BolgeXeber.Com » Bölgə » Gəncədə 1 nömrəli peşə məktəbinin direktoru hansı işlərlə məşğul olur?

Gəncədə 1 nömrəli peşə məktəbinin direktoru hansı işlərlə məşğul olur?

20-12-2013, 15:05
Oxunub: 5 004
Sovet dövrü ilə müqayisədə, ölkəmiz müstəqillik qazanandan sonra texniki peşə təhsilinin səviyyəsi xeyli aşağı düşüb. Nə qədər acı da olsa etiraf etmək lazımdır ki, son illər texniki peşə təhsili müəssisələrində bacarıqlı kadrların hazırlanması prosesi demək olar ki, aparılmır. Peşə məktəbləri və liseylərin əksəriyyəti faktiki olaraq fəaliyyətsiz görünürlər. Burda təhsil formal xarakter daşıyır. Ənənəvi problemlər, yəni şagirdlərin dərsə davamiyyəti, müəllimlərin dərs keçməməsi və direktorların rüşvət və korrupsiya çirkabına bulaşması kimi məsələlər bu gün də aktuallığını qoruyub saxlayır.

Təhsil Nazirliyi tərəfindən xoşagəlməz məqamların mövcud olduğu peşə təhsili ocaqları barədə zaman-zaman müxtəlif tədbirlər görülür. Məsələn, 1 nömrəli Gəncə Peşə Məktəbi akkreditasiyadan keçə bilmədi. Məktəb "qeyri-kafi” qiymət aldı. Səbəbsə təhsil qurumunun maddi-texniki bazasının zəif olması, istehsalat təcrübəsinin müəyyənləşdirilmiş meyarlara uyğun təşkil edilməməsidir. Məktəbin fəaliyyəti ilə bağlı digər çatışmazlıqlar da üzə çıxıb. Belə ki, məktəbdə müasir texnikanın olmaması, peşəkar müəllim çatışmazlığı peşə məktəbində təhsilin keyfiyyətini xeyli aşağı salıb. Dünən əldə etdiyimiz xəbərə əsasən, nazirliyin akkreditasiyadan keçirmədiyi məktəbdə qanun pozuntuları ciddi narahatlıq yaradıb. Qeyd edək ki, Vaqif Hüseynovun direktoru olduğu məktəb 1964-cü ildən fəaliyyət göstərir. Nazirlər Kabinetinin 23 avqust 1996-cı il tarixli 116 saylı qərarı ilə 1 saylı Gəncə Peşə Məktəbi statusunu alıb. 500 yerdən ibarət olan tədris binası, yataqxana və emalatxanaya malikdir. Burda biçici, tikiş avadanlığının operatoru, tikişçi, dərzi, bərbər, manikürçü, avtomobilin təmiri çilingəri, dülgər peşələri üzrə ixtisas hazırlığı aparılır.

Aldığımız məlumatlarda bildirilir ki, direktorun qanuna zidd fəaliyyəti nəticəsində məktəbdə təhsilin səviyyəsi acınacaqlı duruma düşüb. Bununla yanaşı, məktəb rəhbərinin əməlləri dövlət büdcəsinə ağır zərbə vurur: «Məktəbdə təlim-tədris prosesi düzgün qurulmayıb. Şagirdlərin dərsə davamiyyəti çox pisdir. Bəzi şagirdlər semestr boyu dərsə gəlmir.

Müəllimlər belə hallara göz yumurlar. Amma onlar bu qərarı özbaşına vermir. Direktor dərsə gəlməyən şagirdlərlə «fərdi» söhbət aparıb onlara «yol» göstərir. Şagirdlər bunun qarşılığında direktora borclu qalmırlar». Mənbə deyir ki, məktəbə ödənişli əsaslarla qəbul edilən bəzi şagirdlərin ödənişləri dövlət hesabına köçürülmür və şəxsi maraqlar üçün istifadə olunur. Təhsil müəssisəsində dəhşətli özbaşınalıqlar qeydə alınmaqdadır. Belə ki, bəzi müəllim və ustalar dərs saatlarının olmasına və maaş almalarına baxmayaraq, dərsə gəlmir. Onlar əsasən direktora yaxın olan şəxslərdir. Məktəbdə müxtəlif yönümlü peşələrin öyrənilməsi üçün 5 emalatxana var. Bununla yanaşı, 1 kompyuter otağı, xüsusi texnologiya kabinetləri, 1 idman zalı, kitabxana və AKT zalı var.

Emalatxanalar istifadəyə yararsız hala düşüb. Lazımi avadanlıqlar hərəsi bir tərəfə dağıdılıb. Texnologiya kabinetləri də standartlara cavab vermir. Vaqif Hüseynov qanunları pozaraq şagirdlərin təqaüd kartlarına göz dikir. Heç bir şagirdin təqaüd kartı özündə deyil.

Direktorun göstərişi ilə bəzi müəllimlər kartları özlərində saxlayırlar». Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, 1 nömrəli Gəncə Peşə Məktəbində aşkara çıxan nöqsanlardan şəhərin qabaqcıl təhsil işçiləri xəbərdardır. Daha dəqiq desək, məktəbdə hökm sürən özbaşınalıqlarla bağlı bəzi valideynlər Gəncə Şəhər Baş Təhsil İdarəsinin rəhbərliyinə öz şikayətlərini bildiriblər. Buna rəğmən, peşə məktəbinin rəhbəri barədə müvafiq tədbirlər həyata keçirilməyib. Cəzasız qalan Vaqif Hüseynov isə qeyri-qanuni fəaliyyətini davam etdirir. Belə olan təqdirdə, ümid təkcə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə qalır. İdarənin əməkdaşları sözügedən məktəbdə yoxlama aparıb bütün qanunsuzluqları üzə çıxarmalıdır. Qarşı tərəfə də cavab haqqı tanıyırıq.



Elgün Sədalı