BolgeXeber.Com » Bölgə » Şəmkir Maliyyə İdarəsinin işçiləri nə işlə məşğuldur?

Şəmkir Maliyyə İdarəsinin işçiləri nə işlə məşğuldur?

5-10-2013, 13:45
Oxunub: 4 718 Qazax Peşə Liseyində aparılan yoxlamaların pərdəarxası məqamları...

Qazax Peşə Liseyinin bir qrup müəllimi maliyyə naziri Samir Şərifova və təhsil naziri Mikayıl Cabbarova müraciət ediblər. Liseyin müəllimləri həmin müraciətin bir nüsxəsini də mətbuat nümayəndələrinə ünvanlayıblar. Məlum səbəblərdən adlarını çəkməyən müəllimlər şikayətlərində Şəmkir rayonu üzrə Maliyyə İdarəsinin rəhbərliyinin özbaşına əməllərindən, həmçinin çalışdıqları liseydə mövcud olan qüsurlardan şikayətlərini dilə gətiriblər. «Yeri gəlsə, bu ifadələr üçün əlimizi "Quran”a da basmağa hazırıq. Onlar da əllərini "Quran”a bassınlar ki, yoxlama apardığı idarələrdən pul aparmayıblar», deyə müəllimlər bildiriblər.

Onlar həm işlədikləri təhsil ocağı haqqında, həm də həmin təhsil qurumunda maliyyə yoxlamaları aparan Şəmkir Regional Maliyyə İdarəsinin fəaliyyəti ilə bağlı şok faktlar açıqlayıblar: «Bildiririk ki, birbaşa Maliyyə Nazirliyinə tabe olan və oturacaq yeri Şəmkir olan zona Maliyyə İdarəsinin işçiləri yoxlama adı altında özləri qanunları pozurlar. Onlar harda maliyyə yoxlamaları aparırlarsa, həmin idarə müdirləri ilə yaxşıca «ley-pey»də olur, gedəndə də yaxşıca «şirinlik» də aparırlar. Bu, danılmaz faktdır. Yeri gəlsə, bu ifadələr üçün əlimizi "Quran”a da basmağa hazırıq. Lakin məsələ bunda da deyil. Hazırda maliyyə işçilərinin yoxlama apardıqları Qazax Peşə Liseyi boğazına kimi tədris və maliyyə çirkabı içərisindədir. Qəribədir ki, belə bir «adı var, özü yox» tədris ocağı bu çirkabdan necə çıxacaq? Müəssisə müdiri ilə hər gün günorta çörək yeyib, spirtli içki içən maliyyə işçiləri hansı nöqsanlardan danışa bilərlər? Hazırda liseydə 7-8 nəfər 65 yaşdan yuxarı müəllim çalışır. Hətta tədris işləri üzrə şöbə müdirinin də yaşı 65-dən yuxarıdır. Qazax Peşə Liseyində 100 nəfər müəllim, usta və texniki işçi çalışır. Əmək qanunlarına görə ,100-ün 2%-i 65 yaşdan 70 yaşa qədər müqavilə ilə işləyə bilər. Qazax Peşə Liseyində isə bu faiz 6-7-dir. Siz deyin, bu maliyyə pozuntusu sayılmırmı? Görəsən, maliyyə yoxlaması nə işə və hara baxır? Qanunların müdafiəsində bəs kim durmalıdır? Eləcə də liseydə bizə və sizin yoxlamanıza məlum olan digər məsələlər. Odur ki, ərizəmizi nəzərə alıb, müvafiq tədbir görməyinizi xahiş edirik». Şikayətçilərin sözünün qüvvəti olaraq bildirək ki, Şəmkir Maliyyə İdarəsinin adı bu vaxta qədər bəzi qalmaqallı olaylarda çəkilib. Xatırladaq ki, bir müddət əvvəl mətbuatda xəbər yayılmışdı ki, idarə müdiri Nazim Məlikov rayon rəhbərliyi ilə yola getmir. Bunun səbəbi isə idarə rəhbərinin rayonun abadlaşması üçün dövlət büdcəsindən son bir il ərzində ayrılan 12 milyon manat vəsaitdən öz payını ala bilməməsi idi. Ümid edirik ki, maliyyə və təhsil nazirliklərinin rəhbərləri şikayətçilərin problemini araşdırıb günahı olan şəxsləri cəzalandıracaqlar.

Qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq
.