayan ölkədir. Amma pis mənada. Bizdə məmurlar öz əməlləri ilə Konstitusiyaya açıq-aşkar tüpürürlər. Buna Sumqayıtda sahibkar Rəşid Babayevin “Şərq Bazarı” adlanan əraziyə yaxın 66 dükanı hər cür vəchlə, qanunsuz olaraq sahiblərindən almağa çalışması da sübutdur. Bu şər və qanunsuz işdə adıçəkilən sahibkara yerli icra hakimiyyəti səviyyəsində himayədarlıq edilir, dəstək verilir.

Təbii ki, bu dəstək heç də təmənnasız edilmir, bunun müqabilində maddi maraq güdülür. Üstəlik şəhərdə ticarət dövriyyəsinə görə ikinci bazar sayılan “Şərq bazarı”nın əslində keçmiş prokuror və Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənova məxsus olması haqda fikir artıq neçə illərdir ki, formalaşıb və çox güman ki, həqiqətdən uzaq deyil. Bu baxımdan 2010-cu ildə qanunsuz olaraq özəlləşən bazarın şəriklərindən birinin, Afət adlı şəxsin soyadının Həsənova olması heç də təsadüfü olmaya bilər. Bazardan Rəşidin oğlu Eldar ilə arada bir pul yığan Musa adlı şəxsin də məhz bazarkomun şərikinin nümayəndəsi olması bildirilir. Ümumiyyətlə, Rəşid Babayevin adı sadəcə sənəddə direktor gedir.

Adıçəkilən bazar Azərbaycanın digər bazarlarından qanunların daha çox, geninə-boluna, açıq-aşkar və çoxsaylı çeşiddə pozulması ilə fərqlənir. Rəzalət orasındadır ki, bazarkom öz himayədarları ilə birlikdə vətəndaşların öz hesabına tikdirdiyi halal dükanlarını abadlaşma adı ilə sökdürüb özünə məxsus olacaq ticarət mərkəzi tikdirmək istəyir. Ancaq indiyəcən heç ona məxsus olmayan ərazidə-düz yolun qırağında, maşın yoluna bitişik yaman gündə olan, antisanitariya şəraitində fəaliyyət göstərən qanunsuz meyvə-tərəvəz bazarı bu yaxınlaracan saxlayırdılar və buna icra hakimiyyəti göz yumurdu. Qanunauyğun olaraq hərəkət etmək əvəzinə icra hakiminin müavini Akif Quliyev dükan sahibləri ilə görüşdə birmənalı olaraq deyir ki, bu dükanları sökdürəcək və bunun üçün onun kifayət qədər dəstəyi var.

Xatırladaq ki, o, Sərhəd Qoşunlarının komandanı Elçin Quliyevin qardaşıdır. Hətta Akif Quliyev bazarda tez-tez görüşdüyü bazarkomla söhbət zamanı onun Rəşid Babayevə “Lazım olsa özüm traktorda oturub bunların dükanını sökəcəm” deməsəni eşidən olub. İndi təsəvvür edin, bu sözləri deyən məmurdan qanunun aliliyini gözləmək nə qədər düzgündür?

Dəhşətli hal odur ki, dövlət məmurları dükanları abadlaşma bəhanəsilə söküb orada dövlət əhəmiyyətli obyekt yox, məhz özlərinin gəlir götürə biləcəyi sırf kommersiya mərkəzi açmaq istəyir və bu qanunsuz işə bütün dövlət strukturlarını cəlb edir. Bu məsələdə aşkar olunan növbənöv qanun pozuntularının bir hissəsi bunlardır: ”Bazarkom” bazarın çölündəki ticarət “polkalarından” hər gün 15, içəridə alver edənlərdən isə 3-5 manat pul yığır və çek zad vermir. Yığlan pulların bir hissısi elə onun özünün etiraf etdiyi kimi bazarın saxlanılması üçün yuxarı dövlət orqanlara aybaay haqq şəklində verilir. Ümimiyyətlə ticarətçilərdən yerpulu yığlan ərazilərin böyük hissəsi heç onun balansında deyil.

