BolgeXeber.Com » Bölgə » Göyçayda həkimdən şikayət edən vətəndaş ölümlə hədələnir

Göyçayda həkimdən şikayət edən vətəndaş ölümlə hədələnir

26-12-2013, 12:40
Oxunub: 5 055 Balaseyid Əliyev: “Son bir ayda Göyçay Mərkəzi Xəstəxanasında 5 nəfər ölüb”

Anar Qədirli: “Baş həkimlə bağlı hüquq mühafizə orqanlarına müraciət edilsin»

Göyçay rayon sakini Əliyev Balaseyid Seyidağa oğlu “Bizim Yol”a ünvanladığı şikayətində bildirir ki, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Famil Zeynalovdan şikayət etdiyi üçün, onu ölümlə hədələyirlər. O, müraciətində baş həkimin rüşvət və korrpusiya əməllərindən yazır.

B.Əliyev ağır vəziyyətdə olan hamilə gəlinini Bakıda yerləşən Respublika Klinik Xəstəxanasına yerləşdirmək istəyir. Bunun üçün F.Zeynalovdan arayış tələb edir. Baş həkim isə arayış verməyəcəyini bildirir: “O, xəstənin heç yerə aparılmayacağını bildirdi. Belə olduqda mən Səhiyyə Nazirliyinin “Qaynar xətti”nə zəng edərək şikayətimi bildirdim. Şikayətimdən 1 həftə keçməsinə baxmayaraq Səhiyyə Nazirliyindən mənə heç bir cavab verilmədi. Xəstənin vəziyyəti hal-hazırda olduqca pisdir”.

Balaseyid Əliyev yazır ki, Səhiyyə Nazirliyinə şikayətindən sonra baş həkim Famil Zeynalov onu ölümlə hədələtdirir. Ailə üzvlərinə zəng edib təhqir edirlər: “Baş həkim mənim üstümə adam göndərdi. Bu adam da “sən şikayət etdiyinə görə başın ağrıyacaq, özünü yığışdır” dedi. Onların hərəkətlərindən hüquq-mühafizə orqanlarına şikayət etməyimin nəticəsiz olacağını düşündüyümdən, mətbuata mürciət etdim, ümidim yalnız sizə qalıb”.

Şikayətçi baş həkimi rüşvət və korrupsiada da ittiham edir: “Rəhbərlik etdiyi xəstəxanada həkimlərdən, feldşerlərdən, tibb bacılarından pul toplayıb onları kursa getməkdən azad edir. İndi oranın işçiləri kursa getmək haqqında deyil, oraya getməməyin cəriməsi olan 1000-3000 manat pul haqqında danışırlar. Odur ki, son bir ayda xəstəxanada ölənlərin sayı 5 nəfər olub. Onun sözünün üstünə söz deyən həkimlər ya işindən qovulur, ya da ki, külli miqdarda rüşvət hesabına yenidən işlərinə bərpa olunurlar. Həmçinin o, mühasibi Könül vasitəsi ilə hər ay bankomatlardan işləməyən, amma adları ştatla qeyd olunmuş onlarla səhiyyə işçisinin maaşını mənimsəyir. Bu faktı təsdiq etmək üçün Göyçay Mərkəzi Rayon Xəstəxanasına yaxın bankomatdan şəkil və videoları çıxarıb yoxlatmaq kifayət edər. Eləcə də, dövlət büdcəsindən xəstaxananın təmir-tikintisi üçün ayrılmış vəsaiti mənimsəyib, heç bir əsaslı tikinti işləri aparmayıb. Bundan əlavə xəstəxanaya aid ərazinin 613 kv metr sahəsini qanunsuz yolla öz mülkiyyətinə keçirməklə orada kafe-çayxana tikdirib. F. Zeynalov xəstəxananın çox yararlı vəziyyətdə olan hasarlarının materiallarını satıb. Həmçinin o, xəstəxananın tibbi avadanlıqların satıb. Xəstəxananın xidməti avtomobillərinə gün ərzində 5 litrdən artıq benzin vurulmasına qadağa qoyub və tapşırıq verib ki, çox lazım olarsa, öz büdcənizdən xərcləyin. Şəkər xəstələrinin savadsızlıqlarından istifadə edərək onlardan insullin üçün pul aldırır. Bütün bunları yazmaqda məqsədim budur ki, bizim ümidimiz baş həkimə deyil, rüşvətxora, dələduza qalıb”.

Məsələ ilə bağlı mövqeyini öyrəndiyimiz Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirdi ki, Göyçay Mərkəzi Rayon Xəstəxanası ilə bağlı nazirliyə 5 şikayət daxil olub: “Onların arasında Balaseyid Əliyevin şikayəti yoxdur. O, bizə müraciət etsin”.

A.Qədirli bildirdi ki, şikayətçinin baş həkimlə bağlı ittihamlarına hüquq-mühafizə orqanları cavab verməlidir: “Səlahiyyətini aşmaqda, qanunsuz əməllərdə, rüşvət almaqda ittiham edilən baş həkimlə bağlı vətəndaş hüquq mühafizə orqanlarına müraciət etsin, araşdırsınlar. Bu, bizim iş deyil”.
Bolgexeber.com