BolgeXeber.Com » Bölgə » Qazaxda "Fatmagülün suçu nə?" drami

Qazaxda "Fatmagülün suçu nə?" drami

14-06-2011, 12:35
Oxunub: 5 789
İcra başçısının köməkçisi Rövşən Nəbiyevin və icra nümayəndəsinin müavininin oğulları yeniyetmə qızı zorlamaqda ittiham olunur

Qazax rayonunda dəhşətli cinayət hadisəsi törədilib. Rayon sakinləri Kənan Nəbiyev və Teymur Hüseynov Ağstafa rayon sakini Günel Bəhramovanı (adı dəyişdirmişik-red.) zorlamaqda ittiham olunurlar. Bu haqda redaksiyamıza rayondakı mənbədən məlumat daxil olub. Məlumat üçün deyək ki, K.Nəbiyev Qazağın icra başçısı Rauf Hüseynovun köməkçisi Rövşən Nəbiyevin, T.Hüseynov isə Dəmirçilər kəndinin icra nümayəndəsinin müavini Arif Hüseynovun oğludur.

Məlumatda bildirilir ki, adıçəkilən şəxslər G.Bəhramovayla cinsi əlaqədə olduqdan sonra digər dostlarını da çağırıblar. Müqavimət göstərəndə isə G.Bəhramovanı ölümcül döyüblər. Mənbə onu da bildirdi ki, məsələ ört-basdır edilir. Hadisə 10-12 gün əvvəl baş versə də bu haqda rəsmi məlumat verilməyib.

Məlumat üçün deyək ki, Qazax şəhər icra nümayəndəsi bu il rəhmətə gedib. Rövşən Nəbiyevin isə onun yerinə icra nümayəndəsi gətiriləcəyi planı olduğundan oğlu K.Nəbiyev sərbəst buraxılıb. Onun suç ortağı T.Həsənov isə baş verən hadisəni özü tək törətdiyini boynuna alıb.

Məsələ ilə bağlı Qazax Rayon Prokurorluğu ilə əlaqə saxladıq. Prokurorun köməkçisi Nəsib Bayramov bildirdi ki, zərərçəkən zorlamaya cəhd şikayəti ilə prokurorluğa müraciət edib. Araşdırma aparılıb. N.Bayramov bildirdi ki, zorlama faktı təsdiqini tapmadığından iş Qazax Rayon Polis Şöbəsinə göndərilib.
Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov “Yeni Müsavat”ın müxbirinə deyib ki, 2011-ci il, mayın 31-də Ağstafa rayon sakini G.Bəhramova DİN-in 102 xidmətinə zəng edərək 4-5 nəfər tərəfindən döyüldüyünü bildirib: “O deyib ki, Qazax rayonundakı ”Sərinlik" restoranında tanımadığı şəxslər onu döyərək zorlamağa cəhd ediblər. Dərhal Qazax Rayon Polis Şöbəsinə məlumat verilib. Zorlama şikayəti olduğundan iş rayon prokurorluğuna göndərilib. Polisin əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin iştirakçısı olmuş 5 nəfərin şəxsiyyəti müəyyənləşib. Onlardan 4-ü Qazax, 1-i isə Bakı sakini olub. Məlum olub ki, həmin qadın restorana qarşılıqlı razılaşmaya əsasən gedib. Əyləndikdən sonra həmin şəxslər ona əvvəlcədən boyun olduqları 30 manatı verməyiblər. Qadın heyfini çıxmaq üçün DİN-in 102 xidmətinə deyib ki, onu döyüb zorlamaq istəyiblər".

E.Zahidov bildirdi ki, bu cinayətdə adları keçən şəxslər kimin övladı olmasından asılı olmayaraq qanun qarşısında cavab verəcəklər.

Dünən “Yeni Müsavat”ın müxbiri zorlama cinayətində adı çəkilən Kənan Nəbiyevin atası Rövşən Nəbiyevlə telefon əlaqəsi saxlayıb deyilənlərə ondan münasibət öyrənməyə çalışıb. İcra başçısının köməkçisi olan R.Nəbiyev deyilənləri təkzib edib: “Mənim oğlum o cür işlər etməz. O, elə kişinin oğlu deyil ki, belə əməllərdə iştirak edə”.

R.Nəbiyevə olayla bağlı DİN rəsmisinin açıqlamasını xatırlatdıqda “mən DİN-min tanımıram. Nə deyirlərsə hamısı yalandı. Oğlumun heç bir suçu yoxdu” cavabını verib. Rövşən Nəbiyev onunla danışan müxbirimizə qonaqlıq da təklif etdi: “Siz gəlin Qazağa, qulluğunuzda dayanım, sizə qonaqlıq verim, oturaq söhbət edək. Bu cür qanqaraldıcı məsələlərdən danışmağa nə ehtiyac var?!”

Baş verən hadisə hazırda Türkiyə telekanalında yayımlanan və Azərbaycanda da məşhur olan “Fatmagülün suçu nə?” serialındakı olaya bənzəyir. Xatırladaq ki, həmin serialda dörd gənc oğlan Fatmagül adlı kasıb və kimsəsiz qızı zorlayır. Bu iyrənc cinayətin əsas iştirakçıları isə zəngin ailənin övladları olur. Filmdə cinayətin iştirakçıları qanun qarşısında cavab verməli olurlar. Onları törətdikləri əmələ görə həbsə atırlar. İndi görək adı bizim “Fatmagülü” zorlamaqda keçən məmur uşaqları qanun qarşısında cavab verəcəkmi...