BolgeXeber.Com » Bölgə » Xızının icra başçısı 5 milyonun güdazına gedə bilər

Xızının icra başçısı 5 milyonun güdazına gedə bilər

29-11-2013, 13:35
Oxunub: 4 898 Məlum olduğu kimi, ölkə başçısı bu yaxınlarda Xızı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda göstərilir ki, dörd min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Xızı-Altıağac avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq üç milyon manatı Xızı Rayon İcra Hakimiyyətinə ayrılsın.

Göründüyü kimi, Xızı yollarının təmiri və tikintisi üçün nəzərdə tutulan vəsaitin həcmi daha artıqdır. Əldə etdiyimiz məlumata görə, sözügedən tikinti işləri dövlət başçısının nəzarətindədir. Bu isə o deməkdir ki, yaxın gələcəkdə Xızı rayonunun, ümumilikdə bölgənin ümumi mənzərəsini köklü şəkildə dəyişəcək inkişafın şahidi olacağıq. Bütün bu ilkin tədbirlər əlbəttə ki, rayon əhalisi tərəfindən böyük razılıqla qarşılanır. Lakin eyni zamanda ayrılacaq vəsaitin təyinatı üzrə istiqamətləndirilməsi məsələsində müəyyən narahatlıqlar da ifadə edilir. Çünki, icra hakimiyyətində təmsil olunan vəzifəli şəxslərin kurasiyasında ayrı-ayrı şirkətlərin olması faktları artıq rayonda çoxlarına bəlllidir. Bu barədə qəzetimizin ötən saylarında qısa da olsa məlumat vermişdik. Qeyd etmişdik ki, Xızı rayon icra aparatı rəhbər Xəzər Aslanovun yaxın çevrəsinə aid edilən "Rabitə-Təmir-Tikinti" ASC tərəfindən 442 şagird yerlik Giləzi qəsəbə tam orta məktəbində 3 milyon 375 min 472 manat, 322 şagird yerlik Şurabad tam orta məktəbində isə guya 2 milyon 261 min 064 manat dəyərində bərpa-gücləndirmə və əsaslı təmir işləri görülüb. Bu fırıldağın müəmmalı statistik uçotu da adamı lap dəhşətə gətirir. Belə ki, "Rabitə-Təmir-Tikinti" ASC -nin rəqəmlərinə inansaq, onda Giləzi qəsəbə tam orta məktəbində bir şagirdin boynuna yazılmış əsaslı təmir işlərinin həcmi 7636,8 manat, Şurabad tam orta məktəbində isə 7021,9 manat təşkil edir. Dünyanın heç bir ölkəsində analoqu olmayan şişirdilmə! Xızının bu 2 məktəbində əsaslı təmir və bərkitmə işləri adı ilə "Rabitə-Təmir-Tikinti" ASC-nin hesabına üst-üstə 5636536 manat vəsait keçirilib. Sonradan başçının nəzarəti altında nəğdləşdirildiyi deyilən həmin məbləğin dollarla ekvivalenti 7 milyondan artıqdır ki, bu da qeyd etdiyimiz kimi, 2013-cü ildə təhsil sahəsinə 260 milyon dollar vəsait xərcləməyi planlaşdırmış Ermənistanın büdcə xərclərinin təxminən 3 faizə qədərini təşkil edir. Belə ilginc müqayisəni parlamentin auditor palatası rəhbərliyinin qulağına pıçıldayan tapılıb, ya yox, bilmirik. Hər halda birmənalı şəkildə deyə bilərik ki, Giləzi və Şurabaddakı məktəblərdə görülən işlərin konkret məbləğini bu məktəblərin şagirdləri daha dəqiq hesablamaqda çətinlik çəkməz. Necə deyərlər, hər şey göz qabağındadır. Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən dövlət vəsaitlərinin bu şəkildə "tənzimlənməsi" camaatın nəzərindən heç də yayınmayıb.

Bu mənada ölkə başçısının ayırdığı yeni büdcə vəsaitini də eyni aqibətin gözləyəcəyini düşünənlər az deyil. Hər halda iki məktəbin təmirinə ayrılmış 5 milyon vəsaiti həzm edənlər üçün 3 milyon nədir ki? Sonda Xızı rayon sakinlərinə bir mesajımızı çatdırmaq istəyirik, qoy narahat olmasınlar. Xızı rayonunda son bir ildə rəvac verilmiş büdcə yeyintiləri barədə müvafiq orqanlar kifayər qədər məlumatlıdır. Yəqin ki, yaxın zamanlarda məsələ ilə bağlı aparılan araşdırmaların nəticələri görünəcək.

Yeyinti və nağdlaşdırmada adları hallanan məmurların artıq "kürkünə birə düşüb". Bəzi məlumatlarda onların əl-ayağa düşdüyü, izi itirmək üşün müəyyən çalışmalar apardığı üzə çıxıb. Lakin gecikmiş narahatlıqlar əbəsdir, olsun ki, onlar sudan quru çıxmağa nail ola bilməyəcək.