Hər gün polis günün günorta çağı hər piştaxtadan qanunsuz olaraq 10 manat, ətraf dükanlardan isə ayda 5-20 manat pul yığır. Bundan başqa hər gün “sanepidsatansiya”nın məsul nümayəndəsi Əkbər adlı şəxs hər meyvə-tərəvəz piştaxtasaından 2-3 manat pul yığır və çek verməməyi bir yana qalsın bazara daxil olan məhsulların keyfiyyətini qətiyyən yoxlamayaraq əhalinin təhlükəzsizliyini risqə qoyur. Bizdə olan məlumata görə, onun məhsulları yoxlamağa heç müvafiq labaratoriya avadanlığı da yoxdur.

Ərazidə olan çoxsaylı sexlərdən Rəşid Babayev hər ay 300-500 manat yığlsa da, müqavilədə bu rəqəm 50-60 manat miqdarında göstərilir və bununla da vergidən küllü miqdarda pul güzlədilir. Maraqlıdır ki, sex sahibləri hər ay kirayə haqqı versələr də, bu sexləri tam öz vəasaitləri hesabına tikiblər.

Rəşid Babayev ərazini 2010-cu ildə özəlləşdirdiyini bildirsə də, sahibkarların bir çoxu öz obyektlərini 2003–cü iləcən qanuni şəkildə özəlləşdiriblər. Bu məsələni araşdıranda ortaya böyük korrupsiya faktları çıxır. Məlum olur ki, Əmlak Komitəsi elə özünün bir dəfə ayrı-ayrı sahibkarın adına özəlləşdirdiyi torpaq sahəsini çox güman böyük rüşvət müqabilində qanunsuz olaraq indi 2-ci dəfə Rəşid Babayevin adına özəlləşdirib və tarixdə analoqu olmayan vəziyyət yaranıb: tikili başqasının olub, torpaq isə başqasının. İndi az qala bazarkomun vəkili qismində çıxış edən yerli əmlak komitəsinin sədri gülünc iddia səsələndirir. O deyir ki, bu dükan sahiblərinin torpaq sahəsi qanunsuz özəlləşib. Sual olunur, necə olur ki, eyni dövlət orqanının bu ərazini özəlləşdirməsi qanunsuz sayılır, ancaq eyni yerin eyni dövlət orqanı tərəfindən özəlləşdirilməsi prosesi qanunsuz sayılır?! Bu təbii ki, məntiqsz bir şeydir.

Maraqalıdır ki, 2010-cu ildə aparılan saxta özəlləşmənin sənədinin layihəsində 66 dükan sahibinin 9 kvadratmetrlik dükanlarının yeri boş yer kimi göstərilib. Belə çıxır özəlləşmənin birini bir dövlət, digər hussəsini isə başqa dövlət həyara keçirib. Hələ biz onu da demirik ki, əgər bir ərazidə, hətta sənədi olmasa belə yükülü torpaq varsa və 10 ildən çoxdur mövcuddursa başqası tərəfindən özəlləşə bilməz. Xatırladaq ki, bu dükanlar 1994-cü ildə tikilib və bu vaxtacan fəaliyyət göstərir.

Ortada az qala dövlət səviyyəsində cinayət var. Məmur, öz səlahiyyətindən süni istifadə edərək bir şəxslə əlbir olub ölkə qanunu tapdalayıb. Halbuki, Əmlak Komitəsi torpağı başqasının adına qanunsuz özəlləşdirərkən belə ən azından dükan sahiblərini məlumatlandırmalı idi. Ümumiyyətlə bu hal, torpağın bir adamın, onun üstündəki dükanın isə başqa adamın adında olması yerli icra hakimi Eldar Əzizov demişkən nonsensdir (o bunu sahibkrlarla görüşdə deyib) ki, bu da yalnız Azərbaycanda ola bilər. Yerli əmlak komitəsinin sədri Əkbər adlı məmurun icra hakimi ilə sahibkarların görüşündə özünü dövlət məmurundan çox marqlı tərəf kimi, Rəşid Babayevin vəkili kimi aparması isə başadüşüləndir.

Ümumiyyətlə, bir qayda olaraq Azərbycanda rüşvəti bir mənalı olaraq qanuni iş görərkən alırlar. Qanunsuz işə görə rüşvət almaq kimi risqə “şanlı” məmurlarımız, sonra “zibili”çıxacaq deyə heç zaman getmirlər. Ancaq bu hal o haldır ki, açıq-aşkar böyük qanunsuzluğa imza atılıb. İcra hakimi Eldar Əzizov abadlıq adı ilə camaatın qanuni dükanını söküb şəhərdə onun yerinə yeni layihə əsasında müasir görünüşlü ticarət mərkəzi görmək istəyir. Əlbəttə şəhərin görünüşünü yaxşılaşdırmaq təqdirəlayiqdir, ancaq bunun insanların mülkiyyət hüquqları hesabına olması yolverilməzdir. Heç bir gözəllik insan hüququndan gözəl ola bilməz.

