BolgeXeber.Com » Bölgə » Neftçala problemlər məngənəsində boğulur

Neftçala problemlər məngənəsində boğulur

8-01-2014, 07:15
Oxunub: 3 415 Neftçalaya qışın ilk qarı yağdı. İlk qarın yaratdığı problemlər isə rayon əhli üçün ilk olmadı. Bu il də işıqlar söndü, bərbad olan yollarda əmələ gələn çala-çuxurlarda yığılan sular keçilməz maneələr yaradıb sürücü və piyadaların haqlı narazılıqlarına səbəb oldu. Problemlər köhnə olsa da, bu haqda "təzə xəbər” yazıb əlaqədar strukturların diqqətini cəlb etməyi özümə bir vətəndaş borcu bildiyimdən ötəridir ki, bu yazını qələmə alıram. İnanılması zor olsa da, ümid edirəm ki, bunun xeyri olacaqdır..!

Başlayaq işıqdan! Yaşadığım ərazini elektrik enerjisi ilə qidalandıran II hava xəttində növbəti dəfə qəza baş verdi və işıqlar söndü! Konkret rəqəm deyib, imanımı yandırmaq istəmirəm, təxminən iyirmi-iyirmi beş dəfə yığandan sonra, nəhayət ki, Neftçala EŞ-nin dispetçeri ilə əlaqə saxlaya bildim. Məlum oldu ki, telefonun belə məşğul olmasına səbəb işığın təkcə bizdə deyil, Neftçala şəhərinin 70-75 %-də sönməsidir. Dispetçer bildirdi ki, II şəhər xəttində "zemlya” var, bundan başqa isə iki yerdə elektrik xəttləri qırılıb, briqadalar hadisə yerindədirlər və bir saata, saat yarıma işıq olacaq?! 2010-cu ilin oktyabrından üzü bəri dəfələrlə eşitdiyim sözü eşitmək məni təəccübləndirməsə də, sözün düzü bərk darıxdırıb, əsəbləşdirdi! Darıxdırdı ona görə ki, nə şamımız, nə də lampada ağ neftimiz vardı. Əsəbləşdirdi ona görə ki, XXI əsrdə yaşayan insanın şama, neft lampasına möhtac olmasını qəbul edə bilmirdim! Odur ki, telefonu götürüb Neftçala EŞ-nin müdir əvəzi Söhrab müəllimlə əlaqə saxladım!

Söhrab müəllim də dispetçerin dediklərini təsdiq eləyib, səbirli olmağımı məsləhət gördü. Lakin çox çalışsam da, hava qaraldıqca qaralan qanımı işıqlandıra bilmədim! Odur ki, geyinib-keçinib qonşunun maşını ilə üz qoydum Neftçala EŞ-əyə! Gəlib çatanda gördüm ki, həqiqətən də Elektrik Şəbəkənin demək olar ki, bütün kollektivi, başda müdir əvəzi Söhrab müəllim və baş mühəndis Elton müəllim olmaqla, idarədədirlər. Mən də vətəndaş olaraq imkanım daxilində nə köməklik göstərə biləcəyimi soruşdum. Cavabında mənə minnətdarlıq edən şəbəkənin işçiləri yenə də darıxmamağı məsləhət gördülər. Həqiqət naminə deyim ki, şəbəkədə olduğum müddət ərzində qəza yerindən gələn briqadaların vəziyyətini görəndə ürəyim ağrıdı. Ayağı islanan kim, paltarı bulaşan kim, əlləri donan kim... bir sözlər, əsl ekstremal vəziyyətlə mübarizə aparan kino qəhrəmanlarını xatırladan bu insanları görəndə başa düşdüm ki, işıqsız qalmağımızın əsl səbəbkarı onlar yox, ötən əsrin 50-60-cı illərində istifadəyə verilmiş və bundan sonra əsaslı təmir üzünə həsrət qalmış (bəlkə kağız üzərində 50 dəfə təmir olunmuş?!) naqillər, transformatorlar, qoruyucular, bir sözlə, Neftçala EŞ-nin təsərrüfatıdır! Əsaslı təmirə möhtac qalıb - deyəndə mən onu nəzərdə tuturam ki, ağlım kəsən otuz il ərzində bunun şahidi olmamışam! Gördüyüm o olub ki, qəza yerinə gələn montyor qırılan məftillərin ucuna 1-2 metr məftil əlavə edib, gedib! Ya da ki, qoruyucunu çıxarıb özləri demişkən, "xətti pramoy” qoşub, işlərini bitmiş hesab ediblər! Hər dəfə də soruşanda deyiblər ki, ləvazimatımız yoxdur?!

Bütün bunları isə ona görə qeyd edirəm ki, sabah "Azərenerji” ASC-nin hansısa rəsmisi, bir rəsmi sənədi gətirib gözümüzə soxmasınlar ki, bəs filan-filan illərdə Neftçala EŞ-nin təsərrüfatı əsaslı təmir olunub! Necə deyərlər, aşıq gördüyünü deyər!

Ümumiyyətlə, yaşadığım ərazini qidalandıran II şəhər hava xətti ən yüklənmiş xətdir. Xəttin üzərində mən bildiyim qırxdan çox transformator var. Və bu transformatorların böyük əksəriyyəti istismar müddəti çoxdan ötmüş, yağ açarları olmayan transformatorlardır. Odur ki, bu ərazinin hər hansı bir yerində qəza baş verdikdə, bu qəzanı aradan qaldırmaq üçün şəhərin böyük bir ərazisində işıqları söndürmək məcburiyyəti yaranır. Əgər nəzərə alsaq ki, bu ərazidə qaz istismar sahəsi, su-kanal idarəsi, Neftçala rayon polis şöbəsi, telekommunikasiya stansiyası, tele-ötürücü stansiya, çörək bişirmə zavodu, YAP-nın Neftçala rayon təşkilatının inzibati binası, hərbi komissarlıq, poçt şöbələri, məktəblər, uşaq bağçaları və s. bu kimi strateji əhəmiyyətli binalar var, onda vəziyyətin necə acınacaqlı olduğunu təsəvvür etmək çətin deyildir! Uzun sözün qısası şəbəkənin işçilərinin bütün səylərinə baxmayaraq, II şəhər hava xəttində baş vermiş qəzanı aradan qaldırmaq mümkün olmadı! Ertəsi günü günorta saatlarına kimi işıqsız qalan əhalinin çəkdiyi əziyyəti isə təsəvvür etmək üçün ən azı gərək bu əziyyəti bir gün yaşayasan ki, biz də bunu heç kimə arzu etmirik! Onu da qeyd edim ki, baş verən hadisə barədə icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev deyilənlərə görə, məzuniyyətdə olduğu üçün rayona rəhbərliyi həyata keçirən I müavin cənab Dilavər Əliyev başda olmaqla bütün rəhbər işçilər bilirdilər! Belədə "Ordan-burdan” tamaşasında mərhum aktyorumuz Yaşar Nurinin yaratdığı məşhur obrazın elə özü kimi məşhur "Hə nə olsun...” kəlamı adamın yadına düşür!

İndi də keçək yollara! Yox, düşünməyin ki, elektrik enerjisinin verilməsi ilə bağlı problemləri bununla bitmiş hesab etmək olar! Əsla! Sadəcə olaraq yazımın əvvəlində bu iki problemə diqqət ayırdığımızdan fikirləşdim ki, işıq haqda yaza-yaza birdə görərəm işıqlar söndü, yazım qaldı yarımçıq! Necə ki, rayonda başlanan bir çox iş ötən üç il ərzində başa çatdırılmayaraq yarımçıq qalıb!

Ötən saylarımızın birində yollar haqda yazmışdım. Orada qeyd etmişdim ki, rayonun yeganə giriş-çıxış yolu olub, Neftçalanı Salyanla bağlayan avtomobil yolunun vəziyyəti o gündədir ki, bu yollarda avtomobil idarə etmək, hər gün həyatla qumar oynamaq kimi bir şeydir! O yazıdan sonra yolun müəyyən hissələrinə yamaq vurmaqla işini bitmiş hesab edən 39 saylı Yol-İstismar idarəsinin müdiri Füzuli müəllim, özünün də avtomobili olmasına baxmayaraq, görünür, bu yolların əsaslı təmiri o yana dursun, heç yolun normal vəziyyətə gətirilməsi üçün bir o qədər də narahat deyildir. Əvəzində isə bu günlərdə şəhərin 20 Yanvar küçəsində normal vəziyyətdə olan yolun dağıdılmasına başlanılıb?! Xahiş edirəm məni düzgün başa düşəsiniz! Görülən bu işləri mən başqa cür adlandıra bilmirəm! Çünki qışın oğlan çağında rayondakı ən yaxşı avtomobil yolunun üst qatının qaşınaraq çıxarılmasını, sonra həmən qaşınmış asfaltı yenidən "bişirib” bu yola döşənməsinə nə ad vermək olar?! Elə yağan qarın əriməsindən sonra bu yolda çalalar əmələ gəlməyə başlayıb. Yol çəkmək üzrə mütəxəssis olmasam da, indiyə kimi qış vaxtı, qar-yağış yağmasına bir-iki gün qalmış yol çəkilməsinə başlanılmasının şahidi olmamışam! Onu da nəzərinizə çatdırım ki, bu gün ağır texnikanın böyük çətinliklə dağıtdığı 20 Yanvar küçəsindəki asfalt örtüyü hələ mən uşaq olarkən dörd qadın çəkmişdi?! Bu gün bu dağıtma prosesi Ü.Hacıbəyov küçəsi istiqamətində aparılır. Belə davam etsə və bir-iki dəfə də belə yağıntılar olsa, yəqin ki, Neftçala şəhərinin əhalisi üzmə vasitələri almaq məcburiyyətində qalacaqlar!

