BolgeXeber.Com » Bölgə » Fərhad Qəribovla Əhməd Vəliyevin maraqları toqquşub

Fərhad Qəribovla Əhməd Vəliyevin maraqları toqquşub

17-11-2013, 15:05
Oxunub: 3 551 MM-in biznesmen deputatları «Bakıxanov» Ticarət Mərkəzinin yerləşdiyi ərazi uğrunda mübarizəyə başlayıblar



Milli Məclisin (MM) özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olan bəzi deputatları bacardıqları qədər biznes imkanlarını genişləndirməyə çalışırlar. Mövcud qanunvericilik millət vəkillərinin bizneslə məşğul olmasını yasaqlasa da, buna riayət etməyənlər də var. Parlamentin biznesmen deputatları haqqında dəfələrlə məlumat vermişik. Özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olan millət vəkillərinə misal olaraq Kürdəmiri təmsil edən Fərhad Qəribov və Qazaxdan seçilən Əhməd Vəliyevi göstərə bilərik. Qeyd edək ki, hər iki deputatın nəzarətində müxtəlif biznes sahələri var.

Əldə etdiyimiz məlumatlara görə, adıçəkilən millət vəkilləri Sabunçu rayonu ərazisində yerləşən «Bakıxanov» Ticarət Mərkəzini ələ keçirmək uğrunda gərgin mübarizəyə başlayıblar. Məlumatda qeyd olunur ki, mərkəzin əsas şəriklərindən sayılan Hacı Xanlar bir neçə ay öncə xəstəlikdən dünyasını dəyişib. Onun ölümündən sonra bazar üzərindəki təzyiqlər çoxalıb və Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev bura maraq salıb: «Bakıxanov» bazarının başı üzərində qala buludlar həmişə dolaşıb. Ticarət mərkəzinin rəhbərlərindən biri olan Hacı Xanlar heç vaxt imkan vermirdi ki, hansısa məmur bazarla bağlı öz planlarını açıqlasın. Mərkəz böyük bir ərazini əhatə edir. Rayonun rəhbərliyi dəyişəndən sonra Sabunçu İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələri gəlib xəbərdarlıq etdilər ki, yenidənqurma işləri ilə əlaqədar olaraq bazar başqa yerə köçürüləcək. Buna rəğmən, Hacı Xanların yuxarılarda adamı olduğundan ticarət mərkəzini sökə bilmədilər. Onun vəfatından sonra isə vəziyyət dəyişib. Hazırda iki deputat - Fərhad Qəribov və Əhməd Vəliyev bazarın yerləşdiyi əraziyə sahiblənmək istəyirlər». Mənbənin dediyinə görə, Əhməd Vəliyev bazarın yerində beş ulduzlu «Jalə» hoteli tikdirmək istəyir: «Deputat ticarət mərkəzinin yeri üçün tələb olunan «şirinliyi» verməyə hazır olduğunu bildirib. Deyilənə görə, o, bazarın ərazisini alıb dünya standartları səviyyəsində hotel tikdirməyi planlaşdırır. Yəni bu yolla biznesini genişləndirməyi düşünür. Deputatın qarşısında yeganə sədd Fərhad Qəribovdur. Belə ki, Əhməd Vəliyevin həmkarı da «Bakıxanov» Ticarət Mərkəzinə tamah salıb. Əhməd Vəliyevdən fərqli olaraq Kürdəmirin deputatı burda hotel yox, əyləncə-istirahət mərkəzi tikdirmək niyyətindədir. Hələlik heç bir millət vəkilinə bazarın yerləşdiyi ərazinin satılması ilə bağlı konkret vəd verilməyib. Hər halda, belə söhbət ortaya atılıbsa, gec-tez «Bakıxanov» Ticarət Mərkəzi yerlə-yeksan ediləcək. Rektorla müqayisədə Fərhad Qəribovun şansları çox böyükdür. Eşitdiyimə görə, Sabunçu rayon rəhbərliyi ilə kürdəmirli millət vəkilinin münasibətləri çox yaxşıdır».

Qeyd edək ki, hazırda «Bakıxanov» bazarında yüzlərlə sahibkar fəaliyyət göstərir. Ticarət mərkəzinin sökülməsi isə bu qədər ailənin çörəksiz qalması deməkdir.

Mövzu ilə bağlı qarşı tərəflərin də mövqeyini işıqlandırmağa hazırıq.



Kənan Eyvazoğlu