BolgeXeber.Com » Bölgə » Yevlax TSEK-in sədri Şahin Hüseynov qanunsuz əməllərini davam etdirir

Yevlax TSEK-in sədri Şahin Hüseynov qanunsuz əməllərini davam etdirir

21-11-2013, 17:35
Oxunub: 6 871 İlqar Rəhimovun kadrı niyə cəzalandırılmır?

Bölgələrdə fəaliyyət göstərən bəzi tibbi-sosial ekspert komissiyalarının yarıtmaz fəaliyyəti yerli sakinləri və təbii ki, ilk növbədə bu qurumların xidmətlərinə ehtiyacları olan əlil və xəstə vətəndaşları son dərəcə narahat etməkdədir.

Bildiyimiz kimi, vətəndaşların dəfələrlə kütləvi informasiya vasitələrinə ünvanladıqları çoxsaylı şikayət ərizələrində TSEK rəhbərlərinin törətdikləri müxtəlif özbaşınalıqlar və ciddi qanun pozuntuları qeyd olunub.

Əlillik təqaüdü ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, ağır xəsarət alma, eyni zamanda əmək zədəsi, peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada iştirak etmək və digər səbəblərə görə verilir. Əgər əlillik hərbi xidmət zamanı baş veribsə, o zaman təqaüdün miqdarı bir qədər çox olur. Çox təəssüflər olsun ki, bu gün ölkədə saxta əlillərin sayı heç də az deyil. Söz yox ki, onların sayının artmasının əsas günahkarı məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində olan tibbi sosial ekspert komissiyaları (TSEK) və onların sədrləridir. Saxta əlillik dərəcəsi verənlərin, hətta onların sırasında ən öndə gedəni Yevlax rayon TSEK-dir desək, yanılmarıq. Hazırda TSEK-in sədri Şahin Hüseynovdur.

Rayon sakinlərinin sözlərinə görə, Ş.Hüseynov bu vəzifəyə gəldiyi gündən yalnız öz maraqlarını güdür və əlillik dərəcələrini öz istədiyi kimi verir. Bir sözlə, nə istəyirsə, onu da edir.

Qeyd edək ki, hələ ötən ilin avqust ayında kütləvi informasiya vasitələrində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bölgələrdə fəaliyyət göstərən TSEK-lərin işini təftişetmək məqsədilə məxfi yoxlamalar keçiriləcəyi barədə xəbərlər dərc olunmuşdu. Amma bunlar ancaq söz olaraq qaldı. Heç bir nəzarət, yoxlma aparılmadı. Bəzi tibbi-sosial ekspert komissiyalarının yarıtmaz fəaliyyəti ilə bağlı bu qurumların xidmətlərindən istifadə edən əlil və xəstə vətəndaşların narazılıqları ictimaiyyətin, o cümlədən kütləvi informasiya vasitələrinin diqqətini getdikcə daha çox cəlb etməkdədir.

Məlum olduğu kimi, ölkəmizdə prezident seçkilərindən sonra formalaşdırılmış yeni hökumətin tərkibində Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində yer aldı. Bu dəyişiklik təbii ki, əksəriyyət tərəfindən əhalinin sosial müdafiə sahəsində artıq çoxdan gözlədiyi mütərəqqi islahatların həyata keçrilməsində ilk addım kimi qiymətləndirilir. İslahatlar isə həqiqətən də zəruridir. Xüsusilə qeyd etmək lazımdır ki, ölkə ərazisində fəaliyyət göstərən bəzi tibbi sosial ekspert komissiyalarında (TSEK) bu günədək bərqərar olmuş vəziyyət olduqca bərbad durumu ilə diqqəti cəlb edir. Əldə olunan məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdir müavini, tibbi sosial ekspertiza və əlillərin reabilitasiyası məsələləri sektorunun müdiri Saday Abdullayev işdən çıxarılıb.

O, tibbi-sosial ekspertizanın təşkili və əlillərin sosial təminatı sahəsi işində yol verdiyi nöqsanlara görə işdən azad edilib.

Ümid edirik ki, belə kadr islahatları hələ davam edəcək və bölgələrdə fəaliyyət göstərən bəzi TSEK-lərin sədrləri də tutduqları vəzifədən uzaqlaşdırılacaqlar. Xüsusilə də öz qanunsuz əməlləri ilə ad çıxarmış Şahin Hüseynov bu "diqqətdən” kənarda qalmayacaq.