BolgeXeber.Com » Bölgə » Əhməd Əhmədzadənin Əhliman Kərimovdan xəbəri var?

Əhməd Əhmədzadənin Əhliman Kərimovdan xəbəri var?

9-11-2013, 11:55
Oxunub: 3 454 Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsi ilə bağlı şikayətlərin ard-arası kəsilmir. Bildirilir ki, burada külli-miqdarda büdcə vəsaitlərinin mənimsənilməsi hallarına və digər qanun pozuntularına sürəkli yol verilir. Müxtəlif mənbələr istismar idarəsinin rəisi Əhliman Kərimovun müəssisənin səmərəli fəaliyyəti üçün ayrılan dövlət vəsaitlərini mənimsədiyini, bu məqsədlə material və avadanlıqların alınması barədə tərtib olunan sənədləri saxtalaşdırdığını iddia edirlər.

Qeyd olunur ki, maxinasiyalara qanuni əməliyyat donu geyindirmək məqsədilə bu işlərə başqa şirkətlər də cəlb olunurlar. Həmin şirkət və müəssisələr isə əlbəttə ki, Ə.Kərimovun etibar etdiyi yaxın adamlarına məxsus olurlar. Onların vasitəsilə əslində görülməmiş işlərin müqabilində hesaba köçürülən vəsaitlər dərhal nağdlaşdırılaraq mənimsənilir.Qeyd etmək lazımdır ki, bu faktların əksəriyyəti bir müddət əvvəl sözü gedən idarənin əməkdaşlarından biri tərəfindən redaksiyamıza təqdim olunmuş materiallarda da öz əksini tapmışdı. Həmin məlumatlarda göstərilirdi ki, Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsinin bilavasitə funksional fəaliyyəti demək olar ki, tamamilə dondurulub. Kollektorların lildən təmizlənməsi işi başlı-başına buraxılıb, qurğuların həddən artıq lillənməsi isə ətraf ərazilərdə böyük fəsadlara səbəb olub. Əhaliyə məxsus məhsuldar torpaq sahələri şoranlaşmaya məruz qalaraq istifadəyə yararsız vəziyyətə düşüb. Həmçinin mənbələr bildirir ki, respublikanın ən mühüm hidrotexniki qurğusu hesab olunan, Kür çayının altından keçən ”dükker” qurğusu da hazırda bərbad vəziyyətdədir. Yeni aldığımız məlumatlarda da qeyd olunur ki, idarənin faktiki fəaliyyətsizliyi nəticəsində körpülər və su keçirən qurğuların əksəriyyəti istifadəyə yararsız vəziyyətə gətirilib. Kollektor və digər hidrotexniki qurğularda əsaslı və cari təmir işləri isə demək olar ki, aparılmır. Buna paralel olaraq isə Mil-Qarabağ və Aşağı Şirvan Kollektorlarının İstismarı İdarəsinin balansında olan texnikalar “RAF” MMC şirkətinin Kürdəmir rayonu ərazisindəki göldə yaradılmış balıqçılıq təsərrüfatının sifarişlərinin icrasına cəlb olunurlar. Ümumiyyətlə redaksiyamıza daxil olan məlumatlarda bu idarəyə məxsus ağır texnikanın müxtəlif şirkət və fiziki şəxslərə “icarəyə” verilməsinə dair faktlara çox rast gəlmək olur. Bundan əldə olunan vəsait də təbii ki, idarə rəhbərliyi tərəfindən mənimsənilir. Mənimsəmə hallarına yol verilən daha bir sahə kimi də idarənin yanacaq və sürtgü materialları ilə təminatında yol verilən maxinasiyalar göstərilir. Mənbənin sözlərinə görə ayrılan yanacağın bir hissəsi tərəflər arasında əldə olunmuş razılığa əsasən birbaşa Ucarda yerləşən neft bazasından, idarəyə gətirilmədən satılır. Digər tərəfdən isə məlumatlarda idarəyə ayrılan material və avadanlıqların da rəhbərlik tərəfindən satıldığı iddia olunur. Bildirilir ki, Pirli kəndi yaxınlığındakı şor nasos stansiyasında bütün elektrik avadanlıqları – nasoslar, transformatorlar, kabellər artıq çoxdan satılıb. Əvəzində isə arx çəkilərək su öz axını ilə Baş Şirvan kollektoruna axıdılır. Bunun da nəticəsində suyun qalıq hissəsi artıq meliorasiya olunmuş torpaqlara axaraq yenidən şoranlaşmaya səbəb olur.Ümid edirik ki, səlahiyyətli qurumlar təqdim olunan məlumatlar əsasında lazımi araşdırmaları apararaq bu ciddiqanun pozuntularının qarşısının alınmasını təmin edəcəklər.