BolgeXeber.Com » Bölgə » İcra başçısı Tahir Kərimov Salyandakı daş sexindən danışdı

İcra başçısı Tahir Kərimov Salyandakı daş sexindən danışdı

9-12-2013, 10:30
Oxunub: 4 441 Əməkdaşlarımız rayonun icra başçısı haqda yayılan xəbərləri və görülən işləri yerindəcə araşdırdı
Son dövrlər Salyan və bu bölgənin icra başçısı Tahir Kərimov yenidən mətbuatın diqqət mərkəzindədir. Hələ 2011-ci ildə T.Kərimov barəsində yazılanlara birdəfəlik aydınlıq gətirmək üçün rayon mərkəzində ictimaiyyət qarşısında açıq görüş keçirmişdi, əhalinin gözü qarşısında jurnalistlərin suallarını cavablandırmışdı, şikayətləri dinləyib yerindəcə tapşırıqlar vermişdi.
***
Amma bir müddət keçdikdən sonra T.Kərimov yenə tənqidçi medianın gündəminə gəldi. İcra başçısının fəaliyyəti, rayonda sahibkarları incitməsi, dövlət büdcəsindən ayrılan xərclərin qeyri-şəffaf xərcləməsi, inzibati binaları özəlləşdirib ələ keçirməsi, hətta yaşadığı mənzildə elektrik sayğacının rayon icra hakimiyyəti binasının xətlərinə bitişdirib, işıq pulu belə vermədiyi haqda saysız-hesabsız məqalələr dərc olundu.

Nəhayət, ötən həftə Mətbuat Şurası redaktorları icra başçısı ilə görüşdürdü. Salyanda keçirilən tədbirdə T.Kərimov tənqidçi jurnalistləri rayona dəvət etdi, yerindəcə araşdırma aparıb əhalinin şikayətini dinləməyə çağırdı.

“Yeni Müsavat” olaraq Salyanın başçısının təklifi ilə razılaşıb, rayona üz tutduq, burada gedən işlərlə maraqlandıq, T.Kərimov haqda yayılan məlumatlara aydınlıq gətirməyə çalışdıq. Əvvəlcə öyrəndik ki, 130 mindən çox əhalisi olan Salyanda əsas məşğuliyyət əkinçilik və maldarlıqdır. Eyni zamanda balıqçılıq, tərəvəzçilik, ticarət, tikinti materialları satışı ilə məşğul olanlar da var. Bununla belə rayonda əsasən işsizlik problemi əhalini narahat edir.
***
Salyanda başçı ilə bağlı yayılan xəbərləri araşdırarkən məlum oldu ki, həqiqətən də Tahir Kərimovun metlax sexi var. Mətbuatda dərc olunan məlumatlarda deyilirdi ki, rayonda gedən abadlıq işlərində həmin sexin daşlarından istifadə olunur.

Amma həmin sexin kimə məxsus olması faktının altından qırmızı xətlə cızmaq lazımdır. Çünki metlax sexi icra başçısı Tahir Kərimova deyil, sahibkar Tahir Kərimova məxsusdur. İcra başçısı ilə sahibkarın ad-soyadlarının oxşar olması sonda belə xəbərin ortaya çıxmasına səbəb olub.

Sahibkar Tahir Kərimov bizimlə söhbətdə bildirdi ki, onlar tamet istehsal edirlər. Rayonun abadlaşdırılmasında həmin sexin daşlarından istifadə olunduğunu təsdiqləyən T.Kərimovun sözlərinə görə, bu əhvalat “Əhməd haradadır” filminə oxşayır. O, mətbuatda yayılan xəbəri eşidən kimi bunu gülüşlə qarşıladı.

Sahibkar ad-soyadlarının oxşar olduğunu və dəqiqləşdirmə aparmadan mətbuatda yazıldığını qeyd etdi. T.Kərimov dedi ki, onun sexi başçıya yox, özünə aiddir: “Biz burda tamet istehsal edirik. Rayonun abadlıq işlərində istifadə üçün bizdən alırlar. Heç ağlıma gəlməzdi ki, başçımızla ad-soyadım oxşar olduğu üçün belə bir hadisə ortaya çıxar”.
***
Başqa bir xəbərdə söylənir ki, rayon yollarını qazıb, nəqliyyat hərəkətini məhdudlaşdırıb, Salyanı müharibə meydanına çeviriblər. Ancaq hazırda drenaj-kollektor sistemi ilə bağlı çəkiliş işləri getdiyinin şahidi olduq. Həmçinin, yolları təmiri nəzərdə tutulub. Drenaj çəkilişi işlərini isə “EGE” MMC firması həyata keçirir.

Çəkiliş gedən ərazidə olan sahə rəisi Bayram Həsənov qeyd etdi ki, rayonda qrunt sularının aşağı salınması, su basmalarının qarşısının alınması üçün drenaj sistemi çəkilir. Onun sözlərinə görə, tez-tez həyətləri, evləri su basırdı və nəhayət 2011-ci ildən drenaj-kollektor sisteminin çəkilişinə başlanıb. B.Həsənov dedi ki. rayon icra hakimiyyətindən bu layihənin icrası üçün 1 milyon, 200 min manat vəsait ayrılıb:

“Layihə tam hazır olmayıb, yekun layihə təqdim olunandan sonra işlərin nə zaman yekunlaşacağını deyə biləcəyik. Hazırda inzibati bina var, altında nasosxana və küçədən axan sular hovuz töküləcək. Kür fəlakəti olanda çətinliklə qoruyub saxlaya bildik. Hər yeri su basmışdı. Ona görə drenaj sisteminin çəkilişinə ehtiyac var”.

Yolkənarında istinad divarlarının abadlaşdırılması işlərinin də getdiyinin şahidi olduq. Neftçala yolunda aqlay daşlardan istifadə olunmaqla istinad divarları təmirə edilirdi. Salyan RİH-nin nümayəndəsi qəzetimizə bildirdi ki, bununla da rayonda abadlaşmayan bir yer qalmayacaq. RİH nümayəndəsi abadlıq işlərində sahibkarlardan pul yığılması haqda mətbuatda sərasər yazılan məqalələrin həqiqətdən uzaq olduğunu vurğuladı.
Elə görüşdüyümüz sakinlərdən biri Vüqar Əhmədov dedi ki, onun evinin qarşısındakı divar aqlay daşla təmir olunur və buna görə özündən heç bir pul istənməyib. Digər yerli sakin Vahid Səfərov da icra nümayəndələrinin ondan pul istəmədəyini söylədi.
***
Salyanla rayonun Babacanlı qəsəbəsi arasında Kür çayı üzərində körpü inşa olunur. Bu ilin sentyabrında prezident rayona səfər edərkən körpünün təməlini qoyma mərasimində iştirak edib. Maraqlıdır ki, qəsəbədən rayona getmək üçün yol yoxdur.

Bu günə kimi qəsəbədən rayona yalnız Kür üzərindən qayıqla gəliblər. İndinin özündə də qəsəbə sakinləri rayon mərkəzinə gəlmək üçü qayıqdan istifadə edirlər. Qəsəbə ilə rayon arasında avtomobil yolunun məsafəsi isə 10 kilometrdir. Ona görə ən qısa yol qayıqla gedib-gəlməkdir.

İstilik sistemi ilə bağlı yaranmış problemlər də həll olunmaqdadır. Hər halda RİH-nin nümayəndəsi belə deyir. Onun sözlərinə görə, Salyanın Noxudlu və Qaraçala kəndlərində qazlaşma gedir. Rayonun 95 faiz qazlaşıb.

Dediyinə görə, Qarabağlı kəndinin qaz problemi də həllini tapıb. Bu kəndə səmt qaz verilirdi. Tərkibi zəhərli idi. Ötən il Əhali aksiya keçirmişdi. “Yeni Müsavat” bu problemi işıqlandırandan sonra deputat Fəzail Ağamalı və icra başçısı kəndə gedib camaatla görüşüb, məsələni həll etmişdi. RİH rəsmisi bildirdi ki, indi kəndin qaz xətlərini rayonla birləşdirib, tərkibi zəhərsiz qazla kəndliləri təchiz edirlər.

O, digər məsələlərə də toxundu. Qeyd etdi ki, MTN-in inzibati binasının başçı tərəfindən özəlləşdirilməsi haqda xəbərlər iftira və yalandır. Onun sözlərinə görə, MTN-nin binası yararsız vəziyyətdə idi və onlar üçün yeni bina inşası nəzərdə tutulub.
Hələlik isə MTN-nin yerli şöbəsi RİH-in binasına köçüb. Müsahibimiz sonda qeyd etdi ki, başçının öz evindən elektrik sayğacı xətlərini RİH-in binasına birləşdirib, işıq pulu verməməsi barədə yazılanlar gülməli və absurddur. O, başçının buna ehtiyacı olmadığını və T.Kərimovun yaşadığı mənzilin qabağına apararaq həmin sayğacı bizə göstərdi.