BolgeXeber.Com » Bölgə » Laçınlılar icra başçısını korrupsiyada ittiham edirlər

Laçınlılar icra başçısını korrupsiyada ittiham edirlər

5-11-2013, 11:35
Oxunub: 4 846 Bu barədə daxil olan məlumatda şok faktlar açıqlanır.

Məlumata əsasən təqribən yarım il əvvəl Laçına yeni başçı təyinatı alan Akif Səlimov yüksək rütbəli məmurlardan birinə rüşvət verərək vəzifə aldığını iddia edir və bunu bütün dost-tanışlarının yanında açıqca söyləyir. Elə bu üzdən də icra başçısı Akif Səlimov rayonun vəzifəli adamlarından külli miqdarda pul tələb edir. Pulu verməyənləri isə işdən azad edərək onların yerinə tələb etdiyi pulu verən şəxsi təyin edir. Bu zaman isə həmin «kadrın» nə qədər peşəkar və savadlı olması icra başçısını qətiyyən maraqlandırmır.

Misal üçün pia.az -a daxil olan məlumatda göstərilir ki, Akif Səlimov icra başçısının müavini postunu əvvəllər Laçın rayon sosial müdafiə fondunun sədri işləmiş, külli miqdarda dövlət vəsaitini taladığına görə həbs olunan və bir neçə ildən sonra naməlum şəraitdə həbsdən azad olunan Musa Musayevə vəd verib. Mənbə iddia edir ki, buna görə başçı Musa Musayevdən 100 min manat alıb. Lakin Musa Musayevi müavin postuna təsdiq etdirə bilmədiyi üçün Yol-İstismar İdarəsinə müdir təyin edib. Təbii ki, Musa Musayevdə bu təyinatdan narazı qalıb. Bundan sonra Akif Səlimov həmin vəzifəyə həmkəndlisi Tofiq Mirzəyevin təyin etdirib.

Akif Səlimov digər müavini Bəsti Nəcəflini də heç bir səbəb göstərmədən işdən azad edib. Onun yerinə isə özünün marşrut biznesində ortağı olan ikinci qrup əlil, bir gün belə dövlət işində çalışmayan Babək Aslanovu təyin etməyə cəhd göstərib. Akif Səlimovun bu təqdimatını da Prezident Adminstrasiyasında təsdiq etməkdən imtina edilib. Lakin Akif Səlimov belə “əvəzolunmaz kadrı” kənarda saxlamamaq üçün özünün əmri ilə onu icra hakimiyyətində təlimatçı təyin edib. Qısa müddətdən sonra isə təlimatçını ctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri və başçının müavini təyin etdirə bilib. Akif Səlimov mötəbər məclislərin birində abzından qaçırıb ki, o buna, PA-nın məsul işçisi Rövşən Ağayevin köməyi ilə nail ola bilib. Yəni faktiki olaraq Babək Aslanovun sənədləri saxtalaşdırılıb.

Bundan başqa məlumatda bildirilir ki, təhsil şöbəsinin müdiri Malik Vəliyevi vəzifəsindən uzaqlaşdırmaq istəsə də Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun təzyiqindən sonra bu fikrindən daşınıb. Amma ondan tələb olunan pulu ödəmək şərti ilə. Bildirilir ki, Malik Vəliyev tələb olunan pulun bir hissəsini nəqd olaraq ödəyib. Bir hissəsini isə hər ay müəllimlərinin maaşından tuturaq verəcəyini söz verib. İndii təhsil şöbəsinin müdiri hər bir məktəb direktorundan ayda 300 manat əlavə pul alır. Qeyd olunur ki, qaçqın rayonu olan Laçında 100-dən çox məktəb fəaliyyət göstərir.

Məlumata əsasən eyni vəziyyət səhiyyə şöbəsi ilə də təkrarlanıb. Baş həkim Rauf İsfəndiyarov da tələb olunan pulun bir hissəsini başçıya çatdırıb. Digər hisəsini isə hər ay həkimlərin maaşından tuturaq ödəyir. O da qeyd olunur ki, başçı Laçın xəstəxanasında əsas səlahiyyəti poliklinkanın baş həkimi Şakir Həkimə verib. Çünki Şakir həkim onun yaxın qohumudur.

Rayon mədəniyyət şöbəsinin müdiri İlqar İlyasov isə Akif Səlimovla anlaşa bilmədiyi üçün vəzifəsini itirib.onun yerinə isə pulundan keçməyə razı olan Yusif adlı iş adamı təyin olunub. Bundan əvvəl isə Yusifə müavin postu vəd olunub. Lakin sonda o da Musa Musayev kimi o da arzusunu reallaşdıra bilməyib. Elə bu üzdən də Yusif indii də həyat yoldaşının müavin təyin olunmasını başçıdan tələb edir.

Məlumatda xüsusi olaraq vurğulanır ki, Akif Səlimov vəziyyətdən çıxmaq üçün rayonunun Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən idarə olunduğunu qeyd edir. Bu isə Zakir Fərəcovun ona qəzəblənməsinə gətirib çıxarıb. Qeyd edək ki, Zakir Fərəcovun qardaşı Nazim Fərəcov Laçın rayonundan deputat seçilib. Akif Səlimov özü də iki dəfə seçkilərə qatılıb və Nazim Fərəcovun əsas rəqibi olub.

Onu da xatırladaq ki, Akif Səlimov icra başçısı təyin olunduqdan bir müddət sonra ölkə mətbuatında 90-cı illərin əvvəlində Ayaz Mütəllibovun dönəmində daxili işlər naziri işləmiş Tahir Əliyevin məhkəməsindən video fraqmentlər yayımlanmışdı. Həmin videoçarxda keçmiş daxili işlər naziri elə həmin vaxt Laçın rayonunun milis rəisi olan Akif Səlimovu Laçının işğalında ittiham edir. Məhkəmənin gedişində Tahir Əliyev Akif Səlimovu Gorus rayonu milis rəisi olan bacanağına gizli məlumatları ötürməkdə günahlandırmışdı. Həmçinin məhkəmə zalında Tahir Əliyev elan etmişdi ki, həmin dövrdə Laçın və Şuşa rayon polis şöbələrinin rəsiləri arasında olan çəkişmə üzündən müdafiəni düzgün qurmaq olmurdu.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…
Bolgexeber.com