İcra başçıları üçün “qiyamət günü” yaxınlaşır
24-10-2013, 08:45
Oxunub: 4 551
Rayon rəhbərləri Prezident Administrasiyasına çağırılır; seçkilər onların bəzilərini bitirib; cəzalandırılacaq şəxslərin siyahısı da hazırdır
Bir sıra rayonların icra hakimiyyətləri iqtidarın onların qarşısında qoyduğu seçki tapşırıqlarına əməl edə bilməyiblər. Bu da mərkəzi hakimiyyətdə onların və bölgə kuratorlarının ünvanlarına ciddi narazılıq yaradıb. Seçkilərdən əvvəl də xalqın ən çox narazılıq etdiyi rayonlar məlum idi.
Bölgələrdə xalqla yerli məmurların münasibətləri o dərəcədə bərbad idi ki, prezident vəziyyəti düzəltmək üçün bütün il böyu Nazirlər Kabinetinin üzvlərini müntəzəm olaraq rayonlara göndərməyə məcbur qaldı. İndi də seçki prosesi arxada qalıb və kimin necə işlədiyinə, seçkidə hansı nəticələri göstərdiyinə, hətta ATƏT və s. müşahidəçilərə hansı faktları verdiyinə yekun vurmaq mümkündür. “Yeni Müsavat”ın əldə etdiyi məlumata görə, iqtidarın siyasi rəhbərliyi bir neçə rayonda seçkilərin təşkilindən və seçici fəallığının aşağı olmasından, eləcə də seçkiləri müşahidə edən xaricilərə “lazımsız əsaslar və faktlar verilməsindən” ciddi narazı qalıb. Rəhbərlik bu nəticələrə görə günahı birbaşa həmin rayonların icra başçılarında görür.
Xüsusən həmin rayonlarda seçici fəallığının aşağı olması yerlərdə əhalinin rayon rəhbərlərindən narazılıqlarının ümumilikdə hakimiyyətə münasibəti kimi qəbul edilir.
Məlumatlara görə, bütün bunlarla bağlı rayon rəhbərlərinə ciddi xəbərdarlıq edilib və həmin rayonlarda gözləntilərin doğrulmaması birbaşa icra başçılarının yarıtmazlığı, işlərini düzgün qura bilməmələri və əhali ilə işləməyin yolunu tapmamasının nəticəsi kimi qiymətləndirilib. Xəbərdə o da deyilir ki, seçici fəallığının çox aşağı olduğu və hakimiyyətin daha yüksək nəticə gözlədiyi, lakin reallığın bu gözləntilərdən kəskin fərqləndiyi rayonların siyahısı müəyyənləşdirilib. Bu siyahıda adları olan rayonların icra başçılarından ciddi hesab sorulacağı və onların cəzalandırılacağı qaçılmazdı.
Buna görə də Türkiyə türklərinin sözü ilə desək, artıq mərkəzi hakimiyyətdən “fırça yeyən” həmin rayonların icra başçıları rayonlarda seçkidə iştirak eləməyən büdcə işçilərinin “ovuna” çıxıb. Oktyabrın 9-da seçki məntəqələrinə getməyənlər müəyyənləşdirilir və onlara təzyiq edilir; onlar hədələnirlər, işdən çıxarılacaqları ilə qorxudulurlar. Rayon rəhbərləri seçkiyə getməyənlərin onlara ciddi zərbə vurduqlarını deyirlər. Seçkilərdə iştirak etməyənlərə təzyiqlərin olması barədə Müsavat Partiyasından da “Yeni Müsavat”a məlumat verilib. Partiyadan bildirilib ki, son günlər Bakı şəhəri də daxil olmaqla, bir sıra yerlərdən onlara seçkidə iştirak etməyən büdcə işçilərinə qarşı ciddi təzyiqlərin başlaması barədə məlumatlar daxil olub.
Redaksiyamıza gələn məlumatlarda o da bildirilir ki, yaxın günlərdə Prezident Administrasiyasında icra başçılarının iştirakı ilə toplantı keçiriləcək. Orada rayonlar üzrə seçkilərin nəticələri təhlil olunaraq, kimlərsə ödülləndiriləcək, kimlərsə ciddi cəzalandırılacaq. Məlumatlı qaynaqların sözlərinə görə, cəza növü kimi isə həmin icra başçılarının vəzifədən çıxarılması nəzərdə tutulur.
Vəzifələrini itirəcəklərini təxmin edən bir sıra rayonların icra başçıları Prezident Administrasiyasındakı “qiyamət günü”ndə qəzəbdən qurtulmaq üçün yollar axtarırlar...
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər