BolgeXeber.Com » Bölgə » Ağsu bələdiyyəsinin sədri rayonun yarısını özəlləşdirib

Ağsu bələdiyyəsinin sədri rayonun yarısını özəlləşdirib

7-12-2013, 15:20
Oxunub: 3 237 Aqil Niftəliyev qohumlarıyla birləşib obyektlərə sahib olublar

Ötən saylarında Ağsu şəhər bələdiyyəsinin sədri Aqil Niftəliyevin yarıtmaz fəaliyyətinə dair tənqidi materiallar dərc olunmuşdu. Bu xüsusda Ağsu şəhər sakinləri tərəfindən təqdim olunan məlumatlarda göstərilir ki, Aqil Niftəliyev Ağsu şəhəri və ona bitişik Qaraməmmədli, Pirhəsənli, Ülgüclü və Navahı kəndlərinin ümumilikdə 500 hektardan çox ərazilərini demək olar ki, tamamilə zəbt edib. Həmçinin bələdiyyə sədri sovet dövründən qalma bir çox iaşə və ticarət obyektlərini də ələ keçirə bilmişdir. Daxil olan məlumatlarda bu obyektlərin sırasında Ağsu rayonunun Avtobazasının 5 hektar tikili və həyətyanı sahəsi, keçmiş Rayon İcrayyə Komitəsinin binası, köhnə avtovağzal, ovçular binası, xalça sexinin binası və sairə göstərilir. Mənbələr iddia edirlər ki, avtobazada bu adamın avtomobil hissələri mağazası, setka sexi, avto yuma, təmir, çayçı və sairə obyektləri fəaliyyət göstərir. Kəndoba kəndində 200 hektar torpaq sahəsi, 2 balıq gölü və möhtəşəm bir malikanəsi var.Qəzetimizin ötən saylarında mövzuya dair dərc olunmuş yazılarımızda biz dəfələrlə belə bir fikri vurğulamışıq ki, bu və ya digər dərəcədə səlahiyyət və sərbəstliklərə nail olmuş əksər bələdiyyə strukturlarının rəhbərləri əldə etdikləri imkanlardan daha çox əməli iş üçün deyil, sırf öz şəxsi məqsədləri üçün istifadə edirlər. Bu qəbildən olan şəhər, qəsəbə və kənd bələdiyyələrinin fəaliyyəti dövrü olaraq ətraf ərazilərdə bir neçə ağac və kol bitkilərinin əkilməsi, məhdud metrajlarda asfalt örtüyünün təzələnməsi ilə məhdudlaşır. Bəzi yerlərdə isə ümumiyyətlə bu qurumların mövcudluğu yalnız rəsmi tədbirlərin gedişi zamanı müşahidə olunur. Göründüyü kimi Ağsu şəhər bələdiyyəsinin sədri Aqil Niftəliyev də fəaliyyət üçün məhz belə bir taktikaya üstünlük verir. Daha sonra məlumatlarda bələdiyyə sədrinin öz qohum-ğqrabalarını da unutmadığı qeyd olunur. Belə ki, A.Niftəliyev Pirhəsənli yolunun sağ tərəfində 5000 kv.m-lik ( 50 sot) ərazini zəbt edərək, bacısının qaynı olan Arzu Əliyevə vermişdir. Digər qohumlarına isə dövlət rüsumu ilə hektarlarla sahələr ayırmış və bu saat da onlar həmin torpaqları bazar qiyməti ilə satırlar. Mənbələrin iddiasına görə bələdiyyə sədri 45 min manatlıq avtomobil sürür.Daxil olan məlumatlarda diqqəti cəlb edən daha bir məqam da Aqil Niftəliyevin yüksək himayədarlarının kimliyinə dair irəli sürülən ehtimallardır. Bildirilir ki, A.Niftəliyevin bacısının əri, Ağakişi Əliyev Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun sağ əlidir və məhz onun Aqil Niftəliyevin bələdiyyə sədri seçilməsində xüsusi xidməti olmuşdur. Eyni zamanda da məlumatlarda Ağakişi Əliyevin Ağsu şəhərindəki mehmanxananın, mal bazarının və hektarlarla torpaq sahələrinin sahibidir.Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, hətta yüksək himayədarların dəstəyi belə bütün problemləri həll edə bilməz. Məsələn, aldığımız məlumatlara görə artıq Ağsuda da kənar şəxslərə satılan torpaq sahələrinin sənədləşdirilməsi işi getdikcə çətinləşir. Hətta son vaxtlar bu xüsusda bələdiyyə sədri ilə bəzi “müştərilər” arasında müəyyən konfliktlərin yaşandığı da bildirilir. Qeyd olunur ki, bu məqsədlə bir neçə nəfərdən pul almış Aqil Niftəliyev, bunun müqabilində boyun olduğu sənədləri hələ də təqdim edə bilməyib. Hər sənədə görə vətəndaşlardan 3-4 min manat alındığını da nəzərə alsaq, bələdiyyə sədrini böyük problemlərin gözlədiyini başa düşmək çətin olmaz...bizimdovr