BolgeXeber.Com » Bölgə » Babək Əliyev Tərtər rayonunun Düyərli kəndində hegemonluq edir

Babək Əliyev Tərtər rayonunun Düyərli kəndində hegemonluq edir

16-11-2013, 13:35
Oxunub: 4 597 Ötən yazılarımızda biz dəfələrlə bəzi rayon, qəsəbə və kənd bələdiyyə orqanlarının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli şöbələri ilə qeyri-qanuni iş birliyinə girərək müxtəlif maxinasiyalar törətmələrinə dair tənqidi materiallar dərc etmişik.

TİA.AZ-a daxil olmuş daha bir şikayət ərizəsində növbəti dəfə belə bir maxinasiyanın qurbanı olmuş məcburi köçkün və şəhid ailəsinin başına gələnlərdən bəhs olunur. Öz ərizəsində Mahiyyət Mehtiyeva bildirir: “Mən, Mehtiyeva Mahiyyət Şahmalı qızı ailəmlə birlikdə 1993-cü ildən Kəlbəcər rayonundan məcburi köçkün düşərək Tərtər rayonunun Xoruzlu kəndində yerləşən fermada məskünlaşmış və orada işləmişik. Ferma öz fəaliyyətini dayandırdıqdan sonra ailəliklə köçüb Düyərli kəndində yerləşən köhnə və uçuq hamam binasında məskunlaşdıq. Müharibədə ailəliklə böyük itkilərə məruz qalmışıq. Belə ki, qardaşım və oğlum şəhid oldular. Anam və əmim erməni qəsbkarları tərəfindən girov götürülmüşlər.

1996-cı ildən məskünlaşdığımız hamam binasının qarşısında olan 0,10 ha torpaq sahəsi Tərtər rayon İcra Başçısının icazəsi ilə mənim istifadəmə verilmişdir. Düyərli Bələdiyyəsinin sədri Əliyev Babək İsa oğlu məndən xəbərsiz 25.01.2007-ci il tarixli qərarı ilə mənim istifadə etdiyim 0,10 ha torpaq sahəsini Düyərli kənd sakini Əliyev İldırım Kazım oğluna və onun oğlu Əliyev Elməddin İldırım oğluna ayrı-ayrılıqda satmışdır.

Bundan sonra biz məhkəməyə müraciət etdik. Tərtər rayon məhkəməsi (hakim H.Mirzəliyev) özünün 29.11.2007-ci il tarixli qətnaməsində Düyərli Bələdiyyəsinin Əliyev İldırım Kazım oğlu ilə alqı-satqı aktını ləğv etmiş və hamam binasının qarşısındakı 0,10 ha torpaq sahəsinin öz doğma yurduma qayıdanadək mənim istifadəmə verilməsini qət etmişdir.

Məhkəmə iclasları zamanı məlum olmuşdur ki, məhkəməyə şahid qismində cəlb olunmuş Əliyev Vaqif Bayram oğlu mübahisəli torpaq sahəsini 2004-cü ildə notariat qaydada təsdiq edilmiş etibarnaməyə əsasən Tərtər şəhər sakini Quliyev Samir Saleh oğlundan almışdır. Lakin həmin vaxt bizim orada məskunlaşdığımıza görə bu illər ərzində torpaqdan istifadə edə bilməmişdir. Ona görədə hesab edir ki, İldırım Əliyev və onun oğlu Elməddin Əliyev mülkiyyətçi olmadıqları üçün iddiaçı ola bilməzlər.

Bundan sonra bələdiyyə sədri Əliyev Babək, mübahisəli torpağa iddialı olanlar Əliyev Elməddin və Əliyev İldırım 2009-cu ildə yenidən məhkəmədə iddia qaldıraraq “qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsində qanunsuz tikinti aparılmasına cəhd edilməsinin qarşısının alınması” tələbini irəli sürdülər.

