BolgeXeber.Com » Bölgə » Mikayıl Cabbarovun kadr islahatlarının ilk hədəfi məhz Əjdər Kərimov olacaq

Mikayıl Cabbarovun kadr islahatlarının ilk hədəfi məhz Əjdər Kərimov olacaq

24-10-2013, 13:55
Oxunub: 5 072 Onun icra başçısının müavini vəzifəsinə gətirilməsi heç cür inandırıcı görünmür



Deyəsən, təhsil naziri Mikayıl Cabbarov uzun-uzadı müzakirələrdən sonra nəhayət ki, ciddi kadr islahatlarına başlamaq barədə qərar qəbul edib. Bununla bağlı əldə etdiyi bilgiləri redaksiyamızla paylaşan məlumatlı şəxsin sözlərinə görə, nazir kadr islahatlarına ilk öncə Neftçala rayonundan başlayacaq.

Mənbə iddia edir ki, Mikayıl Cabbarov yaxın vaxtlarda bir neçə rayonun təhsil şöbə müdirlərini işdən kənarlaşdıracaq: «Təhsil nazirinin kadr islahatlarının ilk hədəfi isə məhz Neftçala Rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov olacaq. Çünki artıq şöbə müdiri bütün əndazəni aşmaq üzrədir. Onun Neftçala rayon Təhsil işçiləri Azad Həmkarlar Komitəsinin sədri Asudə Cəfərova ilə yola getmədiyini, aralarında vaxtaşırı toqquşmaların yaşandığını artıq bilməyən yoxdur. Təbii ki, bu barədə də Mikayıl Cabbarova bir sıra zəruri məlumatlar çatdırılıb». Artıq Əjdər Kərimovla Asudə Cəfərova arasındakı münasibətlərin ən kəskin həddə çatdığını vurğulayan məlumatlı şəxsin sözlərinə görə, onlar arasında yaranmış gərginliyin əsas səbəbi tərəflərdən hər ikisinin də gələcək karyerası ilə bağlı iddialarının olması və bu iddiaların bir nöqtədə toqquşmasıdır: «Belə ki, bu gün həm Əjdər Kərimov, həm də Asudə Cəfərova eyni yerə göz dikiblər. Yəni onların hər ikisi Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin müavini olmaq iddiasındadır. Məhz elə buna görə də tərəflər bir-birinin əleyhinç kompramat materiallar toplayır, əlverişli məqam düşən kimi biri digərini ittiham edir, bu və digər məsələlərdə günahlandırır. Bir sözlə, onlar artıq bir müddətdir ki, bir-birinə qarşı açıq müstəvidə mübarizəyə keçiblər».

Neftçala Rayon İcra Hakimiyyətinin başçısının təhsil və səhiyyə üzrə müavini Gültəkin Sadıqovanın həm Əjdər Kərimov, həm də Asudə Cəfərovaya şirin vədlər verdiyini qeyd edən məlumatlı şəxs bildirir ki, Neftçala Rayon Təhsil Şöbəsinin müdirinin daha yüksək vəzifəyə gətirilməsi heç də inandırıcı görünmür: «Çünki Əjdər Kərimovun adı indiyədək bir sıra xoşagəlməz olaylarda hallandırılıb. Bununla yanaşı, artıq rayon sakinlərinə də bəllidir ki, faktiki olaraq Neftçala təhsilini bərbad hala salmış Əjdər Kərimov təhsil müəssisələrini sanki bazara çevirib. Məhz elə bu səbəbdən də artıq uzun müddətdir ki, Neftçala rayonunda təhsil sahəsində ciddi böhran yaşanır. Əjdər Kərimov təhsil şöbəsinə yeni müdir gələndə bir qədər sakit davransa da, bir müddət sonra hərəkətə keçməyə başladı. Məhz bu hərəkətlilik nəticəsində hazırda rayonda orta məktəblərin direktorlarının demək olar ki, hamısı ona işləmək məcburiyyətində qalıb. Belə ki, Neftçalada fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərlərinin əksəriyyəti hər ay şöbə müdirinə «baş çəkir», onunla qısa «söhbət»dən sonra geri qayıdırlar. Məhz bu kimi səbəblər üzündən Əjdər Kərimovun yeni təyinat alması, yəni Neftçala Rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsinə gətirilməsi heç cür inandırıcı görünmür».

Təxminən, ay yarım bundan öncə Neftçala rayonunda müxtəlif işlərin həyata keçirilməsi üçün elan edilmiş tenderlər vasitəsilə yüz minlərlə manatın mənimsənildiyinə dair sənədlərin ortaya çıxdığını deyən mənbənin sözlərinə görə, rayonun rəhbər şəxslərinin nəzarəti altında həyata keçirilən proses zamanı 700 min manatdan artıq vəsait təyinatdan kənar istiqamətlərə yönəldilib: «Məsələn, Təhsil Nazirliyinin Neftçala Rayon Təhsil Şöbəsi üçün digər maşın və avadanlıqların satın alınması üçün elan edilmiş tenderə 9223 manat pul ayrılıb. Həmin prosesi isə «Günay-T» MMC şirkəti həyata keçirib. Təhsil Nazirliyinin Neftçala Rayon Təhsil Şöbəsi üçün bərk inventarların satın alınması üçün elan edilmiş tenderi isə «Konral» MMC həyata keçirib. Bu məqsədlə 239860,96 manat pulun aqibəti sual altına düşüb. Təhsil Nazirliyinin Neftçala Rayon Təhsil Şöbəsi üçün dəftərxana ləvazimatlarının satın alınması üçün elan edilmiş tenderə isə 5000 manat sərf olunub. Bu proses də fiziki şəxs Şəhriyar Ağamalı oğlu Sadıqov vasitəsilə həyata keçiriblər. Neftçala Rayon Təhsil Şöbəsi üçün mətbəə xidmətlərinin satın alınması üçün də elan edilmiş tenderin qalibi Şəhriyar Sadıqov olub.

Bu dəfə ortalıqda 10 min manat pul olub. Təhsil Nazirliyinin Neftçala Rayon Təhsil Şöbəsi üçün «Sair xərclər» maddəsi üzrə malların (işlər və xidmətin) satın alınması üçün işlər isə «Təmir-Bərpa» MMC-yə həvalə edilib. Ayrılan məbləğ isə 96942 manat təşkil edib. Təhsil Nazirliyinin M.Səfərov adına Neftçala şəhər internat ümumtəhsil orta məktəbi «sair xərclər» maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması işləri isə fiziki şəxs Qismət Tahir oğlu Qəfərova tapşırılıb. Bunun üçün isə 6000 manat pul ayrılıb. Əslində bu siyahını bir xeyli uzatmaq olar. Lakin buna lüzum yoxdur. Sadəcə onu qeyd etmək kifayətdir ki, Neftçala rayonunda təkcə təhsil sahəsində elan edilən tenderlər yolu ilə 724942 manat vəsait digər istiqamətlərə sərf olunub. Və bu məsələdə rayon təhsil şöbəsinin müdiri Əjdər Kərimovun da müəyyən mənada «əməyi» olub...»

Mövzu ilə əlaqədar qarşı tərəfi də dinləməyə hazırıq.