BolgeXeber.Com » Bölgə » Tərtərdə “Daşınmaz əmlakın icbari sığortası” ilə əlaqədar aparat müşavirəsi keçirilib

Tərtərdə “Daşınmaz əmlakın icbari sığortası” ilə əlaqədar aparat müşavirəsi keçirilib

6-07-2023, 15:00
Oxunub: 2 264

Bolgə.TV xəbər verir ki, Tərtər RİH-də özbaşına aparılan tikinti işlərinin qarşısının alınması və “Daşınmaz əmlakın icbari sığortası”  ilə əlaqədar aparat müşavirəsi keçirilib


Tərtər Rayon İcra Hakimiyyətində “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də və “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 10 aprel tarixli 2095 nömrəli Fərmanının icrası ilə əlaqədar və “Daşınmaz əmlakın icbari sığortası”  ilə bağlı aparat müşavirəsi keçirilib.


Rayon rəhbərinin sədrliyi ilə keçirilən müşavirədə rayon  icra hakimiyyəti başçısı aparatının əməkdaşları, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və  Arxitektura Komitəsi yanında  Qarabağ Regional Şəhərsalma və Memarliq Baş İdarəsinin hüquqşünası Nurlan Fərzalı, baş məsləhətçisi Zöhrab İsmayılov, rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin rəisi Mirhəmid Həşimov, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri iştirak ediblər.


Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhərsalma və tikinti fəaliyyəti sahəsində rayonda görülmüş işlər, eləcə də bu sahədə baş verən qanun pozuntularının vaxtında aşkar edilməsi, nöqsanların tez bir zamanda aradan qaldırılması, dövlət şəhərsalma nəzarətinin daha da gücləndirilməsi, qanunsuz tikinti işlərinin qarşısının alınması ilə əlaqədar görüləcək işlər barədə məlumat verib. Qeyd olunub ki, Tərtər Rayon İcra Hakimiyyəti başçısının 04.07.2023-cü il tarixli 89 nömrəli Sərəncamı ilə şəhərsalma və tikinti fəaliyyəti sahəsində baş verən qanun pozuntularının vaxtında aşkar edilməsi və nəticələrinin aradan qaldırılması, dövlət şəhərsalma nəzarətinin daha da gücləndirilməsi, qanunsuz tikinti işlərinin qarşısının alınması, habelə qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin sadələşdirilmiş qaydada istismarına icazə verilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin işçilərindən məsul şəxslər təyin edilib və onlar arasında inzibati ərazi dairələrinin bölgüsü aparılıb. 


İclasda həmçinin yaşayış məntəqələrində  sakinlər tərəfindən fərdi evlərin və mənzillərin sığortalanması vəziyyəti də müzakirə olunub. Rayon rəhbəri ölkəmizdə icbari sığorta ilə əlaqədar qanunvericilik bazasının formalaşdırıldığını, əmlakın sığortasının vətəndaşların mənafelərinə cavab verdiyini, vətəndaşlar daşınmaz əmlaklarını icbari qaydada sığortalamaqla fövqəladə hallarda riskləri minimuma endirmiş olduqlarını bildirib.


Müzakirə olunan məsələlər barədə başçının birinci müavini Elvin Umudov, Qarabağ Regional Şəhərsalma və Memarliq Baş İdarəsinin baş məsləhətçisi Zöhrab İsmayılov, Tərtrər RİH başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini  Zabil Paşayev, rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin rəisi Mirhəmid Həşimov çıxış ediblər.


Rayon rəhbəri tərəfindən müzakirə olunan məsələlər barədə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verilib.