BolgeXeber.Com » Bölgə » Qələbənin əldə olunmasında Azərbaycanın töhfəsi

Qələbənin əldə olunmasında Azərbaycanın töhfəsi

8-05-2023, 11:02
Oxunub: 2 208

İkinci dünya müharibəsində faşizm üzərində Qələbədən 78 il keçir. Bu qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük töhfəsi və rolu olub. Çünki xalqımız faşizm üzərində qələbə üçün özünün 600 min oğul və qızını cəbhəyə yola salmışdı. Azərbaycanda təşkil olunmuş diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, minlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində vuruşublar. Müharibə illərində göstərdikləri igidliyə görə 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 271, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər;

Qələbə Azərbaycan xalqına da asan başa gəlməyib. Bəşər tarixinin ən dəhşətli savaşında Azərbaycandan 300 min insan həlak olub. Müharibədə iştirak etmiş soydaşlarımızın təxminən yarısı döyüşlərdə həlak olub. Onlar amansız döyüş meydanlarında fədakarcasına vuruşaraq, həm də doğma Azərbaycanı faşizmdən qorudular. Respublikamızı təmsil edən 170 mindən çox döyüşçünün orden və medallarla təltif edilməsi, 130 nəfərin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna sübutdur.

Xalqımız arxa cəbhədə də misilsiz əmək hünərləri göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz bilmədən fədakarlıqla çalışıb. Böyük Qələbəyə xüsusən neft Bakısının töhfəsi əvəzsizdir. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzininin və yüksək keyfiyyətli sürtgü yağlarının 85-90 faizi Azərbaycanın payına düşürdü. Faşizm üzərində qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Ona görə də Azərbaycan nefti olmasaydı, sovet-alman cəbhəsində hərbi əməliyyatların nə ilə nəticələnəcəyini təsəvvür etmək çox çətindir. Buna görə də İkinci dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə vətənpərvərlik nümunəsi olacaqdır. Ümummilli lider Heydər Əliyev İkinci Dünya müharibəsində Qələbənin 50 illiyi münasibətilə keçirilən təntənəli gecədəki nitqində bu barədə demişdi: "Bu Qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi... O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi..."

1941-1945-ci illərdə İkinci Dünya müharibəsində Zaqafqaziya dəmir yolunun Bakı şöbəsi dəmiryolçuların şücaəti nəticəsində cəbhəyə və xalq təsərrüfatının ehtiyacları üçün 1 milyon 600 min vaqon, o cümlədən 480 min vaqona qədər quru yük və 500 min sistern neft məhsulları göndərmişdi. Stalinqrad uğrunda qızğın döyüşlərin getdiyi bir vaxtda Xəzərin kommunikasiya xətləri ilə 434 min 472 nəfər hərbi və mülki şəxs, 96 təyyarə, 791 tank, 346 zirehli maşın, 222 traktor, 173 min 730 baş at, 213 min 257 ton döyüş sursatı və müxtəlif yüklər daşındı;

Respublikanın müəssisələri 1419 min ədəd şinel, 4227 min dəst yay geyimi, 3097 min alt paltarı, 1977 min cüt çəkmə, 1417 min patron çantası, 1468 min dəst trikotaj istehsal etmişdi. 1941-1945-ci illərdə Azərbaycan xalq təsərrüfatından orduya 5457 yük, 371 minik maşını və 301 digər avtomobil səfərbər edilmişdi. Azərbaycanın kənd əməkçiləri ölkəyə 500 min ton pambıq və digər strateji xammal məhsulları vermişdilər;

1941-ci ildə respublikada 66 hərbi hospital yaradıldı. Müharibə illərində respublikada donor hərəkatı genişləndi. 1941-1945-ci illər ərzində yaralı döyüşçülər üçün cəbhəyə 41.609 litr qan göndərildi, 7.229 litr qanı əvəz edən preparatlar hazırlandı. Müharibə dövründə respublikanın 149.170 vətəndaşı donorçu oldu;

1942-ci ilin yanvarında tibb elmləri doktoru, professor Əziz Əliyevin sədrliyi ilə “Yaralı Döyüşçülərə və Xəstələrə Kömək Komitəsi” yaradıldı. Azərbaycan xalqı 1941-1943-cü illərdə müdafiə fondu üçün 15 kiloqram qızıl, 952 kiloqram gümüş, 311 milyon manat pul toplamış, cəbhəyə 1,6 milyon ədəd müxtəlif əşya və 125 vaqon isti paltar göndərmişdi. Təkcə müharibənin əvvəllərində müdafiə fonduna şəxsi istifadələrdə olan 18 min baş mal-qara, 52 min pud taxıl, 170 min pud müxtəlif növ məhsul göndərilmişdi;

Azərbaycan oğulları faşizmə qarşı partizan və müqavimət hərəkatında da fəal iştirak etmişdilər. Azərbaycanlılar Krımda, Ukraynada, Belarusda, Şimali Qafqazda, Baltikyanı ölkələrdə, Polşada, Çexiyada, Macarıstanda, Yuqoslaviyada və İtaliyada partizan dəstələri sıralarında, Fransada antifaşist müqavimət hərəkatında igidliklə vuruşmuşdular.

Müharibə dövründə üç mindən çox azərbaycanlı Qərbi Avropa ölkələrində, xüsusən Fransada müqavimət hərəkatında iştirak etmişdilər

Ulu öndər Heydər Əliyevin müharibə veteranlarına diqqət və qayğısını Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev layiqincə davam etdirir. Faşizm üzərində tarixi Qələbənin ildönümü hər il respublikamızda təntənəli şəkildə qeyd olunur. Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev hər il Qələbə günündə xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad edir, müharibə veteranları ilə görüşür, onları Qələbə bayramı münasibətilə təbrik edir. Dövlət başçısının müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi, xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar, yubiley medallarının təsis edilməsi cəmiyyətdə böyük razılıqla qarşılanır.

Faşizm üzərində qələbə Azərbaycan xalqının da fəxr etdiyi, qürurlandığı unudulmaz tarixdir.

Azərbaycan övladlarının İkinci dünya müharibəsində göstərdikləri qəhrəmanlıq gənc nəslə vətənpərvərlik nümunəsidir. Bu gün həmin müharibənin iştirakçısı olan insanlara göstərilən böyük diqqət və qayğı isə Prezident İlham Əliyevin mənəvi dəyərlərimizə bağlılığının, öz xalqının qəhrəmanlıq salnaməsinə dərin ehtiramının və ulu öndərin ideyalarını yaşatmasının bariz təcəssümüdür.

Bəşər tarixinin dəhşətli savaşlarından sayılan müharibədə qələbənin əldə edilməsində əvəzsiz xidmətləri olan, şücaət və qəhrəmanlıq göstərən bütün əsgərlərin, zabitlərin, adi vətəndaşların hər birinin xatirəsini dərin hörmətlə anırıq.


Bərdə şəhər Milli Qəhrəman Elgiz Kərimov adına 4 nömrəli tam orta məktəbin direktoru

Tofiqə Məmmədova.