BolgeXeber.Com » Bölgə » Nazim İbrahimovun adamı Şəki təhsilini bərbad hala salıb

Nazim İbrahimovun adamı Şəki təhsilini bərbad hala salıb

29-11-2013, 13:50
Oxunub: 5 298 Rayonun sabiq rəhbərinin vəzifəyə qoyduğu şöbə rəhbəri Mikayıl Cabbarov tərəfindən cəzalandırılmalıdır

Əyalətlərdə təhsilin səviyyəsi o qədər də ürəkaçan deyil. Təhsil Nazirliyinin (TN) rəhbəri dəyişsə də, yəni sabiq nazir Misir Mərdanov Mikayıl Cabbarovla əvəz olunsa da, bölgələrdə təhsilin durumunda heç bir dəyişiklik baş verməyib. Keçmiş nazirin dövründə vəzifəyə qoyulan şəxslərin bir çoxu hələ də işlərini davam etdirirlər. Qeyd edək ki, Mikayıl Cabbarov nazir postuna təyin olunanda hamı gözləyirdi ki, o, Rayon Təhsil şöbələrində köklü kadr islahatları aparıb, vəzifəsinə qazanc mənbəyi kimi baxan, rüşvətə, korrupsiyaya şərait yaradan şəxsləri cəzalandıracaq. Üzülərək demək istəyirik ki, gənc nazir bu yöndə ona bəslənən ümidləri doğrultmadı. Hazırda bölgələrdə təhsil sahəsində mövcud olan bir sıra problemlər nazirin vaxtında cəza tədbirlərindən istifadə etməməsinin nəticəsidir.

Ölkənin ən qədim tarixə malik rayonlarından biri sayılan Şəkidə də təhsil sistemi bərbad vəziyyətdədir desək, yəqin ki, yanılmarıq. Rayondakı mötəbər mənbələrdən aldığımız məlumatlara görə, Şəki Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) müdiri Südabə İsmayılovanın qanunsuz fəaliyyəti nəticəsində həlli müşkülə çevrilən problemlər meydana gəlib. Mənbə deyir ki, şöbə müdiri Şəki İcra Hakimiyyətinin sabiq başçısı Nazim İbrahimovun kadrı kimi tanınır: «Onu vəzifəyə keçmiş icra hakimi gətirib. Nazim müəllim 2011-ci ildə prezidentin sərəncamı ilə tutduğu postdan xaric edilib. O, işini itirsə də, şöbə müdirinə dəyib-dolaşan olmadı. Sizə bir şeyi deyim ki, Nazim İbrahimovun rayona rəhbərlik etdiyi illərdə Şəki ən geridə qalan bölgəyə çevrilmişdi. Biznes maraqlarını daha üstün tutan başçı ancaq özü üçün işləyirdi. Harda boş torpaq sahəsi görürdüsə, dərhal sahibkarlara satırdı. Vəzifəsinin verdiyi səlahiyyətlərdən istifadə edən keçmiş məmur görəvdə olduğu müddətdə özünə müxtəlif ticarət obyektləri tikdirdi. Mənim bildiyimə görə, hazırda Şəkidə onun 200-dən çox obyekti var. Səadət sarayı, «Qışlaq» kino klubu, Yem zavodu, donuzçuluq fermaları və digərləri buna misal ola bilər. Rayonun sabiq rəhbəri maddi məsələləri hər şeydən üstün bilirdi. Hətta şəkililər arasında belə deyirlər ki, Nazim İbrahimovu Qarabağın icra başçısı qoysalar, erməniləri pulla başa sala bilər. Onun Bakıda ən bahalı yerlərdə dörd mənzili var». Nazim müəllimin nəyi varsa, sağlığına qismət. Bizim onun heç nəyində gözümüz yoxdur. Amma adam gərək bir şeyi qazananda bunu halallıqla həyata keçirsin. Haram yolla qazanılan pul nə vaxtsa burundan gəlir. Qaynağımız vurğulayır ki, sabiq icra hakiminin vəzifəyə qoyduğu Südabə İsmayılova özbaşına əməllərinə görə heç də ondan geri qalmır: «Şəki təhsilinin yaman günə düşməsinin yeganə baiskarı şöbə müdiridir.

Onun bəzi işləri rayonun təhsil sektorunu iflic edib. Təhsil işçiləri şöbə müdirinin əsassız tələblərindən beziblər. Rayonda fəaliyyət göstərən 99 ümumtəhsil məktəbinin hər birində qanun pozuntuları var. Buna şərait yaradan isə sözsüz ki, təhsil şöbəsinin rəhbəridir. Südabə xanım heç kimdən və heç nədən çəkinməyərək direktorlara tapşırır ki, şagirdlərdən müxtəlif bəhanələr adı altında nəysə yığsınlar. Valideynlər nə qədər şikayət etsə də, xeyri yoxdur. Rayon rəhbərliyi səviyyəsində dəfələrlə şöbə müdirinin fəaliyyəti müzakirə edilib. Amma hansısa səbəblərə görə hər dəfə ona güzəşt olunub. Sabiq icra başçısı nə kimi qanunsuz işlər görürdüsə, şöbə müdiri də bunları davam etdirir. Şagirdlərin baza təhsili üzrə yekun attestasiyalarının, buraxılış imtahanlarının nəticələri və ali məktəblərə qəbulun səviyyəsi çox aşağıdır. Nazirlik rəsmiləri tezliklə Şəki Şəhər Təhsil Şöbəsində kadr dəyişiklikləri həyata keçirməsə, vəziyyət daha da qəlizləşəcək». Onu da qeyd edək ki, Südabə İsmayılovanın vəzifəyə gəlməsində böyük əməyi olan keçmiş icra hakimi Nazim İbrahimovun qardaşı, Şəki mərkəzi bazarının rəhbəri Ülfət İbrahimov 2012-ci ilin sentyabr ayında həbs edilib. Onu Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları saxlayıb və barəsində 3 aylıq həbs qərarı seçilib. Yayılan məlumata görə, Ülfət İbrahimov «yeni bazar tikirəm» adı altında sahibkarlardan nə az-nə çox duz 1 milyon manata yaxın pul yığıb.

Lakin daha sonra məlum olub ki, bazar rəhbəri sahibkarlardan yığdığı pulları mənimsəyib. Buna görə də hüquq-mühafizə orqanlarının əməkdaşları onun barəsində həbs qərarı seçiblər. Yaxşı olardı ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları Şəki ŞTŞ-də də yoxlamalar aparıb qanunsuzluqları aşkara çıxarsınlar.

Yazıda adı hallanan bütün tərəflərin münasibətini dərc etməyə hazırıq.