Oqtay Şirəliyevin Quba səhiyyəsindən xəbəri varmı?
26-10-2013, 09:55
Oxunub: 5 439
RMX-nin baş həkimi İsmayıl Mirzəliyev uğursuz idarəçiliyi ilə tibb müəssisəsini yaman günə qoyub
6 yaşlı uşağın lal-kar olmasına səbəb olan xəstəxana rəhbəri ciddi şəkildə cəzalandırılmalıdır
Paytaxta ən yaxın məsafədə yerləşən rayonlardan biri olan Qubanın səhiyyə sistemi acınacaqlı, bir az da dəqiq desək çökmüş vəziyyətdədir. Ölkə rəhbərliyi tərəfindən bölgələrdə səhiyyə sisteminin müasir tələblər səviyyəsində təşkil olunmasından ötrü münbit şərait yaradılsa da, Quba Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi İsmayıl Mirzəliyev bundan düzgün formada istifadə edə bilmir. Haşiyə çıxıb qeyd etmək istəyirik ki, bir neçə gün əvvəl Qubada həkimlərin səhvi ucbatından bədbəxt hadisə baş verib.
Amsar kəndində yaşayan Zərbəliyevlər ailəsi mətbuata müraciət edərək 6 yaşlı övladlarının həkim səhlənkarlığı ucbatından lal-kar olduğunu bildirib uşağın müalicəsində dövlət qurumlarından kömək istəyiblər. Qədir Zərbəliyev 6 yaşlı nəvəsi Rəvanın həkim səhvi səbəbindən danışıq və eşitmə qabilliyyətini itirdiyini deyib. Onun sözlərinə görə, 2010-cu il mart ayının 11-də Rəvan Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsində qasıx yırtığından həkim Nurəddin Abdurrzayev tərəfindən əməliyyat edilib. Əməliyyatdan 2 ay sonra uşağın lal-kar olduğunu müşahidə ediblər. Bu faktı paytaxtdakı özəl kilinikalarda və Ə.Qarayev adına respublika uşaq xəstəxanasında da təsdiq ediblər. Baş həkim İsmayıl Mirzəliyev isə bu işə görə məsuliyyəti öz üzərindən ataraq şikayətin əsassız olduğunu bildirib. Rayondakı mənbələrdən aldığımız bilgilərə görə isə Quba Rayon Mərkəzi Xəstəxanasında həqiqətən də, neqativ hallar mövcuddur və vəziyyət günü-gündən pisləşməyə doğru gedir: «Xəstəxanada fəaliyyət göstərən həkimlərin səhvi ucbatından rayon sakinləri müxtəlif problemlərlə üzləşməli olurlar. Baş həkim başqa məsələlərə daha çox önəm verir. Vətəndaşların şikayətləri, səhhətlərində yaranan problemlər onu qətiyyən maraqlandırmır. Adicə bir məsələni qeyd etmək istəyirəm. Rayon Mərkəzi Xəstəxanasında, o cümlədən kənd, qəsəbələrdə yerləşən tibb məntəqələrində özbaşınalıq baş alıb gedir. Heç bir dərman və tibbi ləvazimat tapmaq mümkün deyil. Xəstəxanada dərman tapılmasa da, hər il dövlət büdcəsindən bu istiqamətdə kifayət qədər vəsait ayrılır. Lakin həmin vəsaitlər tamam başqa səmtlərə yönəldilir. Burda xəstələrə dərman verilmədiyi kimi, pasiyentlər yeməklə də təmin olunmur. Halbuki dövlət xəstəxanalarında müalicə olunan xəstələr yeməklə də təmin olunmalıdırlar. Səhiyyə Nazirliyinə hər il dövlət büdcəsindən külli miqdarda vəsait ayrılır. Nazirlik xəstəxanaya dərman preparatları, tibbi ləvazimatlar göndərir. Baş həkimdən soruşmaq lazımdır ki, həmin dərmanlar hara gedir? Vətəndaşlar dövlətin təsdiq etdiyi pulsuz tibbi xidmətdən yararlana bilmirlər». Qaynağın iddiasına görə, baş həkim səhiyyə ocağını tamam başqa qayda-qanunlarla idarə edir: «Ölkə rəhbəri çıxışlarının demək olar ki, bir çoxunda rüşvət və korrupsiya məsələsinə toxunur. Prezident məmurlara tapşırır ki, vətəndaşlardan rüşvət almasınlar, onları incitməsinlər. Xəstəxana rəhbəri isə hesab edir ki, bu sözlərin ona heç bir aidiyyəti yoxdur. Həkimlərin gözü xəstələrin cibindədir. Allah eləməmiş, birdən vəziyyətin ağır olar, boş ciblə xəstəxanaya daxil olarsan, onda heç üzünə də baxmazlar. Neçə dəfə ağır vəziyyətdə olan xəstələri maddi məsələlərə görə əməliyyat stoluna qaldırmayıblar. Gözləyiblər ki, yaxın qohumları gəlib həkimlərin «şirinliyini» versin, sonra əməliyyata başlasınlar. Xəstəxanada cərrah, travmotoloq, rentgenoloq, kardioloq çatışmazlığı var. İsmayıl Mirzəliyev uğursuz kadr islahatları ilə tibb müəssisəsini yaman günə qoyub. Onun haqsızlıqlarına tab gətirə bilməyən bəzi təcrübəli həkimlər işdən çıxıblar. Görəsən, səhiyyə naziri Oqtay Şirəliyevin baş həkimin qanunsuz əməllərindən xəbəri varmı? Əgər yoxdursa, qəzet vasitəsilə naziri xəbərdar etmək istəyirəm. Ondan xahiş edirəm ki, şəxsən özü Quba Rayon Mərkəzi Xəstəxanasına təşrif buyurub baş həkimin buranı nə hala salmasını yerində müşahidə etsin». Ümid edirik ki, nazir bu xahişi nəzərə alıb baş həkimin fəaliyyətini şəxsən yoxlayacaq.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Elvin Həkərili
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər