BolgeXeber.Com » Bölgə » İcra nümayəndəsinin mənimsədiyi vəsait müəllimlərin maaşları hesabına ört-basdır olunur

İcra nümayəndəsinin mənimsədiyi vəsait müəllimlərin maaşları hesabına ört-basdır olunur

27-11-2013, 14:30
Oxunub: 3 922 Ağdam şəhər icra nümayəndəsi Zabil Mehdiyev və Maliyyə Nazirliyndən Abdam rayonunda yoxlama aparan vəzifəli şəxs Bakıda yerləşən Ağdam rayon məktəblərindən bir neçə gündür ki, pul toplayırlar. Hər bir məktəb direktorundan 1000-1500 manat tələb olunur. Ağdam şəhər icra nümayəndəsi Zabil Mehdiyev topladığı bu pullarla yol verdiyi böyük maliyyə maxinasiayalarını ört-basdır etməyə çalışır.

Bu barədə Bakıda yerləşən Ağdam rayon məktəblərinin birindən daxil olan şikayət məktubunda bildirilir. Məlumata əsasən artıq bir aya yaxındır ki, Maliyyə Nazirliyinin bir neçə audit qrupu Ağdamda yoxlamalar aparır. Maliyyə Nazirliyinin Nizami adlı bir əməkdaşı isə Ağdam şəhər icra nümayəndəliyində audit aparıb. Aparılan yoxlamalar zamanı isə yüz min manatlarla mənimsəmə halları aşkarlanıb. Qeyd edək ki, pia.az-a daha əvvəllər Ağdamda yoxlamaların aparılması və külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi haqqında məlumatlar dərc etmişdi.

Məlumatda göstərilir ki, Zabil Mehdiyev külli-miqdarda dövlət vəsaitini saxta sənədlər tərtib etmək yolu ilə mənimsəyib. Belə ki, məlumata əsasən icra nümayəndəsi Quzanlı qəsəbəsində abadlıq işləri aparılması adı ilə Ağdam Ağdam Mənzil Kommunal İstismarı İdarəsinə 150 min manat vəsait köçürüb. Əslində isə heç bir abadlıq işləri aparılmayıb və həmin vəsait son qəpiyinə qədər nəqdləşdirilərək mənimsənilib. Bundan başqa 25000 manat vəsait güya Ağdam Təhsil Şöbəsinin ətrafının abalaşdırılması adı altında saxta sənədləşmə vasitəsi ilə silinib. Həmçinin Zabil Mehdiyev ezamiyyətlər, avtomobillərə yanacaq və hissələrin alınması, ərzaq alınması, dəftərxana ləvazimatlarının alınması adı ilə külli miqdarda dövlət vəsaitini mənimsəyib.

Məlumatda göstərilir ki, Maliyyə Nazirliyinin auditini həyata keçirən Nizami adlı məsul şəxs bütün bu yeyintiləri və başqa mənimsəmə faktlarını aşkarlayıb. Bundan sonra isə Maliyyə Nazirliyinin auditi mənimsəmə faktlarını ört-basdır etmək məqsədi ilə Zabil Mehdiyevdən mənimsənilən dövlət vəsaitinin yarısını tələb edib. Öncə icra nümayəndəsi imtina etsə də, sonradan ikili arasında razılaşma əldə olunub.

Razılaşmaya əsasən tələb olunan vəsait Bakıda yerləşən Ağdam rayon məktəblərindən toplanır. Belə ki, Zabil Mehdiyev və Maliyyə Nazirliyinin Nizami adlı əməkdaşı məktəbləri gəzərək hər bir direktordan 1000-1500 manat vəsait tələb edirlər. İmtina edən direktorları isə maliyyə yoxlaması keçirməklə təhdid edirlər.

Məlumata əsasən əlacsız qalan məktəb direktorları tələb olunan vəsaiti müəllimlərdən toplamağa başlayıblar və bu da müəllimlər arasında narazılığa səbəb olub. Müəllimlər faktiki olaraq Zabil Mehdiyevin mənimsədiyi dövlət vəsaitinin ört-basdır edilməsi üçün ciblərindən nəqd pul ödəyirlər ki, bu da cüzi maaşla dolanan müəllimləri qəzəbləndirməyə bilməz.

Qeyd edək ki, Bakı şəhərində 70-dən artıq Ağdam rayon məktəbi fəaliyyət göstərir və bu məktəblər hazırda Ağdam şəhər icra nümayəndəsi Zabil Mehdiyevin açıq şantajı ilə üz-üzə qalıblar.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…