Bütün bu baş verənlərdə isə məni düşündürən ən önəmli məqam bu tamamlanmamış işlərin başlanmasına kimin razılıq verməsidir?! Məsələn, sentyabrın sonlarında Axmaz gölünün təmizlənməsinə başlananda rus demişkən, "neujeli” bir savadlı adam tapılıb o zaman hələ məzuniyyətə getməmiş icra başçısı cənab İsmayıl Vəliyevə yaxınlaşıb müraciət etmədi ki, bəs yağışlar mövsümü başlayır, odur ki, bu işi yaya saxlamaq daha məqsədəuyğundur?! Yaxud, yol təmirinə başlananda Yol İstismar idarəsində bir mütəxəssis tapılmadı ki, ürək edib desin ki, asfalt örtüyü yağış-qar yağa-yağa döşəmək olmaz?! Əksinə hər iki halda başlanılan işləri ağızdolusu tərifləyib həvəslə telekanallara müsahibə verənlər bilərəkdənmi, bilməyərəkdənmi dövlətin ayırdığı vəsaitin mənimsənilməsinə rəvac verdilər. İşlərin yarımçıq qalması səbəbini hava şəraiti ilə əlaqələndirməyə çalışılması isə inandırıcı deyildir. Çünki bu gün Xəzər dənizinə balıq ovlamağa çıxan brokonyer belə internetdən hava şəraitini öyrənə bilirsə, onda digərlərinin havanı bəhanə gətirməsi elə bəhanədən başqa bir şey deyildir!

Görünən odur ki, üç ilə yaxın bir müddətdə rayonda aparılan plansız işlər kimlərinsə maddi durumlarının yüksəlməsinə xidmət edir. Məsələn, bu günlərdə məlum oldu ki, Axmaz gölün "təmizlənməsində” istifadə edilən ağır texnikaların aid olduğu və keçmiş baş memar Rüstəm Tahirovun dediyinə görə, icra başçısı cənab İsmayıl Vəliyevlə əlaqəsi olan "Emme” firmasının iş icraçısı, tacik əsilli Yunus bəy bu texnikalarda çalışanların əmək haqlarını ödəməyib?! Əmək haqlarını ala bilməyənlər isə Yunus bəyi tapa bilmədikləri üçün məcbur qalıb rayonda olan Goranboylu Rafiqə müraciət ediblər. O isə əmək haqlarını Yunusdan alıb tələbkarlara verəcəyinə söz versə də, bu elə söz olaraq qalıb?! Goranboylu Rafiqin isə rayon icra strukturunda hansı vəzifə tutduğunu özüm də bilmədiyim üçün sizə də deyə bilməyəcəm! Bildiyim isə odur ki, Rüstəm Tahirovun "Prado”sundan "Prado”su olan (hətta rəngi də ağdır) Rafiq bəy rayonda Rüstəm Tahirovun rolunu ifa edir?!

Rüstəm Tahirovun cinayət işi üzrə isə, zərərçəkmiş Rəşad Zeynalov tərəfindən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə baxışının hazırlıq iclası 13 dekabr 2013-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsində keçirildi. Növbəti məhkəmə iclası hakimin məzuniyyətdə olması səbəbindən qeyri-müəyyən vaxta təxirə salındı.

Nə isə... Mən yazdım, siz oxudunuz! Yazdıqlarımı oxumaq üçün vaxt ayırdığınıza görə sizlərə minnətdarlığımı bildirib, sizdən bir şey xahiş edirəm, oxuyub qurtarandan sonra "Hə nə olsun...” deməyin!

P.S. Bütün bu çətinliklərə baxmayaraq, rahat yollarla işıqlı sabaha addımlayacaqlarına inamı olan Neftçala sakinlərini Yeni il, Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə təbrik edir, yeni ildə köhnə problemlərlə qarşılaşmamalarını arzu edirəm!