Tərtər rayon məhkəməsinin 03.04.2009-cu il tarixli 2(61)-70/2009 saylı (hakim İ.Həsənquliyev) qətnaməsi ilə iddia rədd edilmişdir...” Bu arada məmnunluq hissi ilə qeyd etmək istərdik ki, rayon məhkəmə instansiyalarnda şəhid ailəsinin haqqının belə israrla müdafiə olunması son dərəcə təqdirə layiq bir hal kimi diqqəti cəlb edir.

Eyni zamanda rayondan aldığımız məlumatlarda Tərtər RİH-nin başçısı Ceyhun Cəfərovun da bu məsələdə prinsipial mövqe nümayiş etdirdiyi vurğulanır. Bununla belə Düyərli bələdiyyəsinin sədri B.Əliyevin qeyri-qanuni qazanc əldə etmək hərisliyi və inadkarlığı onu rayon rəhbərliyinin tövsiyyələrini də qulaq ardına vurmağa təhrik edir.

Bələdiyyə sədri bu vəziyyətlə heç cür barışmaq istəmir. Daha sonra biz M.Metiyavanın ərizəsində oxuyuruq: “Nəzərinizə çatdırım ki, Düyərli Bələdiyyəsi torpağın bizim istifadəmizdə qalmasına heç çürə razılaşmaq istəmirdi. Ona görədə müxtəlif bəhanələrlə mübahisəli torpaq sahəsini bir neçə nəfərə satmaqla özünə haqq qazandırmaq istəyirdi. Beləliklə də Düyərli Bələdiyyəsi Düyərli kəndinə son vaxtlar köçmüş, qonşuluqda atasının adına ev almış, hələ kəndin sakini kimi qeydiyyata düşməmiş, 18 yaşlı Ağalarov Səddam Mürşüd oğluna mənim istifadəmdə olan 0,10 ha torpaq sahəsini satmışdır. Düyərli Bələdiyyəsi ilə S.Ağalarov arasında formal bağlanmış alqı-satqı müqaviləsi bağlanandan təxminən 10-15 gün sonra Tərtər şəhər sakini Budaqov Bulud Zal oğluna notarial qaydada alqı-satqı müqaviləsinə əsasən satılmışdır.

Bir faktı da nəzərinizə çatdırım ki, Budaqov Bulud hamam binasının qonşuluğunda yerləşən “Çörək sexi” kimi tanınan binanın və onun ətrafındakı torpaq sahəsinin sahibidir. S.Ağalarov isə hamam binasınan baxarının sağ tərəfində ikinci qonşu kimi atasına məxsus evdə yaşayan qonşudur. Belə bir birinə bağlı olan hallardan məlum olur ki, bağlanılan müqavilələr qeyri qanuni, qərəzli, formal qaydada bağlanmış olduğundan ləğv olunmalıdır. Bu bağlılıqdan daha bir fakt aydın olur ki, Düyərli Bələdiyyəsi tərəfindən güya S.Ağalarova satılan 0,10 ha torpaq sahəsinin 0,055 ha ərazisi B.Budaqova məxsus əraziyə 0,045 ha isə mənim istifadəmdə olan torpaq sahəsinə düşür.

Bu anlaşılmazlıq isə Düyərli Bələdiyyəsinin qərəzli mövqe tutmasına bariz sübutdur. Eyni zamanda Tərtər rayon torpaq şöbəsi tərəfindən tərtib olunmuş şəhadətnamənin hansı əsaslarla verilməsi məlum deyil...” Göründüyü kimi Babək Əliyev şəhid və köçkün ailəsinə qarşı təqib və təzyiqlərindən bu gün də əl çəkmək niyyətində deyil.

Bütün bunlar isə son nəticədə M.Metiyavanın hüquqlarının müdafiəsi üçün ölkənin birinci xanımı, “Heydər Əliyev Fondu”nun prezidenti Mehriban xanım Əliyevaya müraciət etmək məcburiyyətində qoymuşdur.
Bolgexeber.com