BolgeXeber.Com » Bölgə » “Heydər Əliyev İli-2023”: Tərtərdə Ümummilli Lider Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəldiyi gün qeyd olunub

“Heydər Əliyev İli-2023”: Tərtərdə Ümummilli Lider Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəldiyi gün qeyd olunub

14-07-2023, 12:52
Oxunub: 2 000

Bolgə.TV xəbər verir ki, “Heydər Əliyev İli-2023”: Tərtərdə Ümummilli Lider Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəldiyi gün  qeyd olunub


”Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən  rayonda silsilə tədbirlər davam edir.

Tərtər Rayon İcra Hakimiyyəti təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişi ilə bağlı: “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda “dəyirmi masa” keçirilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri,  rayon Ağsaqallar Şurasının sədri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərə həsr olunmuş kitab sərgisinə baxıb və onun həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Sonra tədbir “dəyirmi masa” ətrafında davam etdirilib.

Tədbirdə Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

“Dəyirmi masa”da iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Heydər Əliyev İli” çərçivəsində rayonda keçirilən və keçiriləcək tədbirlərdən danışıb və  “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda məruzə edib. Məruzədə qeyd olunub ki, ölkəmizin çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri vardır. Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. 

Ulu Öndər hakimiyyətə gələndə ölkəmiz iqtisadi vəziyyətinə görə keçmiş SSRİ-də ən geridə qalmış respublikalardan biri idi. Sənaye və kənd təsərrüfatı sahələrinin günün tələblərinə cavab vermirdi. SSRİ-də başlanan sənayeləşmə Azərbaycandan yan keçir, ölkədə işsizlərin sayı artır, gənc əhalinin bir qismi iş dalınca ittifaqın müxtəlif şəhərlərinə üz tuturdu.


Ulu Öndərimizin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilib. Müstəqilliyə qovuşmaq məqsədilə reallaşdırılan həmin tədbirlər nəticəsində 1969-1985-ci illərdə Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi istismara verilib, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunub. Həmin illər ərzində Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artıb. Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocağına 10 mindən çox azərbaycanlı oğlan və qız təhsil almağa göndərilib. Bu, Heydər Əliyev siyasi müdrikliyinin və uzaqgörənliyinin göstəricisi idi.


Ulu Öndər ölkəyə birinci dəfə rəhbərlik etdiyi dövrdə Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılmasına nail olub. Həmin dövrdə bu məktəbin yaradılması Azərbaycanda milli hərbçi kadrların yetişdirilməsinə çox böyük töhfə idi.


Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi illərdə bütün regionlar kimi, Qarabağın dilbər guşələrindən olan Tərtər rayonuna da böyük diqqət və qayğı göstərib. Ümummilli Lider deyirdi: “Tərtər Azərbaycanın gözəl təbiəti, bərəkətli torpağı, zəngin keçmişi olan və əməksevər  insanların  yaşadığı bir diyardır. “Ulu Öndərin 1969-cu ildə ilk dəfə hakimiyyətə gəlişindən sonra rayonumuzun ictimai-siyasi və iqtisadi həyatında böyük dəyişikliklər oldu. Həmin illərdə Tərtər 35-40 min ton pambıq verən, böyük maldarlığa malik olan, sənayesini dirçəldən bir rayona çevrilib. Tərtər şəhərində çoxmərtəbəli evlərdən ibarət bir qəsəbə salınıb, 30-40 mənzilli evlərdən ibarət 8 beşmərtəbəli yaşayış binası tikilib, əhalinin mənzilə olan tələbatını ödəmək üçün 2300 nəfərə həyətyanı torpaq sahəsi verilib. Bundan başqa, rayonda 2000-ə yaxın işçi qüvvəsi olan Elektromexanika zavodu, 500-ə yaxın işçi qüvvəsi olan Pambıqtəmizləmə zavodu, 300 nəfər işçi qüvvəsi olan Şirə zavodu, Süd emalı zavodu, Yol tikinti materialları istehsal edən zavodlar istifadəyə verilib. Ümummilli Lider dəfələrlə Tərtərdə olub, 1978-ci ildə Elektromexanika zavodunun açılışında iştirak edib, kənd təsərrüfatı işçilərinin müşavirəsini keçirib. Sərsəng su anbarının tikintisi ilə maraqlanıb və onun səyi nəticəsində inşası 5 ilə nəzərdə tutulmuş layihə cəmi bir il ərzində icra olunub. Ulu Öndərin diqqət və qayğısı ilə Tərtər rayonu inkişaf edib, gözəlləşib.


Rayon rəhbəri öz çıxışında Ulu Öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn zaman ölkədəki ictimai-siyasi vəziyyətdən, xaos və qarşıdurmadan, ölkəmizin parçalanmaq təhlükəsindən, torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal edilməsindən, 20 Yanvar faciəsi, Xocalı soyqırımından da danışıb, Ulu Öndərin xalqının səsini bütün dünyaya çatdırdırdığını qeyd edib. Bildirib ki, 1993-cü il iyunun 15-də Ulu Öndərin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışı Milli Qurtuluş tariximizin əsasını qoydu, ölkəmiz təlatümlər burulğanından xilas oldu, müstəqilliyimiz qorunub saxlandı, vətəndaş müharibəsinin qarşısı alındı, möhkəm ictimai-siyasi sabitlik yaradıldı, Azərbaycan yenidən əsası 1969-cu ildən başlanan inkişaf yoluna qayıtdı.


Görkəmli dövlət xadiminin uzaqgörən siyasəti nəticəsində ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafına, yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan verib. 1993-cü ildən sonra ölkəmizdə aparılan dövlət quruculuğu prosesi hərtərəfli inkişaf edən, müasir, demokratik ölkəyə çevrilən qüdrətli Azərbaycan Respublikasının yaradılmasına səbəb olub.

Dahi rəhbərin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi, milli həmrəyliyə nail olmaq amalının Azərbaycanın dövlət siyasətinin tərkib hissəsinə çevirməsidir.


Bu gün ölkəmiz Heydər Əliyev siyasətini uğurla davam etdirən respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında yeni nailiyyətlər qazanır. 44 günlük Vətən Müharibəsində Ali Baş Komandan  Cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız işğaldan azad edilib.


Sonra “dəyirmi masa”da Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər Rayonu üzrə nümayəndəsi Ceyhun İsmayılzadə, Umudlu kənd tam orta məktəbinin direktoru Könül Hacıyeva, rayon icra hakimiyyəti yanında İctimai şuranın üzvü Orxan Mustafazadə çıxış ediblər.


Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov yekunlaşdırıb.