Bu yaxınlarda isə sahibkarlarla icra başçısı arasında görüş keçirilib. Həmin görüşdə Eldar Əizov deyib ki, o, bazarın sökülməsinə tərəfdar olmasa da, Rəşid Babayevin əlindəki sənəd onu da aciz vəziyyətə salıb. “Qanunla mənim əmlak məsələrinə qarışmağa səlahiyyətim çatmır və hətta bazarkom rüşvət ilə Əmlak komitəsini ələ alsa da, kişi ərazini özəlləşdirib, onun əlində daşdan keçən sənəd var, siz isə bu illər ərzində səhlənkarlıq edərək sənədlərinizi düzəltməmisiniz deyə əlinizdəki mövcud sənədlə məhkəməyə getsəz belə uduzacaqsınız”.

Bunun ardından isə mer Rəşid Babayevi əli ilə göstərib açıqca deyib ki, ”bu əslində sadəcə fiqurdur, onun arxasında duran şərikləri var ki, o onları tanıyır və bunları da bazarkoma ona görə deyir ki, dediklərini sadəcə öz adamlarına çatdırsın”. Sahibkarlara müraciətində mer məsləhət görüb ki, hər iki tərəf ortaq razılığa gəlsin, çünki vaxt gedir, o isə abadlıq işini yubatmaq istəmir. Əks halda, o istəsə ümumiyyətlə bu ərazini yerlə yeksan edib, sıfır səviyyəsinə çevirəcək.

Merin razılıq təklifinə Rəşid Babayev o dəqiqə “müsbət”cavab verib və bildirib ki, o dükanları sökdükdən sonra onlara indi malik olduğu sahə qədər yer verməyə və icarə pulu almamaq haqda öhdəliyi notariat qaydada sənədləşdirməyə hazırdır. Bunu eşidən icra başçısı isə məqam gözləyirmiş kimi, “Daha nə istəyirsiniz, kişi verir də, özüm buna nəzarət edərəm, götürün yoxsa sonra heç bu da olmayacaq. Sizin sənədləriniz də tam mükəmməl deyil, bəzilərinizdə isə texnik pasport var ki, bu da əslində heç ciddi sənəd də deyil”.

Buna cavab olaraq sahibkarlar isə deyiblər ki, birincisi bazarkomu 20 ilə yaxındır “yaxşı” tanıdığlarından ona inanmırlar. Onun notariat qaydada vermək istədiyi kağız isə heç bir hüquqi qüvvə daşımır, adi soz verməkdən başqa bir şey deyil. Yəni, onu da pozmağa görə qanunda cəza nəzərdə tutulmayıb. Sonra da ki, əgər o həqiqətən dükanları sökəndən sonra oradakı dükan sahiblərinə təzə tikilən yerdə müvafiq yer verəndisə, qanunsuz özəlləşdirdiyi yerləri alqı-satqı ilə öz sahiblərinə havayı bağışlasın. Buna Rəşid Babayev qəti cavab verdi ki, yox. Bu da onu göstərir ki, onun əsl niyyəti sadəcə sahibkarların başını aldadıb dükanlarının sökülməsinə razı salmağa nail olmağdır.

Nəzərə alsaq ki, hər bir dükanda 4-5 nəfər işləyir və onların hər biri 3-4 nəfərdən ibarət ailəni dolandırır, o zaman 66 dükanın sökülməsi 1000-ə yaxın insanın “çörəksiz”, yüzlərlə insanın işsiz qalması deməkdir. Görünür, bu, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısını elə də maraqlandırmır.

Hal-hazırda isə dükanlar ətrafında vəziyyət gərgin olaraq qalır. Rəşid Babayev isə öz şərikləri ilə birgə yeri asfaltlamaq bəhanəsilə dükanları qanunsuz olaraq hasarlamqla sahibkarların işini dayandırçağa çalışır. /Həsən Orucov/

Redaksiyadan: Obyektivlik naminə qarşı tərəflərin də fikirlərini dərc etməyə hazırıq.