BolgeXeber.Com » Bölgə » Rayon rəhbərinin İrəvanlı kəndində növbəti səyyar qəbul-görüşü keçirilib

Rayon rəhbərinin İrəvanlı kəndində növbəti səyyar qəbul-görüşü keçirilib

13-07-2023, 14:44
Oxunub: 1 800

Bolgə.TV xəbər verir ki, Rayon rəhbərinin İrəvanlı kəndində növbəti səyyar qəbul-görüşü keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü rayonun İrəvanlı kəndində keçirilib.

Qəbulda rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədov, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə icra başçısı kənddə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb.

İcra başçısı ölkə rəhbərinin diqqət və qayğısı altında respublikamızda, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, qələbədən sonra bərpa olunan kəndlərə, eləcə də rayonun Talış kəndinə əhalinin köçürülməsindən, şəhid və qazi ailələrinə, vətən müharibəsi veteranlarına dövlət tərəfindən göstərilən dəstəkdən də bəhs edib.

Sonra kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verilib.

Bildirilib ki, İrəvanlı kəndinin 412 hektar ərazisi, 296 təsərrüfatı, 1033 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 tibb məntəqəsi, 1 mədəniyyət evi, 1 kitabxana, 4 ticarət obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su  ilə təmin olunub.

Sakinlər 495 baş iribuynuzlu, 740 baş xırdabuynuzlu heyvan, 4863 baş quş, 99 arı ailəsi  saxlayırlar.

Son üç ildə İrəvanlı kəndinində 1 ədəd subartezian quyusu istifadəyə verilib, 2000 ədəd çəkil tingi əkilib, su arxları 3 km məsafədə lildən təmizlənib, kəndarası yollar 2000 metr məsafədə təmir edilib, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.

Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.

İcra başçısı sonra sözü sakinlərə verib.

Kənd sakinlərindən qazi Rasim Həsənov  dövlət tərəfindən tikilmiş evinə qaz xəttinin çəkilməsi, İlham Məmmədov subartezian quyusunun qazılmasının tezləşdirilməsi, Firdovsi Novruzov pay torpaq sahəsinin suvarılması və yeni internet xəttinin çəkilməsi, Pərviz Qurbanov evinin təmir olunmasına köməklik və evinə gələn yolun zəbt olunması, Mehman Hüseynov elektrik xətlərinin kabelləşdirilməsi, Ceyran Quliyeva fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, Azər Cahangirov sudan qanunsuz istifadə ilə bağlı cərimə yazılması, Ədalət Novruzov pay torpaq sahəsinin düzgün bölünməməsi və digər məsələlər ilə bağlı müraciət ediblər.

Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri  və qazilərə  göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.