BolgeXeber.Com » Bölgə » Yevlax Rayon Mərkəzi Xəstəxanasında həkimin növbəti qurbanı

Yevlax Rayon Mərkəzi Xəstəxanasında həkimin növbəti qurbanı

5-11-2013, 10:25
Oxunub: 3 653 Rayon Mərkəzi Xəstəxanasında səhv diaqnozla müalicə alan Ülviyyə Sadıqovanın qara ciyəri sıradan çıxıb

Yevlaxda 28 yaşlı gənc qız həkimlərin səhlənkarlığı üzündən qara ciyərini itirmək təhlükəsi ilə üz-üzə qalıb. Bu barədə rayonun Cəlil Məmmədquluzadə küçəsi ev 4-də yaşayan Ülviyyə Sadıqova məlumat verib.

Ülviyyə Sadıqova bildirir ki, kasıb ailənin uşağıdır və 2000-ci ildən atasız həyat yaşayıb. Anası bir neçə yerdə işləməklə onu və digər ailə üzvlərini həm yaşadıb, həm də ali təhsil verib. Onun özü də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Sənətşünaslıq fakültəsini bitirib.

Jam.az-a danışan Yevlax sakini bildirir ki, 10.08,2009-cu ildə səhhətində yaranmış problemlə əlaqədar rayon Mərkəzi Xəstəxanasında həkim-terapevt işləyən Süleyman Nəsibova müraciət edib. «İlkin mərhələdə mənə böyürəklərimdə problem olduğunu və bu istiqamətdə müalicə aparacağını bildirdi. Bir müddət sonra isə məlum oldu ki, həmin müalicə effekt vermir. Bundan sonra Süleyman Nəsibov mədə-bağırsağımda problem olduğunu əsas gətirərək, bu yöndə müalicəyə başladı».

İki il davamlı olaraq yanlış istiqamətdə aparılan «müalicələr» isə Ülviyyənin vəziyyətinin kəskin şəkildə ağırlaşmasına gətirib çıxarıb. Nəticədə, onu 2011-ci ilin iyun ayında təcili olaraq Bakıya, Respublika Xəstəxanasına çatdırıblar. «Oradakı müayinələrdən sonra məlum oldu ki, Yevlaxda iki ildir aparılan müalicə səhv olub və nəticədə qara ciyərim tamamilə sıradan çıxıb. Assitlə yanaşı, digər xəstəliklərin də yaranmasına səbəb olub».

Xanım Sadıqova bildirir ki, başına gələnlərlə bağlı müavfiq dövlət qurumlarına dəfələrlə müraciət edərək, həkim səhlənkarlığı ilə bağlı ölçü götürülməsini tələb edib. Lakin indiyə qədər nə müraciətlərinə, nə də şikayətlərinə baxan olmayıb. Hazırda isə durumu çox ağır olan Ülviyyə Sadıqovanın təcili əməliyyata ehtiyacı var. «Həkimlərin son diaqnozuna görə, xəstəliyim dekompensasiya mərhələsindədir və təcili əməliyyat olunmalıyam. Donor da var. Lakin bu əməliyyat üçün 45 min manat tələb olunur. Həmin pulu toplamaq imkanımız yoxdur. Olan-qalanımız atamızdan miras olan yarımçıq tikilidir ki, onun da elə böyük əmbəlğ edəcəyi inandırıcı deyil».

Bununla əlaqədar Səhiyyə Nazirliyinə müraciət etmiş Yevlax sakininə bildiriblər ki, dövlət xəstəxanalarında belə əməliyyatlar aparılmır və bu cür əməliyyatlara görə dövlət büdcəsindən vəsait də ayrılmır. «Yalnız Ombudsmana müraciətimdən sonra əməliyyat olunacağım xəstəxananın baş həkimi 10 faiz güzəşt edilə biləcəyini bildirdi. Artıq nə edəcəyimi, necə edəcəyimi bilmirəm. Bütün dövlət qurumlarına bir daha müraciət edərək bildirirəm ki, Azərbaycan hökumətinin mənim kimi bir vətəndaşın müalicəsi üçün 45 min manat pulu şübhəsiz var. Və həmin pulun ayrılması üçün yardımçı olsunlar».