BolgeXeber.Com » Bölgə » Xızının icra başçısı ümidləri doğrultmur

Xızının icra başçısı ümidləri doğrultmur

16-11-2013, 12:50
Oxunub: 4 120 Yuxarı instansiyalar rayon rəhbərinin fəaliyyətinə nəzarəti artırmalıdır

Ölkəmizin ən dilbər guşələrindən biri də Xızı rayonudur. Paytaxta yaxın məsafədə yerləşən rayonda bəzi sosial problemlər əhalini əməlli-başlı narahat edir. Redaksiyamıza daxil olan ən son məlumatlara görə, Xızıda vətəndaşların incidilməsinin əsas səbəbkarı kimi Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Xəzər Aslanov göstərilir. Mötəbər mənbənin sözlərinə görə, 2012-ci ilin aprel ayında prezidentin imzaladığı sərəncamla rayona icra başçısı təyin edilən şəxs özbaşına işlərə imza ataraq camaatı dövlətdən, müvafiq qurumlardan incik salmağa çalışır:

«Yerli sakinlər icra hakiminin törətdiyi fəsadlara, səbəb olduğu qanunsuzluqlara etiraz olaraq dəfələrlə aidiyyəti instansiyalara yazılı və şifahi formada müraciət ediblər. Amma bu vaxta qədər başçı ilə bağlı konkret cəza tədbirləri görülməyib. Eşitdiyimə görə, onun arxasında yüksək rütbəli məmurlardan biri dayanıb. Məhz həmin şəxsə arxayın olaraq müxtəlif özbaşınalıqlara zəmin yaradır. Xızıda kim haqqını tələb edirsə, Xəzər Aslanovun zülmünə boyun əymək istəmirsə, təzyiqlərlə üzləşməli olur. Əhalinin etirazı isə haqlıdır. Belə ki, rayon həqiqətən də, bərbad vəziyyətdədir. Bura sanki qədim dövrdən qalma yaşayış məskənini xatırladır. Həm kənd, həm də mərkəzi yollar baxımsızlıqdan pis hala düşüb. Dövlət büdcəsindən rayonun abadlaşması məqsədilə ayrılan vəsaitlər naməlum təyinatlar üçün istifadə edilir. Başçı dövlət sifarişli layihələrin bir çoxunu yerli sahibkarların maliyyə imkanları hesabına həyata keçirir. İş adamları artıq beziblər. Hətta bir neçəsi buna tab gətirməyərək Bakıya üz tutub». Mənbə deyir ki, bir vaxtlar Xızı ölkə elminə tanınmış şəxsiyyətlər bəxş edirdi, rayon hər zaman təhsil sisteminə görə müsbət cəhətdən fərqlənirdi: «Amma bu gün icra başçısının qeyri-qanuni işləri təhsilin geriləməsinə səbəb olub. Son iki ildə təhsil sahəsində ciddi nailiyyətlər əldə olunmayıb. Orta məktəbi bitirən məzunlar ali təhsil ocaqlarına keçirilən qəbul imtahanlarında zəif nəticə göstəriblər. Rayon Təhsil Şöbəsinin rəhbər işçiləri başçının tapşırıqlarına uyğun olaraq müəllimlərdən hər ay müxtəlif bəhanələr adı altında «şirinlik» alırlar. Belə olan təqdirdə də təhsil sistemi məhvə doğru gedir». Mənbə bildirir ki, bu günlərdə, daha dəqiq desək, noyabr ayının 6-də ölkə başçısı Xızı ilə bağlı sərəncam imzalayıb: «Sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Xızı-Altıağac avtomobil yolunun tikintisi məqsədilə 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 3 milyon manatı Xızı Rayon İcra Hakimiyyətinə ayrılıb. Prezident rayona öz qayğısını əsirgəmir, çalışır ki, Xızıda sürətli və dinamik inkişaf getsin. Xəzər Aslanov isə ölkə başçısının ümidlərini doğrulda bilmir. Hazırda elə vəziyyət yaranıb ki, camaat iş üçün ya qonşu rayonlara, ya paytaxta, ya da xarici ölkələrə pənah gətirir. Son illər Xızıda yeni iş yerləri açılıb. İcra başçısı vəzifəyə təyin olunandan sonra həmin müəssisələrdəki peşəkar kadrları əsassız səbəblərlə işdən azad edərək onların yerinə öz adamlarını yerləşdirib. Bu qədər özbaşınalıq ölkənin heç bir rayonunda yoxdur. İcra hakiminin idarəetmə qabiliyyəti istənilən səviyyədə deyil. O, vətəndaşlarla mülayim rəftar edib problemlərini dinləmək əvəzinə, onları acılayır, yuxarıdan aşağı baxır. Təbii ki, bu, məmur, ələlxüsus da icra başçısı üçün qəbuledilməz hal sayılmalıdır. İcra başçıları prezidentin yerlərdəki nümayəndələridir. Onların hər biri ciddi cəhdlə çalışmalıdırlar ki, əhali sosial problemlərdən uzaq olsun. Xəzər Aslanov sanki bilərəkdən camaata əlavə problemlər yaradır. Vətəndaşları maraqlandıran əsas məsələlərdən biri rayonun inkişafına ayrılan 3 milyon manatın necə istifadə ediləcəyi ilə bağlıdır. İnsanlar arasında başçıya inam qalmayıb. Hamı deyir ki, o bu məbləğin əsas hissəsini şəxsi büdcəsinə yönəldəcək. Bunun baş verməsinin qarşısını almaq üçün əlaqədar orqanlar icra hakiminin fəaliyyətinə nəzarəti artırmalıdır». Əldə etdiyimiz digər məlumatda isə qeyd olunur ki, Xızı RİH-in rəhbərinin diplomu yoxdur, amma biz bu məsələyə inanmaq istəmirik. Ona görə də, bu barədə gələn saylarımızda araşdırma aparıb sizləri də məlumatlandırmağa çalışacağıq. Bizi izləyin.

Qarşı tərəfin də münasibətini dərc etməyə hazırıq.